|
|
|
|

İdrət BABAYEV
VƏTƏN
Köçdü yaddaşıma, bitdi qəlbimdə,
İlk dəfə adını eşidəndə mən.
Əridi ruhumda, itdi qəlbimdə,
Kök atdı yenidən göyərdi vətən.
Buludlu olanda göy zaman-zaman,
Boy atdı gör neçə igid, qəhrəman.
Torpağı uğrunda keçdi canından,
Daşıdın içində hər dərdi vətən!
Sənin səadətin səadətimdir,
Hissimdir, sevgimdir, məhəbbətimdir.
Sənət aləmində vəsiyyətimdir,
Hələ yazılmamış əsərdir vətən.
Vətən göy üzüdür, vətən yer üzü,
Hər çölü, çəməni hər dağı, düzü,
Atamın yurdudur, anamın özü,
Düşmənə əbədi çəpərdir vətən.
Odur süfrəmizin çörəyi, duzu,
Şərəfli keçmişin indiki üzü.
Türkün nişanəsi, İslamın özü,
Babadağ, Savalan, Xəzərdir vətən.
BU OCAQDA KÖZ OLMAZ
Deyirsən sevdin məni,
Sevməyə ürəyim yox.
Sevə bilmirəm səni,
Ruhum məzar tək soyuq.
Sevmişəm, sevilmişəm,
Oxum daşdan dönübdü.
Öləziyən atəşəm,
Qəlbim tamam sönübdü.
Sevgiyə asi zaman,
Əsirgəmir yelini.
Dağıdaraq dörd yana,
Ocağımın külünü.
Bədənim ruhum üçün,
İndi boş bir qəfəsdir.
Ağlayır için-için,
Bəs bu haray nə səsdir?
Əl götür bu arzudan,
Bu ocaqda köz olmaz.
Get məndən uzaq dolan,
Mən deməsəm, düz olmaz.
İNCƏ-İNCƏ
Gözəl, bax gözümə gözəl gözünlə,
Çəməndə çiçəyi üz, incə-incə.
Gecənin şehindən qara telinə,
Nazik əllərinlə düz, incə-incə.
Cənnət bağçasını gəzib gəlmisən,
Eşqin dənizində üzüb gəlmisən.
Bəlkə də yolunu azıb gəlmisən,
Dolan sinəm üstə, gəz, incə-incə.
Dedim xoş gəlmisən, bizim bərəyə,
Qapısın açdığın qəmli ürəyə.
Qaldır qollarını "Uzundərəyə",
Oyna incə-incə, süz, incə-incə.
Nə gözəl duyğudur, nə gözəl hissdi,
Varlığımda bahar küləyi əsdi.
Şair, burda susmaq daha əbəsdi,
Qopsun dodağından söz incə-incə.
Səni Yaradanda böyükdü qüdrət,
Bilmirəm harda var bu hüsn-surət.
Kimsə pıçıldayır, a şair İdrət,
Haqqında beş kəlmə yaz, incə-incə.



