|
|
|
|

Qərbi Azərbaycana Qayıdış – indiki Ermənistan ərazisindən deportasiya edilmiş azərbaycanlıların öz tarixi-etnik torpaqlarına sülh, ləyaqət və təhlükəsiz şəraitdə qayıtmasını hədəfləyən fundamental strategiyadır. Bu proses beynəlxalq hüquqa, tarixi ədalətə və bəşəriyyətin fundamental dəyərlərinə əsaslanır. Çünki Qərbi Azərbaycan sadəcə köhnə rəsmi sənədlərdə, arxiv rəflərində toz basan xəritələrdə qalan quru bir coğrafi ad, ya da keçmişin qəmli xatirəsinə çevrilən unudulmuş bir məkan deyil. Bu, hər birimizin içində yaşayan, qanımıza, ruhumuza, bir sözlə, milli varlığımıza işləyən bütöv, canlı və heç vaxt unudulmayan bir dünyadır.
Göyçə deyəndə içimizdə incə bir sim qırılır, ruhumuzda sazın o qədim, sirli sədası, Dədə Ələsgərin hikmətli, ustad sözü canlanır. Zəngəzur fəryadı eşidəndə oradakı dağların qürurlu, bəlkə də bir az intizarlı, sahibini gözləyən duruşunu xatırlayırıq. İrəvan adı çəkiləndə isə tariximizin daş yaddaşı, qədim qalalarımızın, uca minarəli məscidlərimizin silinməz izləri bircə-bircə gözümüzün önündən keçir. Bu, elə bir qan yaddaşı, elə bir mənəvi körpüdür ki, onu hansısa masalar arxasında verilən soyuq inzibati qərarlarla, zorla çəkilmiş süni və amansız sərhədlərlə qoparıb atmaq əsla mümkün deyil. İnsan doğulduğu yurdun havasını ciyərlərinə çəkməsə də, o torpağın ruzi-bərəkəti, onun genetik kodu insanın mənəviyyatını, kimliyini qidalandırmağa və yaşatmağa davam edir.
XX əsr bizim üçün təkcə təqvim vərəqlərinin sürətlə dəyişməsi olmadı. Bu əsr həm də babalarımızın, nənələrimizin taleyinə qanlı hərflərlə, amansız qələmlə yazılan deportasiyalar, etnik təmizləmələr və bitmək bilməyən köç karvanları ilə həkk olundu. 1905, 1918, 1948-1953 və nəhayət 1988-ci illərin o ağrılı, şaxtalı dövrlərində insanları təkcə isti yuvalarından, doğma ev-eşiyindən etmədilər. Orada, o uca, başı dumanlı dağların qoynunda boş qalan təkcə daş evlərimiz, sahibsiz qalan bağ-bağatımız, yurd yerlərimiz olmadı. O torpaqlarda babalarımızın uyuduğu müqəddəs məzarlar, bütöv bir xalqın əsrlərlə yaratdığı maddi-mədəniyyət inciləri, neçə-neçə nəslin alın təri və göz nuru boynu bükük qaldı. Bizdən sadəcə coğrafi mənada yurdumuzu yox, keçmişimizi, yaddaşımızı və gələcəyimizi qoparmaq, bizi köksüz, budaqsız qoymaq istədilər. Lakin böyük və dəyişməz bir həqiqəti unutdular ki, insanı zor gücünə, silah kölgəsində evindən çıxarmaq olar, amma onun içindəki yurd sevgisini, o torpağa ilahi tellərlə bağlı olan ruhunu sındırmaq olmaz. O qədim yurdların, kilidli qalan qapıların açarları sandıqlarda, paslı dəmirlərdə deyil, nəsildən-nəslə bir müqəddəs vəsiyyət kimi ötürülən yaddaşımızda, fikrimizdə, ruhumuzda qorunub saxlandı. Baba-nənələrimizin, ata-analarımızın nəvələrinə, övladlarına danışdığı hər nağılda, pıçıldadığı hər laylada, söylədiyi hər yanıqlı bayatıda, hər xatirədə o torpaqların ətri, dağların havası yaşadı və bu günə qədər gəlib çatdı.
İndi həmin doğma torpaqlara qayıtmaq bizim üçün sadəcə uzaq, kövrək bir arzu, ya da təkcə poetik bir təsəlli deyil. Bu, həm də beynəlxalq hüququn ən fundamental prinsiplərinin, insan haqları bəyannamələrinin tələb etdiyi real, tarixi və qanuni bir haqdır. Biz bu gün kiminsə tarixi torpağına göz dikmirik, heç bir xalqın haqqını tapdalamırıq. Söhbət vaxtilə beynəlxalq birliyin səssiz baxışları qarşısında, zorakılıqla və haqsızlıqla pozulmuş tarixi ədalətin yenidən bərpasından gedir. Dünyanın hər bir insanının, hər bir fərdinin öz doğma ocağına dönmək, əcdadlarının qoyub getdiyi mədəni irsə sahib çıxmaq, ulu babasının məzarını sərbəst şəkildə ziyarət etmək hüququ var. Bu insani haqdan heç bir siyasi konyuktura, heç bir müvəqqəti geosiyasi maraq xatirinə imtina edilə bilməz. Bu qayıdış, bəşəriyyətin, insanlığın və ədalətin səsini dünyaya yenidən ucaltmasıdır.
Bu gün, Qarabağda qazanılan o möhtəşəm, çoxəsrlik tariximizə qızıl hərflərlə yazılan şanlı Zəfərdən sonra Qərbi Azərbaycana qayıdış ideyası artıq əlçatmaz bir xəyal, xəyali bir status olmaqdan çıxıb. Bu ideya artıq qarşımızda duran real, konkret strategiyalarla addım-addım yaxınlaşdığımız böyük dövlət və millət hədəfinə çevrilib. Qarabağ qələbəsi bütün dünyaya və ən əsası özümüzə – öz milli kimliyimizə göstərdi ki, bir xalqın dəmir milli iradəsi, sarsılmaz yurd sevgisi və ədalət hissi qarşısında heç bir süni sədd, heç bir istehkam tab gətirə bilməz.
Biz o torpaqlara sadəcə fiziki olaraq, sadə bir köç karvanı kimi qayıtmayacağıq, biz ora bütün ruhumuzla, ana dilimizin ən şirin, ən doğma ləhcələri ilə, əcdadlarımızın ruhumuza pıçıldadığı dualarla və unudulmaz adət-ənənələrimizlə qayıdacağıq. Ağbabanın, Göyçənin dərələrində, Zəngəzurun sıldırım qayalarında, dumanlı zirvələrində illərdir səssiz qalan, lakin heç vaxt unudulmayan aşıq havalarımız, yallılarımız yenidən o dağları titrədəcək, o dərələrə yenidən can verəcəkdir. O yollar bir gün mütləq açılacaq, çünki tarix həmişə öz təbii axarına qayıdır və torpaq gec-tez öz həqiqi, doğma sahibini mütləq tanıyır.
Biz, Azərbaycan xalqı olaraq tamamilə əminik ki, Qərbi Azərbaycanda illərdir erməni vandallığına məruz qalan, tarixi siması dəyişdirilməyə çalışılan mədəni, dini və tarixi irsimiz əsarətdən azad olacaq. Dağıdılan məscidlərimiz, məhv edilən qəbirlərimiz yenidən bərpa ediləcək, saxta adlar qoyularaq yaddaşlardan silinməyə cəhd edilən yurd yerlərimiz, şəhərlərimiz, kəndlərimiz əsl türk adlarına - o doğma və tarixi adlarına yenidən qovuşacaqdır. Əminik ki, haqqın və yaddaşın yolu bizi mütləq doğma ocağımıza yetirəcəkdir.
Aynurə Əliyeva
ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisi, Filologiya fakültəsinin müəllimi



