|
|
|
|

"Uzun illər ərzində beynəlxalq analitiklər Azərbaycanı təsvir edərkən eyni şablondan istifadə edirdilər: Cənubi Qafqazın enerji zəngini olan regional oyunçu. Coğrafi mövqeyi, ərazisi, əhalisi – bütün bunlar sanki ölkəni bu çərçivədə saxlamaq üçün yetərli sayılırdı. Son bir neçə il bu təsəvvürü alt-üst etdi. Ərazi bütövlüyünün və suverenliyin hərbi-siyasi yolla tam bərpası, müasir ordunun döyüş meydanında ortaya qoyduğu imkanlar, Avropanın enerji təhlükəsizliyi xəritəsində Bakının artan çəkisi, Şərq-Qərb nəqliyyat dəhlizlərinin genişlənməsi – bütün bunlar Azərbaycanı əvvəlki “regional” etiketindən qoparırdı. Təəccüblü olan başqa şey idi, reallıq sürətlə dəyişsə də, bu reallığın beynəlxalq miqyasda qavranılması həmişə geridən gəlirdi. Məhz bu gecikməni aradan qaldırmaq üçün yeni bir konseptual dilə ehtiyac var idi. Şuşada bu dil təklif olundu. Prezident “orta güc” anlayışını sadəcə bir termin kimi səsləndirmədi. Onu Azərbaycan reallığına uyğunlaşdıraraq beş konkret meyarla çərçivələdi və bu beş bəndin hər birinin arxasında son illərin real siyasi təcrübəsi dayanır".
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bunu 525.az-a deyib. Onun sözlərinə əsasən, milli maraqları qorumaq. Azərbaycan diplomatiyasının son 20 ildəki ən səciyyəvi cəhəti məhz budur, heç bir xarici təzyiq qarşısında strateji maraqlardan geri çəkilməmək. İkincisi, müqavimət göstərmək. Söhbət təkcə hərbi müqavimətdən getmir, siyasi və iqtisadi sıxışdırmalar, ikili standartlar qarşısında əyilməmək, öz xəttini qorumaq “orta güc” olmağın ən kritik şərtlərindən biridir. Döyüş meydanında sübut olunmuş müdafiə qabiliyyəti. 44 günlük Vətən müharibəsi və ondan sonrakı lokal əməliyyatlar bu meyarın kağız üzərində qalmadığını bütün dünyaya göstərdi. Dördüncüsü, beynəlxalq təsir imkanları. Qoşulmama Hərəkatına uğurlu sədrlik, COP29 kimi qlobal tədbirə ev sahibliyi, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü – bütün bunlar Bakının sözünün artıq regional sərhədləri aşdığını göstərən faktlardır. Və nəhayət, beşincisi, məsuliyyət. Məhz bu meyar “orta güc”ü sadəcə güclü dövlətdən ayırır. Azərbaycan enerji təhlükəsizliyindəki rolundan tutmuş beynəlxalq təşkilatlarda balanslaşdırıcı mövqeyinə qədər bu məsuliyyəti öz üzərinə götürdüyünü göstərib. Şuşa çıxışını əvvəlki bəyanatlardan fərqləndirən bir məqam da var idi:
"Prezident bu dəfə təkcə “nəyə nail olduğumuzu” deyil, “bu potensialı hara yönəldəcəyimizi” də açıq şəkildə ifadə etdi. Enerji diplomatiyasının çəkisi artıq heç kimə sirr deyil. Bu gün Avropanın qaz anbarları boşalma təhlükəsi ilə üzləşəndə, Bakının sözü Brüsseldə daha aydın eşidilir. Prezidentin çıxışında enerji təhlükəsizliyinə ayrıca toxunması bu kontekstdə təsadüfi deyildi.
Daha bir strateji istiqamət – Orta Dəhliz. Əgər əvvəllər Azərbaycan tranzit ölkəsi kimi qəbul edilirdisə, indi Avropa ilə Asiya arasında iqtisadi və geosiyasi əlaqələrin əlaqələndirici mərkəzinə çevrilmək iddiası ortadadır. Və bəlkə də ən cəsarətli mesaj: ABŞ-ın 907-ci düzəlişinin ləğvinin zəruriliyi. Soyuq müharibənin qalığı olan bu düzəlişin adını beynəlxalq forumda açıq şəkildə çəkmək, artıq müdafiədə deyil, tələb edən mövqedə olmağın göstəricisidir. İstənilən yeni siyasi statusun taleyi təkcə onu elan edənin iradəsindən asılı deyil. Beynəlxalq münasibətlərdə dövlətlərin çəkisi, həm də tərəfdaşların və institutların onları necə qəbul etməsi ilə müəyyənləşir. Prezidentin çıxışında bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı uzun illərdir nümayiş etdirdiyi ikili standartlara toxunması məhz bu səbəbdən idi – yeni status, yeni yanaşma tələb edir.
Bu çıxışın beynəlxalq müstəvidə fərqli təsitər yaradacağı gözləniləndir. Lakin bir şey artıq aydındır, Azərbaycan öz xarici siyasətini yeni siyasi və nəzəri çərçivədə təqdim etməyə başlayıb. Əgər əvvəllər ölkə daha çox regional təhlükəsizlik və enerji siyasətinin iştirakçısı kimi qəbul edilirdisə, indi beynəlxalq gündəliyin formalaşmasına töhfə vermək iddiası rəsmən və açıq şəkildə ifadə olunur. Məhz buna görə Şuşa forumundakı çıxış Azərbaycanın xarici siyasət tarixində yeni bir fəslin başlanğıcı kimi oxunmalıdır. Və bu fəslin başlığı artıq məlumdur - “Orta güc”".
Sevinc Qarayeva



