
“Palma yağı ucuz xammal olduğu üçün bütün dünyada tələbat çoxdur. Xüsusilə də qida sənayesində geniş istifadə olunur. Azərbaycan bazarında da palma yağına tələbatın artması normaldır. İdxalın əsas səbəbi ucuz olması, uzun saxlanma müddəti və qida sənayesində texnoloji üstünlükləri ilə bağlıdır”.
Qida mütəxəssisi Asim Vəliyev bunu 525.az-a söyləyib. Mütəxəssis qeyd edib ki, palma yağının tərkibinin təxminən yarısı doymuş yağ turşularından ibarətdir. Bu göstərici zeytun, günəbaxan və kanola yağı ilə müqayisədə xeyli yüksəkdir. Üstəlik biz palma yağını təbii şəkildə yox, emal edərək qidaların tərkibində qəbul edirik. Doymuş yağların həddindən artıq və uzunmüddətli istehlakı qanda pis xolesterol səviyyəsinin yüksəlməsinə, bununla da ürək-damar xəstəlikləri riskinin artmasına gətirib çıxara bilər:
“Bu hal yalnız palma yağına xas bir təhlükə deyil. Ümumilikdə doymuş yağla zəngin bütün məhsullara aid olan qidalanma prinsipidir. Avropa Qida Təhlükəsizliyi Agentliyinin araşdırmalarına görə bitki yağları, o cümlədən palma yağı 200 dərəcədən yuxarı yüksək temperaturda emal edildikdə, tərkibində insan sağlamlığı üçün zərərli ola biləcək və xərçəng riskini artıra bilən maddələr əmələ gələ bilər. Diqqət edəcəyimiz məqam budur. Düzgün standartlara uyğun rafinasiya edilmiş yağda bu risklər minimuma endirilir. Palma yağındakı yüksək doymuş yağ tərkibinə görə gündəlik istifadə üçün düzgün seçim deyil. Sadəcə bir alternativ ola bilər”.
Sevinc Qarayeva



