|
|
|
|

"Bu gün ölkəmizdə 9 İyul - Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı qeyd olunur. Azərbaycan Prezidentinin müəyyən etdiyi dövlətimizin siyasi kursunun dünya miqyasında icra olunması və təşviqi diplomatlarımızın üzərinə düşən çox mühüm vəzifədir. Onların əksəriyyəti uzun illər Vətəndən uzaqda, qürbətdə yaşayaraq bu məsuliyyətli xidməti yerinə yetirir".
525.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib.
O bildirib ki, Azərbaycan diplomatiyasının bugünkü uğurlarının təməlində Ümummilli Lider Heydər Əliyevin xarici siyasət strategiyası dayanır və bu xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə layiqincə, böyük məharətlə davam etdirilir.
G.Əfəndiyeva ötən ay Milli Məclisdə “Diplomatik xidmət haqqında” qanun layihəsinin qəbul olunmasına diqqət çəkərək vurğulayıb: “Qanun layihəsi Azərbaycanın xarici siyasətinin inkişafına töhfə verən insanların - diplomatlarımızın fəaliyyətinə dövlətimizin mühüm dəstəyini nümayiş etdirdi. Diplomatik xidmət ölkənin milli maraqlarının qorunması və etibarlı şəkildə təmsil olunması üçün fədakarlıq tələb edən bir peşə sahəsidir. Ona görə də diplomatlarımızın və onların ailə üzvlərinin rifahının daha da yaxşılaşdırılması bu missiyanın effektivliyi və davamlılığı üçün olduqca vacib bir addımdır”.
Deputat bu il ölkəmizin müstəqilliyinin 108 illiyinin fərqli qitələrdə diplomatlarımızın aktiv təşkilatçılığı ilə qeyd olunduğunu xatırladaraq deyib: “Müxtəlif ölkələrdə dövlət rəsmilərinin iştirakı ilə keçirilən silsilə tədbirlərdə milli mədəniyyətimiz, musiqimiz, incəsənətimiz, xalçaçılığımız, milli mətbəximiz geniş auditoriyalara təqdim edildi. Ölkəmizin zəngin dövlətçilik irsi, mədəni siması tanıdılarkən, eyni zamanda, diplomatik gücü də sərgiləndi. Şübhəsiz ki, Azərbaycanın uğurlu xarici siyasəti Prezidentin formalaşdırdığı beynəlxalq nüfuz üzərində gündən-günə daha da yüksəlməkdədir”.
Günay Əfəndiyeva Bakıda ard-arda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası, 31-ci Bakı Enerji Həftəsi, “Türk Dünyası Həftəsi” kimi beynəlxalq miqyaslı tədbirlərin əlaqələrimizin ən üstün səviyyəsini ifadə etdiyini vurğulayıb. Bildirib ki, digər tərəfdən, son dövrlərdə regionda baş verən mürəkkəb hadisələr fonunda dövlətimiz yaxın qonşuluqda yaranmış çətin şəraitdə bəzən münasibətlərdən asılı olmayaraq, müxtəlif ölkələrin vətəndaşlarının təhlükəsiz şəkildə təxliyə edilməsi prosesində mühüm rol oynadı. Azərbaycan diplomatiyası universal dəyərlərə, humanizmə sadiqdir. Ölkəmiz nəinki qonşu ölkələrə, ümumiyyətlə, ehtiyacı olanlara hər zaman yardım əlini uzadır. Çünki Azərbaycanın humanitar siyasəti insan amilinə, həyatların xilas edilməsinə əsaslanır.



