|
|
|
|

Rəşad İlyasov, fəlsəfə doktoru
Qloballaşma dünyanı inteqrasiya olunmuş bir məkana çevirməyə çalışmaqla bərabər, yerli və etnik kimliklərin yenidən canlanmasına da səbəb olmuşdur. Beləliklə, universalizm və fərqlilik, homogenləşmə və müxtəliflik, qlobal və lokal meyllər arasında təzadlı məqamlar meydana gəlmişdir.
Müasir beynəlxalq münasibətlər sistemində multikulturalizm təkcə dövlətlərin daxili sosial siyasətinin elementi deyil, həm də qlobal idarəetmə, sülh quruculuğu, diplomatiya və beynəlxalq əməkdaşlığın mühüm amillərindən biridir. Bu şəraitdə multikulturalizm beynəlxalq münasibətlərin sabitliyinə və davamlı inkişafına töhfə verən konseptual və praktiki mexanizm kimi çıxış edir.
Mədəni müxtəlifliyə sadəcə ‘dözmək’ kifayət deyil, onu legitim və bərabər əsasda qəbul etmək lazımdır. Bu gün multikulturalizmin iflasa uğradığını deyənlər əslində ideyanın özünü deyil, onun uğursuz tətbiq formalarını tənqid edirlər. Problem multikulturalizmin mahiyyətində yox, sosial inteqrasiyanın zəifləməsində və paralel cəmiyyətlərin yaranmasındadır. Əgər vətəndaşlıq kimliyi zəifdirsə, mədəni müxtəliflik sosial parçalanmaya çevrilə bilər. Demokratik cəmiyyətlərdə bu iki anlayış qarşı-qarşıya qoyulmamalıdır. Güclü və inklüziv vətəndaş kimliyi etnik və dini identiklikləri inkar etmir, əksinə onları demokratik çərçivədə uzlaşdırır. Bu balansın pozulması sosial həmrəyliyin zəifləməsinə, populizmin və radikalizmin güclənməsinə gətirib çıxara bilər. Ona görə də multikulturalizm demokratik sabitliyin mühüm şərtlərindən biri kimi dəyərləndirilir.
Müasir dövlətlərin əksəriyyəti çoxmədəniyyətli cəmiyyətlərdən ibarətdir. Multikulturalizm müxtəlif etnik, dini və dil qruplarının hüquqlarının tanınmasını və qorunmasını təşviq edir. Bu isə daxili sabitliyin möhkəmlənməsinə və sosial qarşıdurmaların azalmasına şərait yaradır. Daxili sabitlik isə öz növbəsində dövlətlərin beynəlxalq arenada daha etibarlı tərəfdaş kimi çıxış etməsinə imkan verir. Multikulturalizm sadəcə mədəni müxtəlifliyin tanınması deyil, həm də müəyyən siyasi və ideoloji nəticələr doğuran bir prosesdir. Bu səbəbdən onun həm imkanları, həm də riskləri diqqətlə təhlil edilməlidir. Fərqliliklərin tanınması demokratik baxımdan vacib olsa da, kimliklərin həddindən artıq vurğulanması sosial parçalanma riskini də artırır. Əgər hər bir qrup yalnız öz fərqliliyini ön plana çıxararsa, ortaq ictimai məkan zəifləyə, vətəndaşlıq şüuru arxa plana keçə və cəmiyyət daxilində yeni qarşıdurmalar yarana bilər.
Hazırda dünyada multikulturalizm anlayışı təkcə akademik müzakirələrin deyil, eyni zamanda siyasi diskursun da mərkəzində dayanır. Digər tərəfdən multikulturalizm cəmiyyətin mənimsədiyi normativ dəyərlər sistemidir.Bu yanaşmada əsas diqqət fərqliliklərin sadəcə tolerantlıq çərçivəsində qəbuluna deyil, onların bərabər hüquqlu tanınmasına yönəlir. Multikulturalizm fərqli mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşmanı təşviq edir. Xüsusilə XXI əsrdə dini radikalizm, islamofobiya, antisemitizm və ksenofobiya kimi problemlərin artdığı şəraitdə multikulturalizm sivilizasiyalararası dialoq üçün vacib platforma rolunu oynayır.
Amerikalı alim Jozef Nay tərəfindən irəli sürülmüş “yumşaq güc”(soft power) konsepsiyasına görə, dövlətlər yalnız hərbi və iqtisadi vasitələrlə deyil, mədəniyyət, dəyərlər və ideyalar vasitəsilə də təsir göstərə bilirlər. Multikultural dəyərləri təşviq edən dövlətlər beynəlxalq aləmdə daha müsbət imic qazanır, bu da onların diplomatik və siyasi nüfuzunu artırır.
Multikulturalizmin çağdaş interpretasiyası
Multikulturalizm klassik mənada fərqliliklərin tanınması və qorunması prinsipinə əsaslansa da, çağdaş dünyada bu anlayış daha mürəkkəb məna qazanmışdır. Multikulturalizm yalnız mədəni müxtəlifliyin passiv şəkildə qəbul edilməsi deyil, eyni zamanda bu müxtəlifliklər arasında aktiv dialoqun və qarşılıqlı anlaşmanın təmin edilməsidir. Bu yanaşma multikulturalizmi statik modeldən çıxararaq dinamik sosial proses kimi təqdim edir. Belə ki, fərqli identikliklərin qarşılıqlı təsiri nəticəsində yeni sosial və mədəni formalar meydana çıxır. Bu isə multikulturalizmin yalnız qoruyucu deyil, həm də yaradıcı potensiala malik olduğunu göstərir.
Multikulturalizmin uğursuzluğu kimi təqdim edilən hallar əslində sosial-iqtisadi bərabərsizliklər, siyasi inklüzivliyin zəifliyi və institusional çatışmazlıqlarla bağlıdır. Bu baxımdan multikulturalizmin tənqidi, daha çox onun praktik həyata keçirilmə mexanizmi ilə bağlıdır. Son illərdə multikulturalizmin “böhranı” ilə bağlı diskurslar geniş yayılmışdır. Xüsusilə Avropada artan populizm, miqrasiya axınları və təhlükəsizlik narahatlıqları multikultural siyasətlərin yenidən nəzərdən keçirilməsinə səbəb olmuşdur. Problemin kökü multikulturalizmin özündə deyil, onun qeyri-bərabər və selektiv tətbiqindədir.
Mədəni müxtəlifliyə sadəcə ‘dözmək’ kifayət deyil, onu legitim və bərabər əsasda qəbul etmək lazımdır. Bu gün multikulturalizmin iflasa uğradığını deyənlər əslində ideyanın özünü deyil, onun uğursuz tətbiq formalarını tənqid edirlər. Problem multikulturalizmin mahiyyətində yox, sosial inteqrasiyanın zəifləməsində və paralel cəmiyyətlərin yaranmasındadır. Əgər vətəndaşlıq kimliyi zəifdirsə, mədəni müxtəliflik sosial parçalanmaya çevrilə bilər. Demokratik cəmiyyətlərdə bu iki anlayış qarşı-qarşıya qoyulmamalıdır. Güclü və inklüziv vətəndaş kimliyi etnik və dini identiklikləri inkar etmir, əksinə onları demokratik çərçivədə uzlaşdırır. Bu balansın pozulması sosial həmrəyliyin zəifləməsinə, populizmin və radikalizmin güclənməsinə gətirib çıxara bilər. Ona görə də multikulturalizm demokratik sabitliyin mühüm şərtlərindən biri kimi dəyərləndirilir.
Multikulturalizmin əsas problemlərindən biri fərqli qruplar arasında real dialoqun qurulmasıdır. Formal tolerantlıq çox zaman səthi xarakter daşıyır və dərin sosial inteqrasiyanı təmin etmir. Multikultural cəmiyyətlərdə əsas məqsəd yalnız fərqliliklərin mövcudluğunu qəbul etmək deyil, həm də bu fərqliliklər arasında mənalı ünsiyyət və qarşılıqlı tanınma mühiti yaratmaqdır. Bu kontekstdə təhsil, media və vətəndaş cəmiyyəti institutlarının rolu xüsusi əhəmiyyət kəsb edir. Onlar müxtəlif qruplar arasında stereotiplərin aradan qaldırılmasına və ortaq dəyərlərin formalaşmasına töhfə verə bilər.
Multikulturalizm çağdaş dünyada nə alternativsiz ideal, nə də tam iflasa uğramış modeldir. O, davamlı olaraq yenilənməli, sosial reallıqlara uyğunlaşdırılmalı və inklüziv institutlarla dəstəklənməlidir. Multikulturalizmin gələcəyi onun nə dərəcədə ədalətli, inklüziv və dialoqa açıq olmasından asılıdır. Bu baxımdan, multikulturalizm etik və sosial məsuliyyət olmaqla yanaşı eyni zamanda dövlət siyasətidir.
Bir çox beynəlxalq və daxili münaqişələrin kökündə etnik, dini və ya mədəni fərqliliklər dayanır. Multikulturalizm bu fərqliliklərin qarşıdurma deyil, əməkdaşlıq mənbəyinə çevrilməsini təşviq edir. Bu səbəbdən münaqişədən sonrakı cəmiyyətlərdə barışıq və reinteqrasiya proseslərində multikultural yanaşmalar geniş tətbiq olunur.
Beynəlxalq münasibətlər nəzəriyyəsində multikulturalizm əsasən konstruktivist yanaşma çərçivəsində araşdırılır. Konstruktivist alimlər, xüsusilə Aleksandr Vendt, beynəlxalq siyasətdə identiklik, norma və dəyərlərin rolunu vurğulayır. Bu yanaşmaya görə dövlətlərin davranışları yalnız maddi maraqlarla deyil, həm də mədəni və ideoloji amillərlə müəyyən edilir. Bundan əlavə, Tarıq Madud və Bixu Parex kimi alimlər multikulturalizmi demokratik və inklüziv cəmiyyətlərin qurulmasının vacib şərti kimi qiymətləndirirlər.
Beynəlxalq münasibətlər sistemində multikulturalizm müxtəlif mədəniyyətlərin, dinlərin və etnik qrupların qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında birgə fəaliyyət göstərməsini təmin edən mühüm konsepsiyadır. O, dövlətlərin daxili sabitliyini gücləndirir, beynəlxalq dialoqu inkişaf etdirir, münaqişələrin qarşısının alınmasına kömək edir və qlobal sülhün möhkəmlənməsinə töhfə verir. XXI əsrin mürəkkəb və çoxşaxəli beynəlxalq sistemində multikulturalizm yalnız sosial siyasət modeli deyil, həm də qlobal idarəetmənin və beynəlxalq təhlükəsizliyin vacib elementi kimi çıxış edir.



