|
|
|
|

Arif HƏŞİMOV
Akademik
Bəzən elə yazılarla qarşılaşırıq ki, onları sadəcə oxumaqla kifayətlənmək olmur. Onlar oxucunu düşünməyə, müəlliflə daxili dialoqa girməyə, irəli sürülən fikirləri elmi və fəlsəfi baxımdan təhlil etməyə sövq edir. Milli Məclisin deputatı Sadiq Qurbanovun "Ziyalı: tarix, dövlətçilik və milli məsuliyyət" adlı məqaləsi məndə də məhz belə təəssürat yaratdı. Məqalənin ideya yükü, tarixə və dövlətçiliyə sistemli yanaşması, ziyalı anlayışına verdiyi fəlsəfi məzmun, eləcə də klassik irslə müasir inkişaf çağırışları arasında qurduğu məntiqi əlaqə məni bu yazı haqqında ayrıca fikir bölüşməyə vadar etdi. Bu yazını qələmə almaqda məqsədim müəllifin mövqeyini təkrar etmək deyil, onun irəli sürdüyü konseptual yanaşmaları elmi baxımdan təhlil etmək, onların Azərbaycan dövlətçilik düşüncəsi və ziyalılıq ənənələrinin inkişafı kontekstində əhəmiyyətini dəyərləndirməkdir.
Müasir dövrdə ictimai-siyasi publisistikanın qarşısında duran əsas vəzifələrdən biri təkcə gündəlik hadisələri şərh etmək deyil, həm də cəmiyyətin strateji inkişafını müəyyən edən ideya istiqamətlərini elmi əsaslarla izah etməkdir. Belə yazılar zamanın informasiya axınında itib-batmır, əksinə, milli düşüncənin formalaşmasına xidmət edən konseptual mətnlər kimi yadda qalır. Milli Məclisin deputatı Sadiq Qurbanovun qələmə aldığı və ziyalılıq fenomenini dövlətçilik düşüncəsinin əsas dayaqlarından biri kimi təqdim edən məqalə də məhz bu qəbildən olan əsərlər sırasına daxildir.
Müəllif mövzuya yalnız tarixi faktların sadalanması prizmasından yanaşmır. O, bəşər sivilizasiyasının inkişaf yolunu, dövlət institutlarının formalaşmasını, mənəvi dəyərlərin təkamülünü və ziyalı institutunun təşəkkülünü vahid fəlsəfi sistem daxilində təqdim etməyə çalışır. Bu baxımdan məqalə klassik publisistik yazı çərçivəsini aşaraq tarixi, fəlsəfi və dövlətçilik düşüncəsinin sintezindən yaranan konseptual bir araşdırma təsiri bağışlayır.
Xüsusilə diqqəti cəlb edən məqamlardan biri müəllifin hadisələrə xronoloji ardıcıllıqla deyil, ideyaların inkişaf xətti prizmasından yanaşmasıdır.
Məqalədə peyğəmbərlərdən başlayan mənəvi məktəb, antik fəlsəfə, Şərq mütəfəkkirlərinin irsi, Nizami Gəncəvinin dövlətçilik konsepsiyası, Azərbaycan maarifçiliyi, milli dövlətçilik ideologiyası və müasir Azərbaycanın inkişaf strategiyası bir-birindən ayrı epizodlar kimi deyil, vahid intellektual prosesin mərhələləri kimi təqdim edilir. Bu metodoloji yanaşma müəllifin əsas ideyasını daha aydın göstərir: tarix dəyişsə də, dövləti yaşadan əsas qüvvə hər zaman düşüncə olmuşdur.
Məqalənin ən mühüm cəhətlərindən biri də "ziyalı" anlayışının ənənəvi çərçivədən çıxarılmasıdır. Müəllif ziyalını diplom, vəzifə və ya ictimai statusla deyil, vicdan, bilik, mənəvi məsuliyyət və dövlət qarşısında vətəndaş mövqeyi ilə müəyyənləşdirir. Bu yanaşma Azərbaycan ziyalılığı haqqında indiyədək formalaşmış təsəvvürlərə yeni nəzəri çalar gətirir və anlayışın mahiyyətini daha geniş müstəvidə təqdim edir.
Məqaləni oxuyarkən belə qənaət yaranır ki, müəllifin əsas məqsədi yalnız keçmişi xatırlatmaq deyil, tarixi təcrübədən çıxış edərək müasir Azərbaycan üçün intellektual inkişaf modelini əsaslandırmaqdır. Bu modelin mərkəzində isə elm, mənəviyyat, dövlətçilik təfəkkürü və ziyalı məsuliyyəti dayanır. Təsadüfi deyildir ki, yazının əvvəlindən sonunadək Nizami Gəncəvinin "Qüvvət elmdədir..." hikməti ideya xətti kimi qorunur və bütün mülahizələrin məntiqi yekununa çevrilir.
Beləliklə, Sadiq Qurbanovun bu məqaləsi yalnız bir publisistik çıxış deyil, Azərbaycan dövlətçilik fikir tarixinin mühüm istiqamətlərini ümumiləşdirən, ziyalı institutunun mahiyyətini yenidən dəyərləndirən və müasir dövrün çağırışları fonunda elmin, təhsilin və milli düşüncənin rolunu əsaslandıran konseptual mətn kimi qiymətləndirilə bilər. Məhz bu baxımdan onun elmi-analitik müstəvidə təhlili aktual və zəruri görünür.
Ziyalılıq anlayışının fəlsəfi mahiyyəti
Sadiq Qurbanovun məqaləsini fərqləndirən başlıca cəhətlərdən biri müəllifin "ziyalı" anlayışına yanaşma tərzidir. Azərbaycan ictimai fikrində uzun illər bu anlayış daha çox təhsil, peşə və ya ictimai status kontekstində izah edilmişdir. Müəllif isə məsələyə daha dərin fəlsəfi müstəvidən yanaşaraq ziyalılığı sadəcə sosial təbəqə kimi deyil, cəmiyyətin mənəvi inkişafını təmin edən tarixi institut kimi təqdim edir. Bu yanaşma yazının ideya yükünü müəyyən edən əsas istiqamətlərdən biridir.
Diqqətəlayiq haldır ki, müəllif ziyalılığın başlanğıcını müasir dövrdən və ya milli maarifçilik hərəkatından deyil, bəşər sivilizasiyasının mənəvi başlanğıcından götürür. Peyğəmbərlərin yaratdığı mənəvi məktəb, vicdanın oyanışı, qanunun müqəddəsliyi, ədalətin cəmiyyət həyatının mərkəzinə gətirilməsi və biliyə ehtiramın formalaşdırılması müəllif tərəfindən ziyalılığın ilkin təməli kimi qiymətləndirilir. Bu metodoloji yanaşma təsadüfi deyil. Burada müəllif göstərmək istəyir ki, ziyalı anlayışı hər hansı peşənin deyil, insanlığın mənəvi inkişaf tarixinin məhsuludur.
Məqalənin bu hissəsini oxuyarkən müəllifin diqqəti daha çox dörd fundamental anlayış üzərində cəmləşdirdiyi aydın görünür: vicdan, ədalət, elm və məsuliyyət. Əslində, bu anlayışlar sonrakı bütün mülahizələrin də fəlsəfi əsasını təşkil edir. Ziyalını ziyalı edən onun biliyinin həcmi deyil, həmin biliyin hansı mənəvi məqsədə xidmət etməsidir. Müəllif də məhz bunu ön plana çıxararaq biliklə vicdanın ayrılmaz vəhdətini ziyalılığın əsas meyarı kimi təqdim edir.
Bu baxımdan müəllifin seçdiyi tarixi ardıcıllıq da xüsusi maraq doğurur. Konfutsi, Sokrat, Platon, Aristotel, Əl-Fərabi, İbn Sina və Nəsirəddin Tusi kimi dünya fikir tarixinin görkəmli nümayəndələri müxtəlif coğrafiyalarda yaşamış, fərqli məktəblərə mənsub olmuşlar. Lakin müəllif onların hamısını vahid ideya xətti ətrafında birləşdirə bilir. Həmin ortaq xətt isə dövlətin gücünün ilk növbədə insanın mənəvi kamilliyi və intellektual inkişafı üzərində qurulması fikridir. Bu, məqalənin elmi məntiqini gücləndirən mühüm cəhətlərdəndir.
Xüsusilə qeyd edilməlidir ki, müəllif fəlsəfi məktəbləri sadəcə tarixdən gətirilən nümunələr kimi təqdim etmir. Əksinə, həmin ideyaların müasir dövlətçilik nəzəriyyəsi ilə əlaqəsini göstərməyə çalışır. Konfutsinin əxlaqi idarəçilik konsepsiyası, Sokratın həqiqət axtarışı, Platonun filosof-hökmdar modeli, Aristotelin vətəndaş cəmiyyəti haqqında baxışları, Fərabinin "fəzilətli şəhər" konsepsiyası və Tusinin əxlaq nəzəriyyəsi müəllif tərəfindən vahid dövlətçilik fəlsəfəsinin müxtəlif mərhələləri kimi şərh olunur. Bu isə yazını adi publisistikadan fərqləndirərək ona nəzəri dəyər qazandırır.
Məqalədə bu hissəsində diqqəti çəkən daha bir mühüm cəhət müəllifin ziyalılığı məktəb kimi təqdim etməsidir. Burada söhbət formal təhsil sistemindən getmir. Söhbət əsrlər boyu formalaşmış mənəvi-intellektual ənənədən gedir. Bu məktəbin əsasını peyğəmbərlər qoymuş, filosoflar inkişaf etdirmiş, alimlər zənginləşdirmiş, maarifçilər isə cəmiyyətə çatdırmışlar. Belə yanaşma ziyalılığı yalnız fərdin xüsusiyyəti kimi deyil, xalqın tarixi yaddaşını yaşadan davamlı mənəvi institut kimi dəyərləndirməyə imkan verir. Bu baxımdan müəllifin yanaşması həm nəzəri, həm də metodoloji baxımdan maraq doğurur.
Məqalənin sonunda verilən ziyalı tərifi isə əslində bütün bu konsepsiyanın məntiqi yekunudur. Müəllif yazır ki, ziyalı diplomu və ya vəzifəsi ilə seçilən insan deyil; o, biliyini vicdanla birləşdirən, xalqının tarixini dərindən bilən, dövlətinə məsuliyyət hissi ilə yanaşan, həqiqəti şəxsi maraqlardan üstün tutan şəxsdir. Bu fikir təkcə publisistik mülahizə deyil, həm də müasir Azərbaycan ziyalılığı haqqında irəli sürülmüş konseptual tezis kimi qiymətləndirilə bilər. Əsl ziyalı cəmiyyətə yalnız informasiya vermir, onun mənəvi kompasına çevrilir; dövlətin intellektual dayağını möhkəmləndirir və gələcək nəsillərin düşüncə istiqamətini müəyyənləşdirir.
Beləliklə, məqalənin bu hissəsi göstərir ki, müəllif üçün ziyalı anlayışı tarixi şəxsiyyətlərin sadalanması ilə məhdudlaşmır. O, ziyalılığı insanın mənəvi kamilliyini, elmi potensialını və dövlət qarşısında məsuliyyətini özündə birləşdirən bütöv fəlsəfi kateqoriya kimi təqdim edir. Məhz bu yanaşma məqalənin ideya yükünü artırır və onu müasir dövlətçilik düşüncəsi haqqında yazılmış diqqətəlayiq analitik mətnlər sırasına daxil edir.
Dövlətçilik fəlsəfəsinin tarixi inkişafı və Nizami Gəncəvi fenomeni
Sadiq Qurbanovun məqaləsinin diqqəti cəlb edən mühüm cəhətlərindən biri də müəllifin dövlətçilik tarixini yalnız siyasi hadisələrin ardıcıllığı kimi deyil, düşüncənin təkamülü kimi təqdim etməsidir. Bu baxış tarixə ənənəvi yanaşmadan fərqlənir. Burada dövlətin inkişafı iqtisadi və ya hərbi amillərlə deyil, ilk növbədə mənəvi-intellektual dəyərlərin formalaşması ilə əlaqələndirilir. Məhz buna görə müəllif bəşər sivilizasiyasının müxtəlif mərhələlərini vahid ideya xətti boyunca izləyərək dövlətçilik düşüncəsinin inkişaf trayektoriyasını göstərməyə nail olur.
Bu konseptual yanaşmanın ən maraqlı tərəfi ondan ibarətdir ki, müəllif qədim Şərq və Qərb fəlsəfi məktəblərini qarşı-qarşıya qoymur. Əksinə, onları insanın kamilləşməsi, cəmiyyətin təkmilləşməsi və dövlət institutlarının möhkəmlənməsi istiqamətində bir-birini tamamlayan mərhələlər kimi təqdim edir. Bu metodoloji yanaşma məqaləyə həm müqayisəli, həm də sistemli xarakter verir.
Məqalədə xüsusi yer ayrılan simalardan biri isə dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvidir. Bu təsadüfi seçim deyildir. Müəllif Nizamini yalnız klassik şair kimi təqdim etmir. O, Nizami irsində dövlət, hakimiyyət, ədalət, qanun, insan ləyaqəti və mənəvi məsuliyyət haqqında irəli sürülən ideyaları müasir dövlətçilik fəlsəfəsinin mühüm intellektual qaynaqlarından biri kimi qiymətləndirir.
Məhz burada müəllifin yanaşması xüsusi diqqətə layiqdir. Uzun illər Nizami Gəncəvi əsasən böyük söz ustası, romantik poemaların müəllifi kimi təqdim edilmişdir. Halbuki onun yaradıcılığında dövlət idarəçiliyi, hökmdarın məsuliyyəti, ədalətli cəmiyyət modeli, elmin nüfuzu və insanın mənəvi kamilliyi haqqında irəli sürülən fikirlər bütöv bir siyasi-fəlsəfi sistem təşkil edir. Sadiq Qurbanov da məhz bu istiqaməti ön plana çıxararaq Nizamini yalnız poeziyanın deyil, həm də dövlətçilik təfəkkürünün görkəmli nəzəriyyəçilərindən biri kimi dəyərləndirir.
Bu yanaşma xüsusilə qiymətlidir. Çünki klassik irsin müasir dövr üçün əhəmiyyəti onun yalnız bədii-estetik dəyərində deyil, həm də cəmiyyətin inkişafına istiqamət verən ideyalarındadır.
Məqalədə diqqət çəkən digər mühüm məqam isə elm amilinə verilən yüksək qiymətdir. Müəllif Nizaminin məşhur "Qüvvət elmdədir..." fikrini sadəcə aforizm kimi xatırlatmır. O, bu ideyanı müasir inkişaf modelinin əsas prinsiplərindən biri kimi təqdim edir. Bu, olduqca aktual yanaşmadır. XXI əsrdə dövlətlərin rəqabət üstünlüyünü müəyyən edən əsas amil artıq təbii sərvətlər deyil, bilik, innovasiya və insan kapitalıdır. Belə şəraitdə klassik hikmətlə müasir inkişaf strategiyası arasında qurulan ideya körpüsü məqalənin nəzəri dəyərini daha da artırır.
Təqdim olunmuş "İnsan, cəmiyyət və dövlət haqqında fəlsəfə yaratdı" ifadəsi də məhz bu kontekstdə xüsusi məna daşıyır. Bu fikir, əslində, Sadiq Qurbanovun məqaləsinin metodoloji mahiyyətini açır. Müəllif klassik irsi keçmişin mədəni sərvəti kimi deyil, bugünkü dövlət quruculuğu və milli inkişaf üçün yaşayan intellektual mənbə kimi təqdim edir. Bu yanaşma tarixə münasibətdə yaradıcı baxışın nümunəsidir.
Məqalədə Şərq hikmət məktəbinə verilən qiymət də xüsusi diqqətə layiqdir. Əl-Fərabi, İbn Sina, Nəsirəddin Tusi və digər mütəfəkkirlərin irsi müəllif tərəfindən yalnız fəlsəfi biliklər toplusu kimi deyil, insanı kamilləşdirən, cəmiyyətdə ədaləti möhkəmləndirən və dövlətin mənəvi dayaqlarını formalaşdıran ideyalar sistemi kimi təqdim edilir. Beləliklə, müəllif göstərir ki, elm və hikmət tarix boyu dövlətçilik mədəniyyətinin ayrılmaz tərkib hissəsi olmuşdur.
Bu baxımdan Sadiq Qurbanovun məqaləsində diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri klassik irslə müasir dövlətçilik arasında üzvi əlaqənin qurulmasıdır. Müəllif oxucunu inandırmağa çalışır ki, dövlət yalnız hüquqi və inzibati institutlardan ibarət deyil; onun davamlılığını təmin edən əsas amil cəmiyyətin mənəvi və intellektual potensialıdır. Bu potensialın daşıyıcısı isə hər dövrdə ziyalı olmuşdur.
Nəticə etibarilə, məqalənin bu hissəsi müəllifin tarixə və dövlətçiliyə baxışının əsas konturlarını ortaya qoyur. Burada klassik irs nostalji obyektinə çevrilmir, əksinə, müasir Azərbaycanın inkişaf strategiyasını mənalandıran mühüm ideya qaynağı kimi təqdim olunur. Bu isə yazının publisistik çərçivəni aşaraq elmi-fəlsəfi məzmun kəsb etməsini şərtləndirən başlıca amillərdəndir.
"91-lər" fenomeni: ziyalı məsuliyyətinin dövlətçilik müstəvisində təcəssümü
Sadiq Qurbanovun məqaləsinin mühüm üstünlüklərindən biri də ondan ibarətdir ki, müəllif ziyalılıq anlayışını yalnız nəzəri-fəlsəfi müstəvidə izah etməklə kifayətlənmir, onu konkret tarixi hadisələr fonunda da əsaslandırır. Bu baxımdan 1992-ci ildə Azərbaycanın tanınmış ziyalılarının Ulu Öndər Heydər Əliyevə ünvanladıqları müraciətin xatırladılması xüsusi məna daşıyır.
Azərbaycanın müstəqilliyinin ilk illəri tariximizin ən mürəkkəb və məsuliyyətli mərhələlərindən biri olmuşdur. Dövlət institutlarının hələ tam formalaşmadığı, siyasi qeyri-sabitliyin dərinləşdiyi, Ermənistanın hərbi təcavüzünün geniş vüsət aldığı, cəmiyyətin ciddi sosial və mənəvi sarsıntılar yaşadığı bir dövrdə milli ziyalılığın üzərinə düşən məsuliyyət daha da artırdı. Belə bir şəraitdə 91 ziyalının müraciəti yalnız siyasi təşəbbüs deyil, milli məsuliyyət hissindən doğan tarixi mövqe idi.
Bu hadisənin mahiyyəti müəllif tərəfindən düzgün dəyərləndirilir. Çünki həmin müraciət hər hansı siyasi qrupun maraqlarını deyil, dövlətçiliyin qorunmasını əsas prioritet kimi müəyyənləşdirirdi. Ziyalılar hadisələrə müşahidəçi mövqeyindən yanaşmadılar; onlar ölkənin gələcəyi naminə məsuliyyəti öz üzərlərinə götürdülər. Məhz bu xüsusiyyət həmin müraciəti Azərbaycan siyasi tarixində fərqləndirən əsas cəhətlərdən biridir.
Tarix göstərir ki, ziyalı missiyası yalnız elm yaratmaq, kitab yazmaq və ya auditoriyada mühazirə oxumaqdan ibarət olmamışdır. Həqiqi ziyalı milli taleyin həll olunduğu məqamlarda ictimai məsuliyyət nümayiş etdirə bilməlidir. Sadiq Qurbanovun məqaləsində də bu fikir ardıcıl şəkildə inkişaf etdirilir. Müəllif göstərir ki, bilik vicdanla, vicdan isə dövlət qarşısında məsuliyyət hissi ilə tamamlanmadıqda ziyalılıq öz mahiyyətini itirir.
Bu yanaşma akademik baxımdan da maraqlıdır. Dünya siyasi fikir tarixində ziyalı anlayışı müxtəlif formalarda izah edilmişdir. Lakin onların əksəriyyətini birləşdirən ortaq cəhət ictimai məsuliyyət prinsipidir. Fransız maarifçilərindən başlayaraq XX əsrin böyük filosoflarına qədər ziyalı hər zaman cəmiyyət qarşısında mənəvi öhdəlik daşıyan şəxs kimi qəbul edilmişdir. Azərbaycan tarixində "91-lər" hadisəsi bu ümumbəşəri prinsipin milli təzahürü kimi qiymətləndirilə bilər.
Qeyd edilməlidir ki, həmin müraciət təkcə Yeni Azərbaycan Partiyasının yaranmasına aparan yolun başlanğıcı deyil, eyni zamanda Azərbaycan ziyalısının dövlətçilik məsuliyyətinin tarixi ifadəsi idi. Ziyalıların məqsədi hakimiyyət uğrunda mübarizə aparmaq deyil, dövlətin gələcəyini təhlükədən xilas etmək idi.
Bu baxımdan Sadiq Qurbanovun yanaşması diqqətəlayiqdir. Müəllif "91-lər" hadisəsini ayrıca siyasi epizod kimi deyil, məqalə boyunca formalaşdırdığı ziyalı konsepsiyasının praktik təzahürü kimi təqdim edir. Yazının əvvəlində peyğəmbərlərdən, filosoflardan, alimlərdən danışılırsa, sonrakı mərhələdə həmin mənəvi xətt müasir Azərbaycan tarixində konkret davranış modeli kimi göstərilir. Beləliklə, nəzəri fikir tarixi faktla tamamlanır və müəllifin ideya sistemi bütövləşir.
Ulu Öndər Heydər Əliyevin ziyalılara münasibəti də bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyev dəfələrlə vurğulamışdır ki, xalqın inkişafını təmin edən əsas qüvvə onun intellektual potensialı və milli ziyalı təbəqəsidir. Elmin, təhsilin və milli düşüncənin inkişafına göstərilən ardıcıl dövlət qayğısı da bu baxışın praktik ifadəsi olmuşdur. Vurğulanmalıdır ki, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesində ziyalı amilinin strateji resurs kimi göstərilməsi məqsədəuyğun olardı.
Məhz buna görə Sadiq Qurbanovun məqaləsində "91-lər" mövzusuna müraciət sadəcə tarixi faktın xatırladılması deyil. Bu, müəllifin əsas tezisinin məntiqi davamıdır: dövlətlərin taleyini yalnız siyasi institutlar deyil, eyni zamanda məsuliyyətli düşüncə və milli ziyalılıq müəyyən edir. Bu fikir məqalənin fəlsəfi yükünü artırmaqla yanaşı, onun müasir ictimai fikir üçün aktuallığını da gücləndirir.
Beləliklə, "91-lər" fenomeni müəllif tərəfindən yalnız siyasi tariximizin mühüm hadisəsi kimi deyil, Azərbaycan ziyalısının vətəndaşlıq mövqeyinin, milli təfəkkürünün və dövlətçilik məsuliyyətinin parlaq nümunəsi kimi təqdim olunur. Bu yanaşma məqalənin konseptual bütövlüyünü təmin edən mühüm komponentlərdən biridir və müəllifin ziyalılıq haqqında irəli sürdüyü nəzəri müddəaların tarixi faktlarla uzlaşdığını göstərir.
Güclü düşüncədən güclü dövlətə: müasir dövrdə ziyalının missiyası
Sadiq Qurbanovun məqaləsini oxuyarkən diqqətimi xüsusi cəlb edən məqamlardan biri müəllifin müasir dövrə keçidi necə əsaslandırması oldu. Əslində, o, tarixdən danışmır; tarix vasitəsilə bugünkü Azərbaycan haqqında düşünür. Məhz buna görə də məqalənin son hissələri əvvəlki bölmələrin sadə davamı deyil, onların məntiqi nəticəsi təsiri bağışlayır. Müəllif sanki oxucunu əsrlər boyu davam edən fikir yolundan keçirərək bir həqiqətə gətirib çıxarır: dövlətlərin taleyini ilk növbədə düşüncə müəyyən edir.
Fikrimizcə, oxucuya ən düşündürücü görünən məqam "Güclü düşüncə" ifadəsinin xüsusi vurğulanmasıdır. Bu, təsadüfi qeyd deyil. Məncə, müəllifin bütün məqaləsini bir cümlədə ifadə etmək lazım gəlsə, məhz bu anlayış kifayət edərdi. Çünki yazının əvvəlindən sonuna qədər gətirilən tarixi nümunələr, klassik mütəfəkkirlərin fikirləri, maarifçilik hərəkatı, milli dövlətçilik ənənələri və nəhayət, müasir Azərbaycanın inkişaf strategiyası eyni ideyanı təsdiq edir: güclü dövlət yalnız güclü düşüncə üzərində yüksələ bilər.
Burada diqqəti cəlb edən başqa bir cəhət də müəllifin elmə münasibətidir. O, elmi yalnız akademik fəaliyyət sahəsi kimi təqdim etmir. Elm müəllif üçün milli təhlükəsizliyin, iqtisadi inkişafın, texnoloji tərəqqinin və dövlət müstəqilliyinin əsas təminatıdır. Xüsusilə süni intellekt, rəqəmsal texnologiyalar, innovasiya və insan kapitalı haqqında söylənilən fikirlər göstərir ki, müəllif müasir dünyanın inkişaf meyillərini düzgün qiymətləndirir və Azərbaycan ziyalısının qarşısında yeni vəzifələr müəyyənləşdirir.
Bu məqam mənə Ulu Öndər Heydər Əliyevin tez-tez səsləndirdiyi bir fikri xatırlatdı: "Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır." Bu fikir əslində Sadiq Qurbanovun məqaləsinin ideya ruhu ilə səsləşir. Müəllif də göstərməyə çalışır ki, təbii sərvətlər, iqtisadi imkanlar və ya hərbi qüdrət dövlətin gücünü müəyyən edən vacib amillər olsa da, onların hamısını hərəkətə gətirən əsas qüvvə intellektual potensialdır.
Məqalənin bu hissəsində diqqətimi çəkən daha bir cəhət ziyalının funksiyasının yeni dövrün çağırışları fonunda izah edilməsidir. Müəllif haqlı olaraq qeyd edir ki, informasiya müharibələrinin geniş vüsət aldığı, tarixin saxtalaşdırıldığı, dezinformasiyanın sürətlə yayıldığı bir şəraitdə ziyalı yalnız bilik sahibi olmaqla kifayətlənə bilməz. O, cəmiyyətin düşüncə təhlükəsizliyini qoruyan mənəvi sipərə çevrilməlidir. Mən bu yanaşmanı olduqca aktual hesab edirəm. Çünki XXI əsrdə milli maraqların qorunması artıq yalnız siyasi və hərbi müstəvidə deyil, həm də elmi, informasiya və ideoloji müstəvidə aparılır.
Məhz burada müəllifin "ziyalı" anlayışına verdiyi tərif özünün ən yüksək məntiqi nəticəsinə çatır. Yazının əvvəlində vicdan, ədalət, elm və məsuliyyət kimi təqdim olunan anlayışlar son nəticədə vahid bir modelə çevrilir. Məncə, müəllifin ən böyük uğurlarından biri də budur. O, ziyalını abstrakt anlayış kimi təqdim etmir; onu dövlətin inkişaf strategiyasının fəal iştirakçısı kimi görür. Belə bir yanaşma müasir dövrdə ziyalılığın mahiyyətini yenidən düşünmək üçün ciddi əsas yaradır.
Məqalənin son cümlələrindən biri isə mənə görə bütöv yazının fəlsəfi yekunudur. Müəllif yazır ki, "Güclü dövlət güclü düşüncə üzərində yüksəlir. Güclü düşüncənin müəllifi isə ziyalıdır." Bu fikir sadəcə publisistik aforizm deyil. O, bütün məqalənin ideya yükünü özündə cəmləşdirən konseptual nəticədir. Məhz bu fikir xüsusi olaraq qeyd edilməlidir. Çünki məqalənin əvvəlindən sonuna qədər qurulan bütün məntiqi zəncir məhz bu nəticəyə xidmət edir.
Beləliklə, Sadiq Qurbanovun məqaləsi oxucunu bir daha inandırır ki, güclü iqtisadiyyatın, müasir ordunun, inkişaf etmiş dövlət institutlarının arxasında ilk növbədə sağlam düşüncə, yüksək intellekt və milli məsuliyyət dayanmalıdır. Bu dəyərləri yaşadan isə hər dövrdə olduğu kimi bu gün də ziyalıdır. Məhz buna görə müəllifin irəli sürdüyü tezislər yalnız bu gün üçün deyil, gələcək nəsillərin dövlətçilik təfəkkürünün formalaşması baxımından da əhəmiyyətini qoruyacaqdır.
Metodoloji yanaşma
Sadiq Qurbanovun məqaləsini təhlil edərkən onu yalnız uğurlu publisistik nümunə kimi qiymətləndirmək kifayət etmir. Məncə, yazının əsas üstünlüyü müəllifin seçdiyi metodoloji yanaşmadadır. Müasir publisistikada tarixi faktların sadəcə xronoloji ardıcıllıqla təqdim edilməsi tez-tez rast gəlinən haldır. Bu məqalədə isə fərqli metod seçilmişdir. Müəllif hadisələri deyil, ideyaların inkişafını izləyir; tarixi şəxsiyyətləri deyil, onların formalaşdırdığı düşüncə sistemini ön plana çıxarır. Məhz bu xüsusiyyət məqaləyə konseptual xarakter qazandırır.
Müəllifin istifadə etdiyi tarixi ardıcıllıq təsadüfi seçilməmişdir. Peyğəmbərlərdən başlayan mənəvi məktəb antik fəlsəfə ilə zənginləşir, Şərq hikmətində yeni məzmun qazanır, Nizami Gəncəvinin yaradıcılığında milli dövlətçilik düşüncəsi ilə vəhdət təşkil edir, XIX əsr maarifçilərinin fəaliyyətində ictimai məzmun alır, XX əsrdə isə Azərbaycan dövlətçiliyinin siyasi təcrübəsinə çevrilir. Bu ardıcıllıq oxucuda təsəvvür yaradır ki, ziyalılıq birdən-birə yaranmış sosial hadisə deyil, əsrlər boyu formalaşan böyük mənəvi ənənənin davamıdır.
Mənim diqqətimi cəlb edən mühüm cəhətlərdən biri də müəllifin elm, əxlaq və dövlətçilik anlayışlarını bir-birindən ayırmamasıdır. Müasir elmi ədəbiyyatda bu anlayışlar əksər hallarda ayrıca tədqiqat obyektinə çevrilir. Sadiq Qurbanov isə onları vahid sistem daxilində təqdim edir. Bu baxımdan məqalədə irəli sürülən "elm-vicdan-məsuliyyət-dövlətçilik" xətti müəllifin konseptual yanaşmasının əsasını təşkil edir.
Diqqətimi məhz bu sistemlilik cəlb etmişdir. "Vicdan", "ədalət", "elm", "güclü düşüncə" kimi anlayışların xüsusi qeyd olunması təsdiq edir ki, məqalənin ideya mərkəzi ayrı-ayrı tarixi faktlarda deyil, həmin faktları birləşdirən fəlsəfi məntiqdədir. Məncə, müəllifin ən mühüm uğuru da məhz budur. O, oxucunu faktlarla yormur, faktlardan istifadə edərək düşünməyə sövq edir.
Məqalənin daha bir üstün cəhəti müəllifin klassik irslə müasir inkişaf strategiyası arasında üzvi əlaqə yarada bilməsidir. Bu gün rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya və insan kapitalı haqqında danışarkən Nizaminin "Qüvvət elmdədir..." fikrini xatırlatmaq sadəcə bədii paralel deyil. Bu, müəllifin göstərmək istədiyi mühüm metodoloji nəticədir: zaman dəyişsə də, inkişafın fundamental prinsipləri dəyişmir. Dövlətin qüdrəti yenə də biliyə, elmi təfəkkürə və mənəvi məsuliyyətə söykənir.
Bütün bunlar deməyə əsas verir ki, Sadiq Qurbanovun məqaləsi yalnız geniş oxucu auditoriyası üçün yazılmış publisistik mətn deyil. O, Azərbaycan dövlətçilik düşüncəsi, ziyalılıq fenomeni və milli inkişaf konsepsiyası istiqamətində aparılacaq gələcək elmi araşdırmalar üçün də maraqlı metodoloji yanaşma ortaya qoyur. Bu xüsusiyyət məqalənin elmi dəyərini artıran mühüm amillərdən biridir.
Ziyalının ali ictimai missiyası
Sadiq Qurbanovun təqdim etdiyi bu məqalə ilə tanış olduqdan sonra belə bir qənaət formalaşır ki, müəllif qarşısına yalnız tarixi faktları xatırlatmaq və ya ziyalılıq haqqında növbəti publisistik yazını təqdim etmək məqsədi qoymamışdır. O, daha mürəkkəb və məsuliyyətli bir vəzifəni yerinə yetirməyə çalışmışdır – Azərbaycan dövlətçilik düşüncəsinin intellektual qaynaqlarını göstərmək, bu düşüncənin əsrlər boyu keçdiyi inkişaf yolunu izləmək və müasir dövrdə ziyalının missiyasını yenidən dəyərləndirmək.
Məqalənin əsas üstünlüyü də məhz bundadır. Müəllif tarixi şəxsiyyətləri, fəlsəfi məktəbləri, maarifçilik hərəkatını, milli dövlətçilik ənənələrini və müasir inkişaf strategiyasını bir-birindən təcrid olunmuş hadisələr kimi təqdim etmir. Əksinə, onların hamısını vahid ideya xətti ətrafında birləşdirərək oxucuya göstərir ki, dövlətçiliyin ən möhkəm dayağı silah və sərvət deyil, sağlam düşüncə, yüksək elm və mənəvi məsuliyyətdir.
Məqaləni oxuduqca müəllifin Nizami Gəncəvinin məşhur "Qüvvət elmdədir..." kəlamını yazının epiqrafı kimi seçməsinin təsadüfi olmadığı aydın görünür. Əslində, bu iki misra bütöv məqalənin ideya açarıdır. Yazının əvvəlindən sonuna qədər irəli sürülən bütün mülahizələr həmin fikrin elmi və tarixi əsaslandırılmasına xidmət edir. Bu baxımdan müəllif klassik irslə müasir inkişaf konsepsiyası arasında məntiqi və inandırıcı əlaqə yaratmağa nail olmuşdur.
Mənim diqqətimi xüsusilə cəlb edən məqam isə müəllifin ziyalı anlayışına verdiyi məzmundur. O, ziyalılığı nə vəzifə ilə, nə diplomla, nə də ictimai nüfuzla ölçür. Müəllif üçün ziyalı biliyini vicdanla birləşdirən, həqiqəti şəxsi maraqlardan üstün tutan, xalqının tarixi yaddaşını qoruyan və dövlət qarşısında məsuliyyət hissi daşıyan şəxsiyyətdir. Mən hesab edirəm ki, məqalənin ən sanballı elmi nəticəsi də məhz bu yanaşmadır. Çünki burada ziyalılıq sosial status deyil, mənəvi məsuliyyət kateqoriyası kimi təqdim olunur.
Müəllifin "91-lər" hadisəsinə müraciəti də bu konsepsiyanın məntiqi davamıdır. Burada söhbət yalnız müəyyən tarixi hadisənin xatırlanmasından getmir. Məqalədə həmin müraciət Azərbaycan ziyalısının milli dövlət qarşısında məsuliyyət hissinin tarixi nümunəsi kimi təqdim olunur. Bu yanaşma yazının nəzəri müddəalarını konkret tarixi faktlarla tamamlayır və müəllifin ümumi konsepsiyasını daha da möhkəmləndirir.
Bu gün dünya tamamilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Süni intellekt, rəqəmsal texnologiyalar, böyük verilənlər, innovasiya və insan kapitalı dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərə çevrilmişdir. Belə bir dövrdə elmə, təhsilə və ziyalı potensialına münasibət artıq təkcə mədəniyyət məsələsi deyil, milli təhlükəsizlik və strateji inkişaf məsələsidir. Sadiq Qurbanovun məqaləsi də məhz bu həqiqəti oxucuya çatdırmağa çalışır və bunu tarixi faktlarla, fəlsəfi arqumentlərlə əsaslandırır.
Sonda bir məqamı xüsusi vurğulamaq istərdim. Məqalənin son cümləsi — "Güclü dövlət güclü düşüncə üzərində yüksəlir. Güclü düşüncənin müəllifi isə ziyalıdır" — sadəcə uğurlu publisistik yekun deyil. Bu fikir bütöv məqalənin fəlsəfi nəticəsini ifadə edir. Məncə, müəllif bütün yazı boyu oxucunu məhz bu qənaətə gətirməyə çalışmışdır və buna nail olmuşdur.
Bu baxımdan Sadiq Qurbanovun məqaləsini müasir Azərbaycan publisistikasında ziyalılıq, elm və dövlətçilik münasibətlərinə həsr olunmuş diqqətəlayiq analitik nümunələrdən biri kimi qiymətləndirmək olar. Belə yazılar yalnız oxunmaq üçün deyil, həm də üzərində düşünmək, müzakirə etmək və gələcək elmin inkişafı naminə araşdırmalarda istinad nöqtəsi kimi istifadə etmək baxımından əhəmiyyətlidir. Çünki tarix dəyişir, texnologiyalar yenilənir, siyasi reallıqlar transformasiya olunur, lakin bir həqiqət dəyişməz qalır: dövlətlərin taleyini sonda onların düşüncə səviyyəsi müəyyən edir. Bu düşüncənin formalaşması və yaşadılması isə hər zaman ziyalıların üzərinə düşən ən ali ictimai missiya olmuşdur.



