
Təhsil hər bir cəmiyyətin inkişafının əsas sütunlarındandır. Müasir dünyada ölkələrin sosial, iqtisadi və mədəni tərəqqisi bilavasitə təhsilin səviyyəsindən asılıdr. Ölkəmizdə də təhsilin inkişafı dövlət siyasətinin əhəmiyyətli və vacib sahəsidir. Bu istiqamətdə mühüm islahatlar, layihələr həyata keçirilir və bu gün Azərbaycan gənci təhsilini dünyanın istənilən ölkəsində almaq imkanına malikdir.
“Alijanov Group” və “İNGEK” şirkətlər qrupunun dəstəyi ilə bu günlərdə “Hyatt Regency” hotelində Ukrayna Dövlət universitetlərinin rəsmi təhsil sərgisi keçirildi. Şirkətlərin rəhbərləri hüquq üzrə fəlsəfə doktoru Fürqan Abdullazadənin və Rüfət Mirzəyevin verdiyi məlumata əsasən sərgi Ukrayna Təhsil və Elm Nazirliyi, Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzi və Ukraynanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
“Alijanov Group” xaricdə təhsil şirkətinin təsisçisi Nəsib Alıcanov bildirdi ki, Ukrayna Dövlət universitetləri barədə bizim gənclərə məlumat vermək üçün bu sərgi Ukraynanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil edilib: “Məqsədimiz bu gün Ukraynada lisenziya və akkreditasiyaları olan dövlət universitetləri haqqında gənclərimizə düzgün məlumat çatdırmaqdır. Ona görə ki, bu gün Azərbaycanda bir çox özəl Ukrayna universitetləri ilə gənclərimiz problemlər yaşayır. Bu sərgi isə Ukraynada təhsil almaq istəyən gənclərimizə düzgün yol göstərmək niyyəti güdür. Ukraynada təhsil Avropa təhsilidir, baloniya sistemi ilə işləyirlər. Bu da o deməkdir ki, orada təhsil alan gənclərimiz diplomlarından Azərbaycanda və bütün Avropa ölkələrində istifadə edə bilir. Bu yolu seçən hər bir gəncə uğurlar arzu edirik”.
Tamilla M-ZADƏ




