|
|
|
|

Daşkəndin universitet tələbələrinin Azərbaycan sevgisinə işarə olaraq bu ad altında yaratdıqları incəsənət kollektivi dahi Üzeyir Hacıbəyovun operettalarından, eləcə də hər iki xalqın sevilən mahnı və rəqslərindən Gəncə Filarmoniyasının yay səhnəsində böyük dostluq tablosu yaratdı desək, yanılmarıq.
Mədəniyyət Nazirliyinin və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsi çərçivəsində reallaşan bu tədbirlər həqiqətən də ortaq milli-mədəni dəyərlərə sahib iki xalqın birlik simvollarının daha bir nümunəsi oldu.
Özbək gənclərinin “Xarıbülbül” səhnə və musiqi truppası üzvlərinin, həmçinin Gəncənin musiqi kollektivlərinin həmahəng çıxışlarının böyük şövq və səmimiyyətini dərindən duymuş tamaşaçıların sürəkli alqış və dostluq nidaları da bu uğurun sübutu idi.
Dostluq axşamında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Akif Marifli çıxış edərək layihənin xalqlarımız arasında mədəni dialoqun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını, xüsusilə Azərbaycan və Özbəkistan gəncləri arasında mədəni, humanitar və dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.
O, həmçinin ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlığın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin göstərdikləri xüsusi diqqət və siyasi iradə sayəsində daha yüksək səviyyəyə çatdırıldığını bildirib.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Aygün Səmədzadə və AMEA-nın Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov da çıxışlarında Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin ortaq tarixi köklərə, zəngin mədəni irsə və mənəvi dəyərlərə mailk olduğunu vurğulayıblar.
Gəncə Dövlət Filarmoniyası və şəhər ictimaiyyəti adından Özbəkistanlı qonaqlara dahi Üzeyir Hacıbəyovun portreti, eləcə də Gəncənin tanınan mənzərələrini əks etdirən rəsmlər hədiyyə olunub.
Özbəkistanlı gənclər öz müəllimlərinin və Azətbaycan Mədəniyyət Mərkəzinin təmsilçiləri ilə birgə Gəncənin bir sıra əlamətdar yerlərində olublar, dahi Nizami Gəncəvinin Məqbərə Kompleksinin ziyarəti zamanı şairin məzarı önündə onun ruhuna dualar oxuyublar, yaxınlıqda yerləşən Nizami Gəncəvi Muzeyində türk dünyasının bu böyük söz və fikir adamının yaradıcılığı haqda biliklərini artırıblar.
Qonaqlar Gəncə Memorial Kompleksini ziyarət edərkən, onlara 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması və bu hücumların dinc əhali üçün doğurduğu faciəvi nəticələr barədə ətraflı məlumat verilib və bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış bu məkan raket hücumları nəticəsində həlak olmuş dinc sakinlərin xatirəsinin əbədiləşdirilməsinə, həmin faciələrlə bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir.
Özbəkistanlı gənclər və onların müəllimlərinin AMEA-nın Gəncə Bölməsində fəaliyyət göstərən Əlişir Nəvai adına Özbək Dili və Mədəniyyəti Mərkəzi ilə tanışlığı da maraqla keçib. Mərkəzin yaradılması iki il əvvəl Azərbaycan və Özbəkistan alimlərinin birgə təşəbbüsü əsasında gerçəkləşdirilib. Burada Türk mənəviyyat aləminin poetik söz və fikir dünyasının nəhəng simalarından olan böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin (1441-1501) əsərlərindən, eləcə də onun yaradıcılığına həsr olunmuş elmi və publisistik yazı materiallarından ibarət kitablar və digər çap materialları, yaratdığı motivlərə aid müinüatürlər, illüstrasiyalar, fotosurətlər və digər qiymətli nümunələr toplanıb.
Qeyd edək ki, “Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsi çərçivəsində tədbirlər ilulun 18-dək davam edəcək.
Zakir Muradov,
Gəncə






