
Milli mətbuat tariximizdə elə imzalar var ki, onların qoyduğu irs zamanın deyil, əqidə və prinsiplərinin böyüklüyü ilə ölçülür. Onlar yalnız yaşadıqları dövrün salnaməsini yazmır, eyni zamanda, gələcək nəsillər üçün mənəviyyatın, vətənpərvərliyin və cəsarətin parlaq nümunəsinə çevrilirlər. Cəmi 37 illik ömrünə silinməz izlər sığdıran, sarsılmaz prinsipiallığı, peşəkarlığı və dövlətçilik amalına sadiqliyi ilə seçilən Mirzə Əsgərov da məhz Azərbaycan mətbuatının belə unudulmaz fədailərindəndir.
İyulun 7-də Azərbaycan Mətbuat Şurasında “Tusi” Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə tanınmış jurnalist, publisist və ictimai xadim Mirzə Əsgərovun anadan olmasının 70 illiyinə həsr edilmiş “Həqiqətin keşiyində bir ömür” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, media rəhbərləri, tanınmış jurnalistlər, ictimai xadimlər, Mirzə Əsgərovun ailə üzvləri və yaxınları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin, eləcə də Mirzə Əsgərovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Mirzə Əsgərovun Azərbaycan jurnalistikasında özünəməxsus yeri olduğunu vurğulayaraq bildirib ki, o, uzun illər peşə fəaliyyətində obyektivlik, vicdanlı mövqe, peşəkarlıq və həqiqətə sədaqət prinsiplərinə sadiq qalıb. Bildirib ki, Mirzə Əsgərov Azərbaycan Dövlət Universitetini (indiki BDU), Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası), Azərbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunu, Moskva şəhərində Mətbuat İşçiləri üçün Ümumittifaq İxtisasartırma Kursunu “Jurnalist sənətkarlığı” üzrə bitirib. 1983-cü ildə Bakı Dərin Dəniz Özülləri zavodunun “Xəzər-Kaspi” qəzetinə baş redaktor təyin olunub. Onun peşəkarlığı, işgüzarlığı sayəsində bu qəzet böyük nüfuz qazanıb, dəfələrlə respublika müsabiqələrində qalib olub, mükafatlara layiq görülüb.
“Tusi” Xeyriyyə Cəmiyyətinin sədri, professor Yəhya Babanlı çıxışında Mirzə Əsgərovun ömrünü sözə, həqiqətə və cəmiyyətin maariflənməsinə həsr etdiyini deyib. Qeyd edib ki, belə yubiley tədbirləri görkəmli media nümayəndələrinin irsinin yaşadılması və gələcək nəsillərə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, tanınmış yazıçı Xeyrəddin Qoca, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, "Xalq qəzeti"nin baş redaktorunun birinci müavini Hümbət Musayev, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və başqaları çıxış edərək, Mirzə Əsgərovun Azərbaycan jurnalistikasının inkişafına mühüm töhfələr verdiyini, cəsarətli mövqeyi, milli maraqlara sadiqliyi və peşəsinə bağlılığı ilə seçildiyini diqqətə çatdırıblar. Çıxışlarda Mirzə Əsgərovun ictimai fəaliyyəti, yüksək mənəvi keyfiyyətləri, vətəndaş mövqeyi və xalqa bağlılığından bəhs edilib.
Diqqətə çatdırılıb ki, o, 1987-ci ildən taleyini Azərinforma (indiki AZƏRTAC) bağlayıb. AZƏRTAC-ın Muğan bölgəsi, Naxçıvan Muxtar Respublikası üzrə müxbiri olub.
Ulu Öndər Heydər Əliyevin Naxçıvana qayıdışından sonra muxtar respublikada baş verən inqilabi dəyişikliklər, yeniliklər ovaxtkı Azərbaycan rəhbərliyi tərəfindən qısqanclıqla qarşılanırdı. Heydər Əliyev haqqında qərəzli və sifarişli məqalələr yazılır, Naxçıvanla bağlı həqiqətlər məqsədli şəkildə gizlədilirdi. Muxtar respublika, sözün əsl mənasında, informasiya blokadasında yaşayırdı. Mirzə Əsgərov belə çətin, mürəkkəb ictimai-siyasi şəraitdə AZƏRTAC-ın Naxçıvan müxbiri kimi fəaliyyət göstərirdi. Ümummilli Liderlə tez-tez görüşür, yaranmış problemlər barədə ona məlumat verir, məsləhətlər alırdı. Muxtar respublikanı informasiya blokadasından çıxarmaq məqsədilə 1992-ci ildə Ümummilli Liderin təşəbbüsü və xeyir-duası ilə Mirzə Əsgərov “Real” informasiya agentliyini və “Naxçıvan” qəzetini təsis edib.
Qeyd olunub ki, Mirzə Əsgərov məşhur “91-lər” sırasında yer alaraq Yeni Azərbaycan Partiyasının yaradılması prosesində fəal iştirak edib. Bu, sadəcə, siyasi seçim deyildi, bu, onun dövlətçiliyə, milli maraqlara və Azərbaycanın gələcəyinə olan inamının ifadəsi idi.
Həyat yolu qısa olsa da, Mirzə Əsgərov Azərbaycan jurnalistikasında silinməz iz qoyub. O, jurnalistikanı yalnız informasiya yaymaq vasitəsi kimi deyil, milli maraqların müdafiəçisi, cəmiyyətin vicdanı və dövlətçiliyin mühüm dayaqlarından biri kimi qəbul edirdi. Məhz buna görə də onun fəaliyyəti bu gün də peşəkarlıq, prinsipiallıq və vətəndaş məsuliyyəti nümunəsi kimi dəyərləndirilir.
Onun Azərbaycan milli mətbuatının inkişafındakı xidmətləri dövlət və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. O, “Həsən bəy Zərdabi”, “Qızıl qələm”, “Dan Ulduzu” mükafatlarına, Hacı Zeynalabdin Tağıyev adına “Fəxriyyə” diplomuna layiq görülüb.
Lakin Mirzə Əsgərovun qazandığı ən böyük mükafat diplomlar və fəxri adlar deyildi. Onun ən böyük mükafatı insanların etimadı idi. Bu etimadın ən parlaq ifadələrindən biri Ümummilli Lider Heydər Əliyevin Mirzə Əsgərov haqqında söylədiyi fikirlərdir. 1994-cü ildə Fransaya rəsmi səfəri ərəfəsində Azərbaycan Dövlət Televiziyasında jurnalistlərlə görüşü zamanı Ümummilli Lider onun cəsarətini, əqidəsinə sədaqətini və peşəkarlığını yüksək qiymətləndirərək demişdi: “Bütün jurnalistlərə və qələm sahiblərinə Mirzə Əsgərov kimi cəsarətli, əqidəli, sadiq olmağı tövsiyə edirəm. Belə insanlardan nümunə götürmək lazımdır”.
Natiqlər Mirzə Əsgərovun ömrünü həqiqətin, obyektiv sözün və milli mətbuatın inkişafına həsr etdiyini, ən mürəkkəb dövrlərdə belə peşə prinsiplərinə sadiq qaldığını bildirərək, onun zəngin irsinin gələcək jurnalist nəsilləri üçün dəyərli məktəb olduğunu vurğulayıblar.
Tədbirdə Mirzə Əsgərovun ömür yolundan və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Sonda Mirzə Əsgərovun ailəsi adından oğlu Araz Əsgərov çıxış edərək yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Mətbuat Şurasına, “Tusi” Xeyriyyə Cəmiyyətinə, eləcə də tədbirdə iştirak edən bütün qonaqlara səmimi minnətdarlığını ifadə edib.
Qeyd olunub ki, bu dəyirmi masa Mirzə Əsgərovun zəngin həyat və fəaliyyət yoluna, Azərbaycan jurnalistikasının inkişafına verdiyi mühüm töhfələrə göstərilən ehtiramın ifadəsi olmaqla yanaşı, milli mətbuatın şərəfli ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Tədbirdə bir qrup media nümayəndəsinə Azərbaycanda mətbuatın inkişafındakı və cəmiyyətin maarifləndirilməsi sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə "Tusi" Xeyriyyə Cəmiyyətinin "Jurnalist Mirzə Əsgərov adına Fəxri Diplomu" təqdim olunub ("Azərtac").









