
“Milli Məclis tərəfindən bir oxunuşda qəbul edilən qanun layihəsinin ən mühüm yeniliklərindən biri müstəqil çalışan rəqəmsal mütəxəssislərin fəaliyyətinin hüquqi əsaslarının formalaşdırılmasıdır. "Frilanser" termini qanunvericilikdə ayrıca hüquqi anlayış kimi təsbit edilməsə də, muzdlu işçi cəlb etmədən rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən şəxslər üçün faktiki olaraq yeni hüquqi status yaradılır. Bu, indiyədək hüquqi baxımdan qeyri-müəyyən şəraitdə çalışan minlərlə rəqəmsal mütəxəssis üçün əhəmiyyətli addımdır”.
Bunu 525.az-a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov deyib. Ekspert qeyd edib ki, qanun layihəsi xarici qeyri-rezident şirkətlərlə müqavilə əsasında Azərbaycandan məsafədən işləyən şəxslərin fəaliyyətini də hüquqi baxımdan daha aydın tənzimləyir. Belə fəaliyyət artıq xarici şirkət üçün Azərbaycanda daimi nümayəndəliyin yaranmasına səbəb olmayacaq. Bu yanaşma həm beynəlxalq təcrübəyə uyğundur, həm də Azərbaycan frilanserlərinin qlobal əmək bazarında daha rahat fəaliyyət göstərməsinə imkan yaradır. Eyni zamanda, rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya məhsulları və kibertəhlükəsizlik sahələrində xidmət ixracından əldə olunan gəlirlərə tətbiq edilən vergi güzəştləri frilanserlərin fəaliyyətini stimullaşdıracaq və ölkəyə xarici valyuta axınını artıracaq. Bu, rəqəmsal xidmət ixracının inkişafı baxımından mühüm təşviq mexanizmidir:
“Hesab edirəm ki, "frilanser" anlayışının ayrıca hüquqi termin kimi müəyyən edilməsi məqsədəuyğun olardı. Həmçinin bu statusun yalnız müəyyən istiqamətlərlə məhdudlaşmaması, rəqəmsal dizayn, oyun inkişafı, rəqəmsal marketinq, kontent istehsalı və digər rəqəmsal peşələri də əhatə etməsi, eləcə də sosial sığorta və pensiya təminatı mexanizmlərinin daha dəqiq tənzimlənməsi bu islahatların effektivliyini daha da artıracaq”.
Sevinc Qarayeva



