
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
525.az-a nazirlikdən verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Xaçmaz, Quba, Qusar, Şabran və Siyazən rayonlarının icra hakimiyyətlərinin rəhbər şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, bələdiyyə sədrləri, “Aqroservis” ASC-nin nümayəndələri, polis əməkdaşları və sahibkarların iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.
Xaçmaz rayon Mədəniyyət evində keçirilmiş tədbirdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin rayonların ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah olunub, yerli idarəetmə orqanları tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.
Daha sonra taxıl biçilən sahədə xüsusi texnikalar vasitəsilə meşəətrafı və yolkənarı ərazilərin 6-8 metr enində şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.



