|
|
|
|

İnsanlar ona müxtəlif şəkildə müraciət edirlər – “Qafqazın qızıl səsi”, “əfsanə” və s. Mən isə onu “Musiqinin dahisi” adlandırmaq istəyirəm. Bəlkə də hər kəs düşünür ki, istedad sonradan formalaşır. Lakin mənim zənnimcə, bəzi insanlar doğulandan bəri hansısa sənət, peşənin dahisi olurlar. Bizi yaradan Tanrı məhz həmin insanları xüsusi yaradır...
Mənim üçün də musiqi sənətinin dahilərindən biri məhz Dato Kençiaşvilidir. O, elə böyük sənətkardır ki, barəsində yazmaq, öz təəssüratlarımı bölüşmək üçün ilk növbədə özümdə cəsarət axtardım. Ona görə ki, onun sahib olduğu istedadı cümlələrlə ifadə etmək tam mümkün deyil...
Çox yaxşı xatırlayıram ki, ilk dəfə onun sahib olduğu əvəzolunmaz səsinə, misilsiz istedadına şahid olmaq üçün Gürcüstana yola düşmüşdük. Ona qarşı içimdə adını verə bilmədiyim böyük pərəstişkarlığım var. Konsert saatı yaxınlaşan vaxtlar həyəcan və sevinc bütün ruhuma hakim olmuşdu. Onunla canlı görüşüb salamlaşdıqdan sonra bizi öz ölkəsində və ən əsası, konsertində səmimi qarşılaması, onun dəyərini bizim gözümüzdə daha da ucaltmışdı.
Musiqinin dili yoxdur deyirlər. Həqiqətən də gürcü dilində ifa etdiyi bütün mahnıları insanı özünə cəlb etməyi, müəyyən hissləri oyatmağı çox yaxşı bacarır. Bir ifaçı təsəvvür edin ki, səsi sanki, dərmandır və insanın ruhunu ən dərindən sağaldır. Bəzi mahnıları isə keçmiş və bu gün ilə insanı üzləşdirir, yaşadığın hər şeylə səni qarşı-qarşıya qoyur. Musiqinin ifanın bir insanın iliklərinə kimi işləməsinin şahidi ancaq Dato Kençiaşvilinin ifalarından sonra olmuşam. İnsanın ruhunu dərindən silkələyən ona yaşadığını hiss etdirən, musiqi ilə nəfəs almağı, qidalanmağı insana – ən əsası, tamaşaçılara hiss etdirən bir sənətçi düşünün...
Dato Kençiaşvilinin Gürcüstandakı konsertində iştirakımın ardı ilə onun artıq iki dəfə öz ölkəmizdə - Azərbaycanda konsert verməyi mənim üçün çox fərqli, ən gözəl, qürurverici duyğular idi. Gözəlliyi onda idi ki, onu ölkəmizdə görmək hətta Gürcüstandakı konsertində iştirak etməmişdən əvvəlki arzum idi. Qürurvericiliyi isə mehriban, sənətə dəyər verməyi bacaran xalqımın səmimi və açıq şəkildə heç çəkinmədən sevgilərini Dato Kençiaşviliyə göstərməkləri idi. Həmçinin, biz eyni sevgi diqqət və səmimiyyətin daha çoxunu məhz həmin sənətçi tərəfindən də özümüzə qarşı şahidi oluruq. Mən düşünürəm ki, uşaqdan böyüyə zalda böyük bir kütlənin ona olan sevgisi təsadüfi deyil. O, əvəzolunmaz səsi, sənəti ilə qəlbləri fəth etdiyi kimi, yüksək mədəniyyəti, nəzakəti Azərbaycana olan sevgisiylə də bizləri özünə daha çox sevdirməyi bacardı. Artıq ikinci dəfə Dato Kençiaşvilinin doğma Bakımızda konsert xəbəri əminəm ki, mənim kimi bir çox insanın toy-bayramına çevrilmişdi. Zalda əyləşib konsert başlamamışdan əvvəl zaldakı bütün insanların həyəcan, sevinc və ən əsası sevgi hisslərinin bir-birinə qarışmasının şahidi olmamaq mümkün deyil... Həyatda bəzən bitdiyi üçün məndə təəssüf hissi doğuran hisslərdən biri də məhz Dato Kençiaşvilinin konsertinin bitməyi olub. Eyni zamanda hər konsert sonrası pərəstişkarları ilə ayrı-seçkilik etmədən hər kəslə səmimi fotolar çəkdirməsi, üzündə təbəssüm daşımağı onu bizlərin gözündə daha da ucaldır və qəlbimizdəki sevgisi böyüyür.
Maraqlısı isə bundadır ki, artıq həyatda məni nələrinsə kövrəltməyəcəyini zənn etdiyim anlarda Kençiaşvilinin ifaları mütləq ki, yalnız konsertlərində deyil, onu hər dinlədiyim zaman gözümdən yaş axıtmağı bacarır. Konsert zalında tamaşaçı kimi əyləşdiyim zaman hər dəfə onun sehrli səsini, ifalarını bütün hüceyrələrimdə hiss edir, insana verilən ömürdə yaşanılan acılı-şirinli bütün xatirələrim göz önümdən keçir. Onun səsi və mahnılarına sadəcə musiqi kimi yanaşmaq olmaz – o səs elə bil, xəyalən insana toxunur... Və sən elə hiss edirsən ki, tamamilə dünyadan uzaq, amma hüzurlu bir mühitin içərisinə qərq olmusan.
Hər dəfə isə bütün pərəstişkarları kimi, mən də ona öz sevgimi bildirəndə bu cümləni xüsusilə vurğulayıram – Tanrı sizinlə bərabər, səsinizi də qorusun. Çünki xəzinə kimi səsə sahib sənətçidir və inanmıram ki, bir daha elə bil istedad doğulsun...
Yeri gəlmişkən, ondan aldığım müsahibədə o vurğulamışdı ki, Bakıya tez-tez qonaq kimi gələcək. Mən isə düşünürəm ki, artıq Azərbaycan xüsusilə, Bakı onu qonaq kimi yox doğma insanı kimi qarşılayır....
Ölkəmizdə Dato Kençiaşvili kimi güclü sənətkar və humanist keyfiyyətləri özündə daşıyan sənətçini görməkdən dolayı böyük məmnunluq duyur və hər zaman gözümüz yolda onu gözləyirik...







