
Azərbaycan Ordusunun şanlı qələbələrindən biri olan Aprel döyüşlərindən 10 il keçir. 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq ordumuzun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı ərazilərimizin işğaldan tam azad olunmasına aparan şanlı Zəfər yolunun başlanğıcıdır.
2016-cı ilin Aprel döyüşlərinin Azərbaycanın tarixində, Vətən müharibəsinə aparan yolda və böyük zəfərimizdə mühüm rolu oldu. Dördgünlük müharibə zamanı təkcə Ermənistan deyil, bütün dünya Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü.
10 il əvvəl, aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində ardıcıl təxribatlara əl atdı. Buna cavab olaraq ordumuz əks-əməliyyat həyata keçirdi. Döyüşlər nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bir sıra mühüm və strateji əhəmiyyətli mövqelər azad olundu. Aprelin 4-də Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin, əsasən, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, o zaman mövcud olan təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma hərbçilərimiz bu hücumun qarşısını şücaətlə alaraq, Ermənistan ordusunu ağır məğlubiyyətə uğratdı və qarşı tərəf öz məqsədinə nail ola bilmədi.
Aprel döyüşləri 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsdən sonra ilk ən şiddətli döyüş idi. Həmin döyüşlər, eyni zamanda Ermənistan ordusunun gücü barədə yayılan mifləri də darmadağın etdi. Məlum oldu ki, Ermənistan ordusu heç də təbliğ etdikləri qədər deyil. Dörd il sonra, Vətən mühaibəsində bu mif ümumiyyətlə yerlə bir oldu. Döyüşlər Ermənistanın xahişləri, yalvarışları ilə Rusiyanın vasitəçiliyi ilə 2016-cı il aprelin 5-də dayandırıldı. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Ordumuzun qəti zərbələri nəticəsində qarşı tərəfin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldü, 500-dən artıq döyüşçüsü yaralandı. Eyni zamanda döyüşlərdəki ağır məğlubiyyət Ermənistanın siyasi-hərbi rəhbərliyində dərin çatların əmələ gəlməsinə səbəb oldu. Ermənistan silahlı qüvvələrində istefalar baş verdi, həbslər oldu.
Bu döyüşlər Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə inamını möhkəmləndirdi. Aprel şəhidləri isə xalqımızın qüdrətini, qələbə əzmini bir daha sübut etdi.
Prezident İlham Əliyev aprel döyüşlərində əldə edilmiş qələbə ilə bağlı deyib: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir... Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir. Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu".
Uğurlu aprel qələbəsindən iki il sonra ordumuz daha bir böyük zəfər qazandı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir.
2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirildi. Həmin paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğaldan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş etdirildi. Paradda çıxış edən Prezident İlham Əliyev deyib ki, "gün gələcək bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq".
Və o gün gəldi, azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında nümayiş etdirildi.
Qeyd etdiyimiz kimi, Aprel döyüşləri Vətən müharibəsində böyük qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb edir. Bu, döyüşdə qazanılan təcrübə İkinci Qarabağ müharibəsində uğurla tətbiq olundu.
Prezidentin dediyi kimi, Böyük Qayıdışımız məhz Cəbrayıldan, Aprel döyüşlərində azad olunmuş Cocuq Mərcanlı kəndindən başladı. İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki müharibənin birinci həftəsində, oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi.
Aprel döyüşlərində göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov "525"ə deyib ki, Aprel döyüşləri Azərbaycanın hərb tarixinin qızıl səhifəsidir: "Çünki Azərbaycan son 200 ildə torpaqlarını itirib və döyüş meydanında məğlubiyyətə uğrayıb. Amma Aprel döyüşləri bu sindromu qırdı. Belə ki, bu döyüşlər Azərbaycanın heç də 90-cı illərin əvvəlindəki olmadığını və ordumuzun yeni bir müstəvidə inkişaf etdiyini sübuta yetirdi. Aprel döyüşləri xalqımızın siyasi baxışları, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hamının bir yumruq kimi birləşərək Ali Baş Komandanın əmrinə hazır olduğunu təsdiq etdi".
Deputat vurğulayıb ki, uzun illər Ermənistan öz ordusu ətrafında məğlubedilməz ordu mifini yaratmışdı. Amma Azərbaycan ordusu bu mifi darmadağın etdi və 4 gün davam edən müharibədə düşməni ağ bayraq qaldırmağına, atəşkəs üçün yalvarmağına məcbur etdi: "Qısa dövrü əhatə edən bu döyüşlərdə Ermənistan 300-dən çox canlı qüvvə, 30-dan çox tank və 25-dən çox artilleriya qurğusunu itirdi. Azərbaycan Ordusu isə 2 min hektardan çox ərazini işğaldan azad edərək Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyinə bayraq sancmaqla Cocuq Mərcanlıda təhlükəsizliyi təmin etdi. Həm də Tərtər rayonun strateji yüksəkliklərini nəzarətə almaqla Naftalana qədər olan böyük bir ərazidə təhlükəsizliyi təmin etmiş oldu".
Deputat hesab edir ki, Aprel döyüşləri həm də ordumuzun gücünün bir testi idi: "Yəni bu döyüşlər ordumuzun gücünün qismən nümayişi oldu. Bu, həm də düşmənə və onun arxasında dayananlara bir mesaj idi. Yəni Azərbaycan Aprel döyüşləri ilə Azərbaycan - Ermənistan münaqişəsinin dondurulmuş münaqişə olmadığını sübut edərək, o zamankı status-kvonu dəyişərək Ermənistanı yenidən danışıqlar masasına qaytardı".
A.Badamov əlavə edib ki, Aprel döyüşləri Böyük Qayıdışın başlanğıcı oldu: "Belə ki, Böyük Qayıdışın ilk ünvanı Cocuq Mərcanlı oldu. Biz bununla Ermənistana digər torpaqlarımızı da döyüş meydanında işğaldan azad edərək qayıdacağımız mesajını vermiş olduq. Həm də Aprel döyüşlərindən iki il sonra Naxçıvanda keçirilmiş Günnüt əməliyyatı ilə Əlahiddə Ordumuz qısa bir zaman kəsiyində 11 min hektar ərazini nəzarət altına aldı. Sonra isə 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri keçirməklə bütün ərazilərimizdə suverenliyimizi təmin etməyimizə və Böyük Qayıdışa dair dövlət proqramını bütün azad olunmuş ərazilərdə uğurla davam etdirməyimizə yol açdı. Bu gün Azərbaycan xalqı qalib xalq olaraq başı dik, qürurla gəzir və keçmiş məcburi köçkünlər üçün layiqli həyat şəraiti yaradaraq öz doğma yurdlarına qaytarır. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları özünün inkişaf dövrünü yaşayır. Bəli, bu döyüşlər zamanı hərbçilərimizi və mülki insanlarımızı itirdik. Vətən uğrunda həlak olan hər bir şəxs şəhidlik zirvəsinə yüksəlib. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Yaşasın suveren Azərbaycan Respublikası, yaşasın Ali Baş Komandan, Prezident İlham Əliyev! Qarabağ əbədi olaraq Azərbaycandır!"



