|
|
|
|

“Son rəy sorğusunun nəticələri əslində Azərbaycan ictimai düşüncəsinin, xalqımızın Prezidentinə münasibətinin rəqəmləşdirilmiş ifadəsidir”.
Bunu 525.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Medianın İnkişafı Agentliyinin keçirdiyi rəy sorğusunun nəticələri barədə danışarkən deyib.
Deputat xatırladıb ki, sorğuda iştirak edənlərin 87.7 faizi dövlət başçısına etimad göstərdiyini ifadə edib, 93.6 faiz isə Prezidentin fəaliyyətini müsbət qiymətləndirib.
“Mənə elə gəlir ki, etimad göstəricisinin belə yüksək olması ilk növbədə Azərbaycan xalqının öz liderinə inanması, etimad göstərməsi ilə bağlıdır. Bunun da çox dərin səbəbləri var. Hətta düşünürəm ki, əgər daha geniş rəy sorğusu keçirilərsə, etimad göstəricisi daha yüksək rəqəmlər ola bilər. Nəticə etibarilə, fəaliyyətin yüksək qiymətləndirilməsi, 93,6 faizlə ifadə olunması olduqca mühüm hadisədir”, - H.Babaoğlu bildirib.
O əlavə edib ki, ictimai xof və məğlubiyyətlik sindromu içərisində 30 ildən çox yaşamış bir xalqın həm öz etibarını, həm də dövlətin etibarını yenidən bərpa edən bir liderə olan münasibəti, etimadı əlbəttə ki, olduqca yüksək qiymətləndirilməlidir və bu, Azərbaycan siyasi təfəkkürünün, milli hafizəsinin dərinliklərində özünə yer almış, mühüm yer qazanmış bir hadisədir:
“Çünki 90-cı illərin əvvəllərində dövlətin itirdiyi nüfuz ilkin mərhələdə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə etimad qazanmağa başladı. Amma özünün ən ali nöqtəsinə, ən yüksək zirvəsinə məhz 44 günlük müharibədə çatmış oldu. İllərdir keçirilən seçkilərdə, 2003-cü il seçkilərində, 2008-ci il seçkilərində, 2013-cü il, 2018-ci il seçkilərində Azərbaycan xalqını İlham Əliyevə səs verməyə sövq edən də həmin o inam və etimad idi. Azərbaycan xalqı inanırdı ki, torpaqlarımızı işğaldan İlham Əliyev azad edəcəkdir. Buna görə də ona səs verirdi. Ancaq 44 günlük müharibədə, müharibənin bu səviyyədə olacağı, belə bir möhtəşəm və qəti qələbənin əldə ediləcəyi ilə bağlı fikirlər müxtəlif idi. Yəni arzu etdiyimiz qələbənin ən gözəlini, ən alisini, ən qətisini Azərbaycan Prezidenti bizə bəxş etmiş oldu. Amma bu da məsələnin hamısı deyil. Mənə elə gəlir ki, bu etimad göstəricisinin içərisində xüsusi bir hadisə var, onu da qeyd eləmək lazımdır. Azərbaycan Prezidenti təkcə son 30-35 illik müstəqillik dövrümüzün problemlərini həll etmədi. Azərbaycan Prezidenti 2023-cü ildə öz komandanlığı altında müzəffər ordusu ilə yüzillik problemi həll etdi. Yəni 1923-cü ildə Azərbaycanın içərisində dövlətçilik təməllərinin altına mina kimi yerləşdirilən “Dağlıq Qarabağ” məsələsini həll etdi. Bu, etimadın ən ali və ən yüksək səviyyəsi üçün kifayət etdi. Prezidenti təkcə 30 illik milli yaddaşın etimadını doğrultmadı, yüzillik milli arzu kontekstində milli maraqlarımızın etimadını doğrultmuş oldu. Buna görə mən düşünürəm ki, əgər daha geniş, daha detallı bir sosialoji sorğu keçirilərsə, etimad faizi daha yüksək ola bilər”.
Dövlət başçısının fəaliyyətinin qiymətləndirilməsinə gəlincə, deputat deyib ki, bu, heç şübhəsiz ki, ölkəmizdəki inkişafla, onun beynəlxalq münasibətlər sistemində yerinin, rolunun artmasıyla, Böyük Qayıdışla əlaqədardır və hər iki rəqəm bir-birini tamamlayır.
Pərvanə Sultanova



