|
|
|
|

Latviyanın Azərbaycandakı səfirliyi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı çərçivəsində azərbaycanlı rəssam Əli Şəmsinin “Bir Səmanın altında: Qafqaz dağlarından Baltik dənizinə qədər” adlı rəsm sərgisi açılıb.
525.az xəbər verir ki, sərginin açılışında xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Latviyanın ölkəmizdəki səfiri Edqars Skuya çıxışında Əli Şəmsinin yaradıcılığından söz açıb, onu unikal rəssam adlandırıb. Səfir deyib ki, Latviyadan gələn bütün qonaqlar İçərişəhərdə Əli Şəmsinin qalereyasına baş çəkirlər. Onlar daha sonra səfirliyə gələndə onun yaradıcılığı barədə böyük maraqla danışırlar. Biz isə deyirik ki, əlbəttə hamımız Əli Şəmsini tanıyırıq, onun qaleriyasında qonaq olmuşuq, əsərləri ilə tanışıq”.
Səfir deyib ki, bu sərgidə nümayiş olunan əsərlər rəssamın ənənəvi yaradıcılıq üslubundan seçilir:
“Bu sərgi Əli Şəmsinin Latviyaya səfəri zamanı qazandığı təəssüratlar əsasında ərsəyə gəlib. Həmin səfərdən ilhamlanan rəssam Latviyanın təbiətinə həsr olunmuş 54 rəsm əsəri yaradıb. Bu əsərlərdə Baltik ölkəsinin füsunkar təbiəti Əli Şəmsinin özünəməxsus bədii baxışı və ifadə tərzi ilə əks olunub”.
Rəssam Əli Şəmsi çıxışında bildirib ki, incəsənətin sərhədi yoxdur və o, xalqları, insanları, mədəniyyətləri bir-birinə yaxınlaşdırır. Onun sözlərinə görə, rəssamlıq dili tərcüməyə ehtiyac duymayan universal bir dildir və insanları ortaq hisslər ətrafında birləşdirir.
Rəssam qeyd edib ki, Latviyaya səfəri zamanı bu ölkənin təbiətindən, rəng çalarlarından və atmosferindən ilham alıb. Məhz bu təəssüratlar nəticəsində ərsəyə gələn əsərlər vasitəsilə o, iki xalq arasında mədəni əlaqələrə öz yaradıcılığı ilə töhfə verməyə çalışıb.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, rəssam Əli Şəmsi Azərbaycanın müasir incəsənət nümayəndələrindən biridir. Onun rəsmləri zəngin rənglər və dərin emosionallıqla seçilir, vətəninin zəngin mədəniyyətindən və təbiətindən ilhamlanır. Əsərləri dünyanın aparıcı qalereyalarında nümayiş etdirilib və həm tənqidçilər, həm də kolleksiyaçılar tərəfindən tanınıb.
Əli Şəmsi 1985-ci ildən bəri Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Şəmsinin üslubunun unikallığı onun klassik Azərbaycan motivlərini innovativ elementlərlə ahəngdar şəkildə birləşdirmək, müxtəlif bədii zövqlərə malik tamaşaçılarla rezonans doğuran və onlar üçün əlçatan olan əsərlər yaratmaq bacarığındadır.
Pərvanə Sultanova










