
Bu il iyunun 18-19-da Naxçıvanda "Qərbi Azərbaycana Qayıdış" III Festival-Konqres çərçivəsində Naxçıvan Dövlət Universitetində tarix elmləri doktoru, professor İbrahim Kazımbəylinin Türkiyədə ispan dilində nəşr olunan, Azərbaycan tarixşünaslığı üçün olduqca böyük elmi əhəmiyyətə malik olan bir kitabının - "Azərbaycanın İrəvan bölgəsi: sosial-iqtisadi və siyasi tarix (XIX-XX əsrin əvvəlləri) adlı əsərinin təqdimatı keçirildi. Kitabın elmi təhlilinə və onun əhəmiyyətinin açıqlanmasına keçməzdən öncə diqqətinizə çatdırmaq istərdim ki, müəllif bu bitkin əsəri ərsəyə gətirənə qədər uzunmüddətli, sistemli və əziyyətli bir tədqiqat yolu keçib. İbrahim Kazımbəyli hələ 1996-cı ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra Bakı Dövlət Universitetinin Vətən tarixi ixtisası üzrə aspiranturasına daxil olub. Müəllif məhz həmin ildən "1828-1920-ci illərdə Naxçıvan bölgəsinin tarixi-demoqrafik tədqiqi" mövzusunda ciddi elmi araşdırmalara başlayıb. İbrahim Kazımbəyli, apardığı tədqiqatların nəticəsi olaraq 2003-cü ildə uğurla müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb.
Növbəti mərhələdə tədqiqatlarını daha da genişləndirən və sistemli şəkildə davam etdirən İbrahim Kazımbəyli "Azərbaycanın İrəvan bölgəsi XIX-XX yüzilliyin əvvəllərində" mövzusunda doktorluq dissertasiyasını 2018-ci ildə uğurla müdafiə etmiş və tarix elmləri doktoru alimlik dərəcəsinə yüksəlib.
Müəllifin elmi tədqiqatının əsas istiqamətlərini XIX-XX əsrin əvvəllərində Azərbaycanın Naxçıvan, İrəvan, Zəngəzur və Qarabağ bölgələrinin siyasi və sosial-iqtisadi inkişaf tarixi, tarixi demoqrafiyası, soyqırım və deportasiya prosesləri ilə bağlı problemlərin araşdırılması təşkil edir. İbrahim Kazımbəylinin bu istiqamətlərdə apardığı sistemli və uzunmüddətli elmi araşdırmaları onun zəngin elmi irsinin formalaşmasında möhkəm baza yaradıb.
Hazırda professor İbrahim Kazımbəyli 100-dən artıq elmi məqaləsi Azərbaycanda və xaricdə nüfuzlu elmi jurnallarda, o cümlədən SCOPUS və "Web of Science" bazalarında indeksləşən jurnallarda dərc olunur. İbrahim Kazımbəyli həmçinin kollektiv nəşrlər də daxil olmaqla 15 kitabın müəllifidir.
Təqdim olunan əsərin diqqətəlayiq cəhətlərindən biri onun məntiqi ardıcıllıq və elmi sistemlilik prinsipləri əsasında qurulmuş strukturudur. Kitabın strukturunda problem-xronoloji yanaşmanın tətbiqi hadisələrin zaman ardıcıllığını izləməklə yanaşı, eyni zamanda mühüm tarixi problemlərin mahiyyətini daha dərindən açmağa imkan verir. Bu baxımdan əsərin strukturu onun elmi dəyərini artıran mühüm amillərdən biri kimi qiymətləndirilə bilər.
Tarixi səpkidə yazılmış kitabların etibarlılığı və akademik dəyərliliyi hər şeydən öncə müəllifin istinad etdiyi mənbə bazasının genişliyi və mötəbərliyi ilə müəyyən olunur. Bu aspektdə arxiv materialları tarixi əsərlərin ən mühüm və ilkin mənbələri hesab edilir və tədqiqatın obyektivliyinin təmin edilməsində mühüm rol oynayır.
Dövlət qurumlarının hesabatları, diplomatik yazışmalar, qanunvericilik aktları, statistik məlumatlar, xəritələr və digər arxiv materialları tədqiqatçıya hadisələri birbaşa ilkin mənbələr əsasında araşdırmaq imkanı verir. Bu isə tarixi proseslərin daha dəqiq şəkildə öyrənilməsinə və elmi nəticələrin möhkəm faktoloji əsaslar üzərində qurulmasına şərait yaradır. Məhz bu baxımdan professor İbrahim Kazımbəylinin təqdim olunan əsəri xüsusi diqqətəlayiqdir. Müəllif bu bitkin əsəri ərsəyə gətirərkən zəngin arxiv materiallarına, müxtəlif ölkələrin arxiv fondlarına və çoxsaylı ilkin mənbələrə istinad edib.
Azərbaycan Respublikası Dövlət Arxivi, AMEA-nın Əlyazmalar İnstitutu, AMEA Tarix İnstitutunun Elmi Arxivi və Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin materialları bölgənin inzibati idarəçiliyi, əhali tərkibi, torpaq münasibətləri və sosial-siyasi proseslərinin öyrənilməsi üçün mühüm mənbələr kimi çıxış edir.
Kitabın mühüm cəhətlərindən biri də Osmanlı arxiv sənədlərindən geniş istifadə olunmasıdır. Baş Qərargahın Hərbi Tarix və Strateji Araşdırmalar Arxivi (ATASE) və Başbakanlıq Osmanlı Arxivi (BOA) fondlarında saxlanılan sənədlər İrəvan bölgəsi, erməni məsələsi, qaçqınlar, sərhəd təhlükəsizliyi və Rusiya-Osmanlı münasibətləri ilə bağlı xüsusi əhəmiyyətə malik mənbələrdir.
Əsərin elmi dəyərini artıran əsas amillərdən biri də Rusiya arxiv materiallarının geniş şəkildə tədqiqata cəlb edilməsidir. Rusiya Dövlət Tarix Arxivi (RQİA), Rusiya Dövlət Hərbi-Tarix Arxivi (RQVİA) və xüsusilə İrəvan quberniyası, Qafqaz ordusu, köçürmə siyasəti və imperiyanın milli siyasəti ilə bağlı fondlardan istifadə müəllifə mövzunu daha dolğun və obyektiv şəkildə araşdırmaq imkanı verib.
Gürcüstan Dövlət Tarix Arxivinin materialları da tədqiqatda mühüm yer tutur. İrəvan bölgəsinin XIX əsrdə Qafqaz canişinliyi sisteminə daxil olması nəzərə alınarsa, həmin arxivdə qorunan sənədlərin bölgənin idarəçilik sistemi və Tiflis administrasiyası ilə bağlı qiymətli məlumatlar təqdim etməsi tamamilə təbiidir.
Beləliklə, əsərin mənbəşünaslıq bazasının coğrafi genişliyi və sənəd bazasının zənginliyi tədqiqatın elmi etibarlılığını artıran, onun tarixşünaslıq baxımından əhəmiyyətini müəyyən edən başlıca amillərdən biri kimi qiymətləndirilə bilər.
Kitabın II bölməsi "Qərbi Azərbaycan (İrəvan bölgəsi) Rusiya imperiyası dövründə" adlanır. Bu bölmə İrəvan və ətraf ərazilərin Rusiya tərəfindən işğalı, və bundan sonra bölgədə baş verən siyasi, inzibati və etnodemoqrafik proseslərin araşdırılmasına həsr olunub. Müəllif çar Rusiyasının həyata keçirdiyi köçürmə siyasətinin mahiyyətini və onun bölgənin milli tərkibinə təsirini zəngin arxiv materialları əsasında təhlil edir. Bölmədə ermənilərin Cənubi Qafqaza, o cümlədən İrəvan bölgəsinə kütləvi şəkildə köçürülməsi, bunun yerli azərbaycanlı əhali üçün yaratdığı nəticələr geniş şəkildə işıqlandırılır. Eyni zamanda bölgənin inzibati-idarəetmə sistemi, əhali dinamikası və sosial-siyasi vəziyyəti elmi əsaslarla araşdırılır. Müəllif fakt və sənədlərə əsaslanaraq İrəvan bölgəsinin tarixi-demoqrafik inkişaf xüsusiyyətlərini ortaya qoyur
Kitabın III bölməsi isə "Qərbi Azərbaycan (İrəvan bölgəsi) 1918-1920-ci illərdə" adlanır. Kitabın III bölməsi İrəvan bölgəsinin tarixində ən mürəkkəb və faciəli dövrlərdən biri olan 1918-1920-ci illəri əhatə edir. Müəllif zəngin arxiv sənədləri və statistik materiallar əsasında bölgədə baş verən siyasi prosesləri, erməni silahlı dəstələrinin azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi zorakılıqları, əhalinin deportasiyası və qaçqınlıq problemlərini geniş şəkildə təhlil edir. Bölmədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə İrəvan bölgəsində yaranmış mürəkkəb hərbi-siyasi vəziyyət və bunun yerli əhaliyə təsiri faktlar əsasında araşdırılır. Müəllifin gəldiyi nəticələr göstərir ki, həmin dövr İrəvan bölgəsinin etnodemoqrafik mənzərəsinin dəyişdirilməsində həlledici mərhələ olmuşdur. Bu baxımdan bölmə təkcə regional deyil, ümumilikdə Azərbaycan tarixinin öyrənilməsi üçün mühüm elmi əhəmiyyət kəsb edir.
Kitabın təqdimatının 18-19 iyun tarixlərində Naxçıvanda "Qərbi Azərbaycana Qayıdış" III Festival-Konqres çərçivəsində həyata keçirilməsi onun elmi və ictimai-siyasi əhəmiyyətini daha da artırır. Belə bir tədbirdə əsərin əhəmiyyəti yalnız tarix elmi baxımından deyil, həm də tarixi yaddaşın qorunması, milli-mədəni irsin öyrənilməsi və Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla təqdim edilməsi kontekstində qiymətləndirilməlidir. İbrahim Kazımbəylinin bu monoqrafiyası Qərbi Azərbaycan tarixinin sistemli şəkildə araşdırılmasına həsr edilmiş fundamental tədqiqat əsərləridir. Müasir dövrdə Qərbi Azərbaycan məsələsinin Azərbaycan tarixşünaslığında, ictimai fikrində və beynəlxalq elmi müzakirələrdə xüsusi aktuallıq kəsb etdiyi bir şəraitdə bu əsər tarixi həqiqətlərin elmi əsaslarla araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Müəllif İrəvan bölgəsinin tarixini yalnız ayrı-ayrı hadisələr və faktlar prizmasından deyil, bütöv bir tarixi-coğrafi məkanın siyasi, sosial-iqtisadi və etnodemoqrafik inkişafı kontekstində araşdırıb. Bu yanaşma Qərbi Azərbaycanın ən mühüm tarixi bölgələrindən biri olan İrəvan bölgəsinin keçmişinin obyektiv şəkildə öyrənilməsinə imkan verir. Əsərdə İrəvan bölgəsinin Azərbaycan dövlətçilik tarixində tutduğu yer, onun siyasi idarəçilik sistemi, əhalisinin etnik tərkibi, iqtisadi həyatı və regional proseslərdə rolu geniş mənbələr əsasında təhlil olunur. Bu gün Qərbi Azərbaycanla bağlı məsələlərin beynəlxalq elmi müstəvidə təqdim olunması üçün məhz belə fundamental tədqiqatlara ehtiyac vardır. Tarixi həqiqətlərin müdafiəsi yalnız siyasi bəyanatlarla deyil, ciddi elmi araşdırmalarla mümkündür. Monoqrafiya bu baxımdan Qərbi Azərbaycan tarixinin öyrənilməsi istiqamətində mühüm akademik baza yaradır.
Kitabın mühüm cəhətlərindən biri də İrəvan bölgəsinin tarixini Azərbaycan dövlətçilik ənənələrinin tərkib hissəsi kimi təqdim etməsidir. Müəllif bölgənin inzibati-idarəetmə sistemini, siyasi institutlarını və sosial quruluşunu araşdırmaqla İrəvan bölgəsinin Azərbaycan tarixində tutduğu yeri müəyyənləşdirir.
Bu baxımdan əsər təkcə regional tarix nümunəsi deyil, həm də Azərbaycan dövlətçilik tarixinin öyrənilməsi üçün mühüm elmi mənbədir.
İspan dili müasir dünyada ən geniş yayılmış dillərdən biri olmaqla yanaşı, beynəlxalq elmi və humanitar kommunikasiyanın mühüm vasitələrindən biridir. Bu gün yüz milyonlarla insan ispan dilində danışır. BMT-nin rəsmi 6 dilindən biri məhz ispan dilidir. İspan dili Avropa, Latın Amerikası və Şimali Amerikanın bir sıra ölkələrində elm, təhsil və mədəniyyət sahələrində geniş istifadə olunan beynəlxalq ünsiyyət vasitəsidir. Bu baxımdan Azərbaycanın İrəvan bölgəsinin tarixinə həsr olunmuş fundamental bir tədqiqat əsərinin ispan dilində nəşr olunması Azərbaycan tarixşünaslığının beynəlxalq elmi məkana inteqrasiyası istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir.
Əsərin ispan dilində nəşri elmi diplomatiyanın mühüm elementlərindən biri kimi çıxış edir. Müasir dövrdə dövlətlərin beynəlxalq nüfuzu yalnız siyasi və iqtisadi göstəricilərlə deyil, həm də onların elmi və mədəni irsinin beynəlxalq səviyyədə təqdim olunması ilə müəyyən edilir. Tarixi araşdırmaların dünya dillərinə tərcüməsi ölkənin elmi potensialının və intellektual irsinin tanıdılmasına xidmət edir. Bu mənada kitabın ispan dilində nəşri Azərbaycanın tarixi irsinin beynəlxalq elmi ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımdır.
Namiq KƏRİMOV
ADU Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru



