|
|
|
|

Bəzən elə insanlar olur ki, onların taleyi sanki əvvəlcədən səhnə üçün yazılır. Həyatın özü onları müxtəlif sınaqlardan keçirir, fərqli mühitlərdə püxtələşdirir və nəhayət, böyük bir sənət ocağının sükanı arxasına gətirib çıxarır. Əliqismət Lalayev də məhz belə tale sahiblərindəndir.
Cənub zonasının tanınmış, ziyalı, zəhmətkeş insanlarından olan Hümmət kişinin ailəsində dünyaya göz açan Əliqismətin ömür yolu təkcə doğulduğu torpaqla məhdudlaşmadı. Taleyinin ən yaddaqalan, ən formalaşdırıcı illəri onu qədim Naxçıvana apardı. Məhz burada teatrın sehrini yaxından duydu, səhnənin yalnız alqışlardan ibarət olmadığını öyrəndi. Burada dərk etdi ki, teatr böyük zəhmətin, intizamın, fədakarlığın və yaradıcı məsuliyyətin adıdır.
Aktyor kimi səhnəyə çıxan gənc Əliqismət zaman keçdikcə teatrın görünməyən tərəflərini də öyrəndi. Rejissorun narahatlığını, aktyorun daxili mübarizəsini, dirijorun məsuliyyətini, dekorasiya ustasının gecə-gündüz zəhmətini eyni həssaslıqla duymağı bacardı. Naxçıvan teatr məktəbi ona təkcə sənət yox, insanlarla işləməyi, kollektivi bir amal ətrafında birləşdirməyi də öyrətdi.
Bakıya qayıtdıqdan sonra bir müddət Mədəniyyət Nazirliyində çalışması onun dünyagörüşünü daha da genişləndirdi. Artıq o, teatrı təkcə səhnədən deyil, mədəniyyət siyasətinin bir hissəsi kimi də görməyə başlamışdı. Elə buna görə də qarşısına çıxan növbəti məsuliyyətli vəzifə təsadüf deyildi.

Əliqismət Lalayev ölkənin ən nüfuzlu və ən sevilən sənət ocaqlarından biri olan Azərbaycan Dövlət Musiqili Teatrına rəhbər təyin olunanda qarşısında həm böyük imkanlar, həm də ciddi məsuliyyət dayanırdı. O, hazır bir teatrı idarə etməyə yox, onu yeni mərhələyə çıxarmağa gəlmişdi.
İllərin topladığı təcrübə, teatrın yazılmamış qanunlarını dərindən bilməsi, aktyor, rejissor, dirijor və orkestr arasında incə yaradıcı tarazlığı qorumaq bacarığı qısa zamanda öz nəticəsini verdi. Əliqismət Lalayev teatrın bütün yaradıcı və texniki sahələrini vahid nəfəsə çevirməyi bacardı. Kollektiv hiss etdi ki, rəhbər onları sadəcə idarə etmir, onların dilini anlayır, səhnənin tozunu udmuş adam kimi hər kəsin zəhmətinə qiymət verir.
Onun rəhbərliyi dövründə Musiqili Teatr yeni nəfəs qazandı. Uzun illər əsasən musiqili komediyalarla tanınan teatr repertuar baxımından tamamilə yeni mərhələyə qədəm qoydu. Dünya teatr sənətinin incilərindən olan "Paris Notr-Dam kilsəsi", Şərq mədəniyyətinin əbədi zirvəsi sayılan "Leyli və Məcnun" kimi irihəcmli və mürəkkəb səhnə əsərləri tamaşaçılarla görüşdü. Bu tamaşalar göstərdi ki, Musiqili Teatr yalnız gülüş teatrı deyil, böyük musiqili-dram əsərlərini də yüksək peşəkarlıqla təqdim edə bilən güclü yaradıcı mərkəzdir.
Ən böyük uğurlarından biri isə gənclərə inanması oldu. O, teatra yeni aktyorlar, rejissorlar, rəssamlar, baletmeysterlər, dirijorlar gətirdi, onların qarşısında qapıları açdı. Təcrübə ilə gənclik eyni səhnədə bir-birini tamamladı və nəticədə müasir tamaşaçının zövqünə cavab verən yeni repertuar formalaşdı.
Əliqismət Lalayev üçün teatr heç vaxt kabinetdən idarə olunan müəssisə olmayıb. O, hər zaman məşq zalında, səhnə arxasında, dekorasiya sexində, orkestr quyusunda görünən rəhbərdir. Çünki o, teatrı və teatr adamını içəridən tanıyır.
Bütün bunlarla yanaşı, o, gözəl ailə başçısıdır. İki qız övladının qayğıkeş atası, altı nəvəsinin sevimli babası olan Əliqismət müəllim üçün ailə həyatın ən etibarlı limanıdır. Onun təmkini, insanlara hörməti, böyüyə ehtiramı, kiçiyə qayğısı ilk növbədə ailəsində formalaşmış dəyərlərin bəhrəsidir.



