|
|
|
|

“Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan hökumətləri ilə Brüsselin Cənubi Qafqazda nəqliyyat marşrutlarının inkişafına necə dəstək verə biləcəyini müzakirə edir”.
525.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono İrəvanda keçirilən brifinqdə deyib.
"Regionda dayanıqlı sülhün qurulmasındakı tərəqqi inanılmaz dərəcədə təsirlidir. Əlbəttə ki, biz Avropa İttifaqı olaraq, bu sülhün bütün insanlara fayda verən davamlı bir reallığa çevrilməsini təmin etmək üçün Ermənistan və Azərbaycan üçün güclü tərəfdaş olmağa çalışırıq", - Qrono söyləyib.
Aİ-nin xüsusi nümayəndəsi Brüsselin Ermənistan və Azərbaycan arasında sülh prosesini müxtəlif yollarla dəstəklədiyini vurğulayıb. O deyib ki, humanitar məsələlər, xüsusilə minalardan təmizləmə burda əsas rol oynayır.
Əlavə edib ki, Ermənistan hakimiyyəti, eləcə də azərbaycanlı tərəfdaşlarla marşrutların inkişafını necə dəstəkləmək barədə müzakirələr aparılır ki, bütün ölkələr burda iştirak etsin, marşrut boyunca yerləşən bütün sakinlər bundan faydalansın, eyni zamanda, Cənubi Qafqaz vasitəsilə Asiyanı Avropa ilə birləşdirən Aİ-nin prioriteti olan Orta Dəhliz layihəsinə əhəmiyyətli töhfə verə bilək.
Pərvanə Sultanova



