
Maliyyə Nazirliyi ilk dəfə 2025-ci il üçün dövlət və icmal büdcələrinin icrasını əks etdirən "Vətəndaşın büdcə bələdçisi"ni hazırlayıb.
525.az bu barədə nazirliyə istinadən xəbər verir.
Bələdçidə büdcələrin icrasının əsas nəticələri, dövlət vəsaitlərinin formalaşma mənbələri və xərc istiqamətləri, makroiqtisadi göstəricilər, eləcə də dövlət maliyyəsinin idarə olunması sahəsində həyata keçirilən islahatlar sadə və anlaşılan formada təqdim edilib. Həmçinin, bələdçidə ölkəmizin müdafiə və təhlükəsizlik qabiliyyətinin gücləndirilməsi, əhalinin sosial rifahının və sosial müdafiəsinin təmin olunması, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin davam etdirilməsi, real sektorun inkişafı, rəqəmsal transformasiya və innovasiyaların genişləndirilməsi kimi prioritet istiqamətlər üzrə büdcə vəsaitlərinin istifadəsi funksional və iqtisadi təsnifat əsasında əks etdirilib.
"Vətəndaşın büdcə bələdçisi" dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın, hesabatlılığın və ictimai məlumatlılığın artırılması istiqamətində nazirliyin həyata keçirdiyi tədbirlərin mühüm tərkib hissəsidir.
Beynəlxalq fiskal diaqnostika alətlərinin, xüsusilə də Açıq Büdcə Sorğusunun metodologiyası və tələbləri nəzərə alınmaqla hazırlanmış bu nəşr vətəndaşlara büdcənin icrası barədə dolğun təsəvvür formalaşdırmağa və bu sahədə bələdçilik etməyə xidmət edir.



