|
|
|
|

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Regionlarda peşəkar teatr dərsləri” layihəsi çərçivəsində Qusar Dövlət Ləzgi Dram Teatrında “Danışan bədən: bədənin ideya və sözlə sinxronlaşdırılması” mövzusunda ustad dərsi təşkil olunub.
525.az-a Mərkəzdən bildirilib ki, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən ustad dərsi aktyor, rejissor Ceyhun Dadaşov və MEMİM-in əməkdaşı teatrşünas Dağlar Yusif tərəfindən aparılıb.
Ustad dərsi zamanı səhnədə söz və bədənin dilinin uyğunlaşması, psixofiziki bütövlüyün əldə edilməsi, daxili impulsun fiziki ifadəyə çevrilməsi və aktyor plastikasının formalaşdırılması ilə bağlı praktik məşğələlər icra edilib.
Teatr kollektivinin həvəslə iştirak etdiyi dərsdə C.Dadaşov və D.Yusif tərəfindən müəllifin qayəsi və aktyor oyunu, səhnə mədəniyyəti və s. məsələlərə toxunulub, bir sıra səhnə hərəkətləri real icra olunub.
Qeyd edək ki, 2024-cü ilin oktyabr ayından təşkil olunan layihə teatr kollektivlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, regionlarda aktiv yaradıcı mühitin formalaşdırılması, teatr sənəti ilə bağlı müasir tendensiyaların diqqətə çatdırılması məqsədi daşıyır. Layihə ötən il Lənkəran Dövlət Dram Teatrında, Qax Dövlət Gürcü Dram Teatrında, Qazax, Ağdam və Füzuli Dövlət Dram teatrlarında uğurla həyata keçirilib.



