|
|
|
|

"Azərbaycanda Süni İntellekt Akademiyasının yaradılması nəzərdə tutulur. Akademiya beynəlxalq standartlara uyğun tədris proqramları vasitəsilə 500 mühəndisin hazırlanmasını və 3 min nəfərlik süni intellekt icmasının formalaşdırılmasını hədəfləyir.Bu təşəbbüsün birbaşa insan kapitalının inkişafına və icma quruculuğuna yönəlməsi onun tətbiqi əhəmiyyətini artırır. Dünya reytinqində ilk 10 pillədə qərarlaşan xarici universitetlərlə qurulacaq tərəfdaşlıq yerli mütəxəssislərin qlobal tədris metodologiyaları əsasında hazırlanmasına şərait yaradır. Bu modelin gənc mütəxəssislərin müasir texnoloji bilikləri yerində mənimsəməsinə və daxili intellektual bazanın formalaşmasına xidmət etməsi nəzərdə tutulur”.
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov 525.az-a bildirib ki, müəyyən edilmiş kadr və icma hədəflərinin real iqtisadi nəticələrə çevrilməsi bir neçə konkret çağırışın həllindən asılıdır:
"Birincisi, hazırlanacaq mühəndislərin işləyə bilməsi üçün Azərbaycan dilində irihəcmli və keyfiyyətli verilənlər bazalarının (datasets) hazırlanması və müvafiq dövlət məlumatlarının təhlükəsiz şəkildə istifadəyə verilməsi mütləqdir. İkincisi, yetiştirilən yüksək ixtisaslı kadrların xarici şirkətlərə uzaqdan işləyərək daxili bazardan qopmaması üçün ölkə daxilində rəqabətqabiliyyətli əmək mühiti təklif olunmalıdır. Akademiyanın hazırlayacağı kadr potensialı "mygov" və ya digər milli rəqəmsal infrastruktur layihələrinə birbaşa inteqrasiya edilmədiyi təqdirdə, strategiyadan gözlənilən praktiki səmərə əhəmiyyətli dərəcədə aşağı olacaq".
Sevinc Qarayeva



