
Bu həftə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanda dövlət səfərində oldu. Bu səfər ölkəmizin Türkmənistanla, eyni zamanda, Mərkəzi Asiya dövlətləri və türk dünyası ilə əlaqələrinin dərinləşməsində mühüm əhəmiyyət kəsb edir. Son illər Azərbaycan-Türkmənistan münasibətlərində xüsusi dinamika özünü göstərir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, verilən bəyanatlar, imzalanan sənədlər, azad olunmuş ərazilərə səfərlər, Qarabağın bərpasına Türkmənistanın töhfəsi və digər nümunələr bu dinamikanın, dostluq münasibətlərinin göstəricisidir. Azərbaycan və Türkmənistan bu gün Xəzər və Mərkəzi Asiya regionlarında yeni iqtisadi və nəqliyyat əlaqələri sistemini formalaşdıran proseslərin mühüm iştirakçılarıdır.
Dövlət başçılarının mətbuata bəyanatları zamanı Prezident İlham Əliyev bu məqama toxunaraq bildirib ki, ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır və bu, təkcə Azərbaycan üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir: "Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq".
Dövlət başçısı vurğulayıb ki, iki ölkənin münasibətləri möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Həmçinin Türkmənistanın Qarabağa töhfəsinə diqqət çəkən Prezident bir daha Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova təşəkkürünü bildirib: "O, ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi".
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirib, ölkələrimiz arasında münasibətlərin bərabərhüquqlu və qarşılıqlı faydalı prinsiplər əsasında dinamik və ardıcıl şəkildə inkişaf etdiyini məmnunluqla vurğulayıb. İki ölkənin nüfuzlu beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlığı davam etdirməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, Türkmənistanla Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli əməkdaşlıq çərçivəsində davam etdiriləcək.
O, tərəflərin iqtisadi-ticari əməkdaşlığa da xüsusi diqqət yetirdiyini, energetika, nəqliyyat, kimya, tekstil sənayeləri və bir sıra digər sahələrin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyini söyləyib. Sərdar Berdiməhəmmədov ölkələrimizin ərazilərindən Şərq-Qərb xətti üzrə nəqliyyat və tranzit dəhlizlərinin yaradılmasında sıx əməkdaşlıq etmək barədə razılığın əldə olunduğunu vurğulayıb.
"Nümayəndə heyətimiz bugünkü görüşün nəticələrini yüksək qiymətləndirir. Görüşün yekunlarına dair ikitərəfli mühüm sənədlər zərfi imzalandı. Türkmənistan və Azərbaycan arasında əməkdaşlıq bütün əsas sahələr üzrə inkişaf edəcək. Bu, ölkələrimizin və xalqlarımızın uzunmüddətli maraqlarına cavab verir", - Berdiməhəmmədov vurğulayıb.
Qeyd etmək lazımdır ki, imzalanmış sənədlər paketi ikitərəfli əməkdaşlığın əsas sahələrini əhatə edir.
Səfər zamanı, həmçinin Türkmənistana "Dostlug" neftdaşıyan tankeri hədiyyə olunub. Sərdar Berdiməhəmmədov bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul etdiklərini vurğulayıb və bu tankerin ölkələrimizin tərəqqisinə töhfə verəcəyinə, uğurlu əməkdaşlığımızın daha bir təzahürü olacağına əminliyini ifadə edib.
"Dostlug" neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. Tankerin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir. Dedveyti 7875 ton olan tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir.
Türkmənistan Prezidenti azad olunmuş ərazilərə, Füzuli və Şuşaya da səfər edib, görülən işlərlə tanış olub. Dövət başçıları Şuşada Cıdır düzündə olublar və burada Prezident İlham Əliyev ona "Mərd" adlı Qarabağ atını hədiyyə edib. Türkmənistan Prezidentinin səfəri şübhəsiz ki, iki ölkənin münasibətlərdə yeni mərhələ açacaq.
Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı bildirib ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri bir sıra vacib məqamları ilə yadda qaldı: "Əməkdaşlıq üzrə 12 sənədin imzalanması iki ölkə arasında münasibətlərdə yeni mərhələ açacaq. Türkmənistan dövlət başçısı Qarabağa səfər etdi və həm işğal zamanı dağıdılmış yerlər, həm də Zəfərdən keçən qısa müddətdə reallaşan quruculuq işləri ilə tanış oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun mətbuata bəyanatlarında hər iki ölkənin geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik olması və bu sahədə səylərin birləşdirilməsi üzrə əməkdaşlıq xüsusi qeyd edildi.
Ölkələrimiz Xəzər dənizdə yerləşən "Dostluq" neft-qaz yatağının birgə işlənməsi üzrə əməkdaşlıq edirlər. 2021-ci ildə Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" imzalanıb. Yatağın neft ehtiyatlarının 200 milyon tona çata biləcəyi, təbii qaz ehtiyatının isə 100 milyard kubmetr olduğu güman edilir. Bu, hər iki dövlətin valyuta gəlirlərinin artmasına xüsusi töhfə deməkdir. Birgə əməkdaşlıq həmçinin dövlətlərin geosiyasi mövqeyini daha da gücləndirməkdədir".
Onun sözlərinə görə, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri bir daha təsdiq etdi ki, hər iki ölkə sadəcə "Dostluq" yatağın birgə işlənməsində deyil, bütün sahələrdə möhkəm dostluq tellərinə malikdirlər: "Qarşılıqlı yüksək səviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, ikitərəfli əlaqələrdə yeni səhifə açağı gözlənilir. Türk dünyası yaxınlaşır, daha da güclənir".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov bildirib ki, iki ölkənin münasibətlərinin inkişafında Ümummilli lider Heydər Əliyevin Türkmənistana səfərləri xüsusi rol oynayıb. Sonrakı dövrdə dövlət başçılarının qarşılıqlı səfərləri, beynəlxalq platformalarda əməkdaşlıq və imzalanan sənədlər siyasi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verib. Bu gün iki ölkə arasında 120-dən artıq sənəd qüvvədədir. Xüsusilə 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərin yüksək səviyyəsini təsdiqləyən əsas sənədlərdən biridir".
Deputat bildirib ki, Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlıq da dinamik inkişaf edir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 383,7 milyon ABŞ dolları təşkil edib ki, bunun 80,2 milyon dolları Azərbaycan məhsullarının ixracına, 303,5 milyon dolları isə Türkmənistan məhsullarının idxalına aiddir: "Azərbaycan və Türkmənistan qədim "İpək yolu"nun üzərində yerləşərək Şərq-Qərb nəqliyyat dəhlizinin əsas iştirakçıları kimi çıxış edirlər. Türkmənbaşı limanına daxil olan yüklər Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına daşınır, daha sonra isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropa istiqamətində nəql edilir. Nəqliyyat-logistika sahəsində əməkdaşlıq perspektivli istiqamətlərdən biridir. Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyətinin artırılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanmasına malik olması Türkmənistan üçün yeni tranzit imkanları yaradır. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışını daha da asanlaşdıra bilər".
A.Badamov əlavə edib ki, enerji sahəsində əməkdaşlıq münasibətlərin əsas istiqamətlərindən biridir. Xəzər dənizinin hüquqi statusu ilə bağlı razılaşmaların əldə olunması və uzun illər mübahisə mövzusu olmuş neft yatağının "Dostluq" adlandırılması iki ölkə arasında etimadı daha da gücləndirib. Bu yatağın birgə işlənməsi və hasil ediləcək enerji resurslarının beynəlxalq bazarlara çıxarılması əməkdaşlığın mühüm istiqamətlərindəndir: "Türkmənistan dünyanın ən böyük qaz ehtiyatlarına malik ölkələrdən biridir. Bu baxımdan türkmən qazının Azərbaycan vasitəsilə Avropaya nəql olunması məsələsi xüsusi aktuallıq daşıyır. Hazırda Xəzər dənizinin dibi ilə yeni qaz kəmərinin çəkilməsi və Türkmənistan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına çatdırılması imkanları müzakirə edilir. Layihənin reallaşması regionun enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər. Bununla yanaşı, Azərbaycan, Türkmənistan və Qazaxıstan arasında "Yaşıl dəhliz", rəqəmsal infrastruktur və fiber-optik xətlərin yaradılması istiqamətində əməkdaşlıq genişlənir. Bu layihələr regionun iqtisadi inteqrasiyasını sürətləndirməklə yanaşı, yeni texnoloji imkanlar da formalaşdıracaq".
Onun sözlərinə görə, Azərbaycan və Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat layihələri, eləcə də mədəni-humanitar əlaqələr münasibətlərin əsas sütunlarını təşkil edir. Mövcud potensial və qarşılıqlı siyasi iradə nəzərə alınarsa, yaxın illərdə əməkdaşlığın daha da genişlənəcəyi və yeni mərhələyə yüksələcəyi gözlənilir".



