|
|
|
|

Bu il torpaqşünas alim, AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru, professor Amin İsmayılovun 75 yaşı tamam olub. Görkəmli alim torpaq və su resurslarının gələcəyi, iqlim dəyişikliklərinin yaratdığı risklər, Xəzər regionunun ekoloji problemləri, müasir elmin inkişafında rəqəmsal texnologiyalar və süni intellektin rolu, eləcə də digər aktual mövzularda suallarımızı ətraflı cavablandırıb.
- Amin müəllim, hər kəsə məlumdur ki, torpaq ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından əvəzsiz rola malikdir. Ona görə də torpaqşünaslıq elminin qarşısında duran vəzifələr fövqalədə dərəcədə aktual və məsuliyyətlidir. Hazırda torpaqşünaslıq elminin inkişaf trendləri haqqında nə deyə bilərsiniz?
- Doğrudur, torpaq insan həyatında əvəzsiz rola malikdir. Lakin buna baxmayaraq, bütün dünya miqyasında torpaq örtüyünün qorunması və ondan səmərəli istifadə məsələlərinə heç də həmişə lazımi qayğı ilə yanaşılmayıb. Müasir qlobal iqlim dəyişikliklərinin baş verdiyi bir dövrdə təbii ehtiyatların azalması və çirklənməsi tendensiyasının intensivləşməsinin şahidi oluruq. Belə bir şəraitdə dünyanın bütün ölkələri ərzaq təhlükəsizliyinin təmin edilməsini prioritet istiqamət kimi qəbul edirlər. Ərzaq təhlükəsizliyinin təmin olunması isə torpaq örtüyünün qorunması və onun münbitliyinin artırılması ilə birbaşa bağlıdır.
İlk növbədə qeyd etmək lazımdır ki, torpaq bərpa olunmayan təbii sərvətdir. Bir faktı qeyd edim ki, cəmi 10 sm qalınlığında torpaq qatının formalaşması üçün təxminən 2000 il vaxt tələb olunur. Bundan başqa, Yer kürəsinin ümumi torpaq örtüyünün yalnız 12 faizi kənd təsərrüfatı istehsalı üçün yararlı hesab edilir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, hazırda torpaqdan düzgün istifadə olunmaması nəticəsində bütün dünyada əkinəyararlı torpaq sahələrinin yararsız vəziyyətə düşməsi və azalması prosesi davam edir. Torpaq ehtiyatlarının artıq 33 faizi deqradasiyaya uğrayıb. Torpaq sahələrinin azalması tendensiyasının davam etdiyi bir vaxtda dünya əhalisinin sayı və ərzağa olan tələbat durmadan artır. BMT-nin proqnozlarına əsasən, 2050-ci ildə planetimizin əhalisi 9 milyard nəfərə çatacaq. Əgər hazırda dünya əhalisinin 54 faizi şəhərlərdə yaşayırsa, 2050-ci ildə bu göstəricinin 66 faizə yüksələcəyi proqnozlaşdırılır.
Müasir dövrdə artan dünya əhalisinin ərzaq tələbatının ödənilməsi üçün kənd təsərrüfatı məhsullarının istehsalının dünya üzrə 60 faiz, inkişaf etmiş ölkələrdə isə 100 faiz artırılmasına böyük ehtiyac vardır. Bütün bunlar torpaq örtüyünün münbitliyinin qorunması və torpaqlara zərərli təsirlərin azaldılması istiqamətində milli və beynəlxalq səviyyədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir. Əlbəttə ki, bu kimi tədbirlərin əsasını genişmiqyaslı torpaq tədqiqatları təşkil edir.
Məhz buna görə də beynəlxalq səviyyədə torpaq tədqiqatlarına diqqət durmadan artır. Problemin aktuallığının beynəlxalq səviyyədə qəbul edilməsinin bariz nümunəsi kimi, BMT Baş Assambleyasının 2015-ci ili “Beynəlxalq Torpaq İli” elan etməsini göstərmək olar. Əvvəlcə bir il üçün nəzərdə tutulan bu təşəbbüs sonradan 10 illik proqram kimi təsdiqləndi ki, bu da dünya ictimaiyyətinin və beynəlxalq qurumların torpaq örtüyünün qorunması ilə bağlı narahatlığının göstəricisidir.
Bundan başqa, torpağa qayğının davamlı prosesə çevrilməsini və bu məsələnin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə BMT-nin müvafiq qərarına əsasən, hər il dekabrın 5-də Dünya Torpaq Günü (World Soil Day – WSD) qeyd olunur. Dünyanın demək olar ki, bütün ölkələrdə qeyd edilən bu günün əsas məqsədi ictimaiyyətin diqqətini ekosistemin mövcudluğu və insan cəmiyyətinin rifahının təmin olunmasında torpağın mühüm roluna yönəltməkdir.
Qeyd etmək lazımdır ki, FAO torpaq ehtiyatlarının qorunması sahəsində öz mandatına uyğun olaraq bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Bizim də yaxından iştirak etdiyimiz Qlobal Torpaq Tərəfdaşlığı (Global Soil Partnership – GSP) bu istiqamətdə ən mühüm təşəbbüslərdən biridir. Proqram FAO tərəfindən 2012-ci ildə təsis olunub və hazırda da fəaliyyətini uğurla davam etdirir. Torpaqşünaslıq elminin dünya miqyasında inkişaf istiqamətlərini müəyyən edən əsas platformalardan biri də 2015-ci ilin iyun ayında FAO-nun 39-cu sessiyasında qəbul edilmiş Ümumdünya Torpaq Xartiyasıdır. Əslində, bu sənəd Xartiyanın yeni redaksiyasıdır, çünki ilk Ümumdünya Torpaq Xartiyası 1981-ci ildə qəbul edilmişdi.
2015-ci ildə qəbul edilən Ümumdünya Torpaq Xartiyası 5 istiqaməti əhatə etməklə torpaq tədqiqatlarının, xəritələşdirilməsinin, təsnifatının və metodikalarının harmonizasiyası baxımından milli torpaqşünaslığın inkişafı üçün mühüm elmi və praktiki əhəmiyyətə malikdir. Bu sənəd ekosistemin mövcudluğu və insan cəmiyyətinin rifahının təmin olunmasında torpağın mühüm rolunu dünya ictimaiyyətinin diqqətinə çatdırmağa xidmət edir.
- Elmi fəaliyyətinizə nəzər saldıqda görürük ki, tədqiqatlarınız əsas etibarilə torpaqşünaslığın aktual problemlərinə həsr olunub. Namizədlik dissertasiyanız şorlaşmış torpaqların meliorasiyası, doktorluq dissertasiyanız isə ölkəmizdə müasir geoinformasiya texnologiyaları əsasında torpaq informatikasının yaradılması ilə bağlı olmuşdur. Maraqlıdır, torpaqşünaslıqda rəqəmsal texnologiyaların tətbiqi ideyası necə yarandı və bu istiqamətə diqqət ayırmağınıza səbəb nə oldu?
- Tamamilə doğrudur. Sovet dövründə respublikamızda genişmiqyaslı meliorasiya layihələri həyata keçirilir, torpaqların duzlardan yuyulması üçün çox böyük həcmdə suvarma suyundan istifadə olunurdu. Buna görə də namizədlik tədqiqatım suvarma suyu əvəzinə, istifadəsiz şəkildə dənizə axıdılan minerallaşmış kollektor-drenaj sularından torpaqların duzlardan yuyulmasında istifadə imkanlarının öyrənilməsinə həsr olunmuşdu.
Bu tədqiqatları başa çatdırdıqdan sonra, 1985-ci ildə Moskva kollektivinin tərkibində torpaqşünas-ekspert kimi Suriya Ərəb Respublikasında işləməyə dəvət olundum. Üç illik fəaliyyətim dövründə müxtəlif ölkələrdən olan ekspertlərlə tanış oldum. Məhz həmin illərdə keçmiş Sovet İttifaqında torpaq informatikasının əsasını qoymuş tanınmış torpaqşünas alim, professor A.V.Rojkov ilə tanışlığım oldu.
Bakıya qayıtdıqdan sonra, 1991-ci ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Torpaq və aqrokimya tədqiqatlarında EHM-dən istifadə” qrupunu yaratdıq. 1995-ci ildə isə həmin qrupun bazasında “Torpaq informatikası” laboratoriyasını təsis etdik. Bununla da ölkəmizdə torpaq informasiya sisteminin yaradılmasının konseptual əsaslarının formalaşdırılmasına başladıq. Bu istiqamətdə aparılan elmi araşdırmaların məntiqi davamı kimi rəqəmsal torpaq xəritəçiliyinin əsası qoyuldu.
- Son 20 ildə fəaliyyətinizin əsas istiqamətlərindən biri də Azərbaycan torpaqşünaslığının beynəlxalq torpaq-ekoloji məkana inteqrasiyası olmuşdur. Sizi belə bir mürəkkəb və məsuliyyətli istiqamətdə çalışmağa sövq edən nə oldu?
- Qeyd etdiyimiz kimi, 2005-ci ilə qədər tədqiqatlarımız əsasən torpaq informatikası, o cümlədən torpaq verilənlər bazasının yaradılması və rəqəmsal torpaq xəritəçiliyi sahələrini əhatə edirdi. Bu işlərin icrası zamanı müxtəlif xarici elmi mərkəzlərlə əlaqələr qurmağa çalışırdıq. Avropa Torpaq İnformasiya Sistemi ilə tanış olduqda məlum oldu ki, burada Azərbaycan torpaqşünaslığı haqqında heç bir məlumat yoxdur. Avropa Torpaq Bürosunun məlumat bazasında Azərbaycana aid cəmi bir torpaq xəritəsi mövcud idi və həmin xəritədə işğal olunmuş ərazilərimiz işğalçı dövlətin ərazisi kimi göstərilmişdi.
Məhz həmin andan etibarən bu ciddi səhvin aradan qaldırılması istiqamətində fəaliyyətə başladıq. Bu xəritədə yolverilməz səhvin olduğunu bildirdikdə, Avropalı həmkarlarımız izah etdilər ki, xəritələrin hazırlanması məqsədilə 2005-ci ildə beynəlxalq müsabiqə elan olunmuş, lakin Azərbaycandan heç kim bu müsabiqədə iştirak etməmişdir. Nəticədə, Afrikalı bir mütəxəssis Azərbaycanın torpaq örtüyü xəritəsini hazırlamağı öz üzərinə götürmüş və erməni dezinformasiyasına əsaslanan saxta bir xəritə təqdim etmişdir.
Bildiyiniz kimi, beynəlxalq məlumat bazalarında bu kimi səhvlərin aradan qaldırılması adətən uzun illər tələb edir. Bu fakt bir daha göstərdi ki, Azərbaycan torpaqşünaslığının beynəlxalq miqyasda layiqincə təmsil olunması hər bir torpaqşünas alimin diqqət mərkəzində olmalıdır.
Nəhayət, 2012-ci ildə bu səhvin aradan qaldırılmasına nail olduq. Bunun üçün Avropa Komissiyasının “Avropa Torpaq Verilənləri Bazasının genişləndirilməsi” (“Extension of the European Soil Database”) layihəsinə qoşulduq. Layihə çərçivəsində proqramın tələblərinə uyğun olaraq CİS bazasında, 1:1 000 000 miqyasında Azərbaycanın ilk rəqəmsal torpaq xəritəsini hazırlayıb təqdim etdik.
Avrointeqrasiya istiqamətində apardığımız bu tədqiqatın nəticələri 2013-cü ildə Avropa Komissiyasının Birgə Tədqiqatlar Mərkəzi (JRC, İtaliya) tərəfindən nəşr olunmuş “Soil Resources of Mediterranean and Caucasus Countries” adlı monoqrafiyada ayrıca “Soil Resources of Azerbaijan” fəsli kimi dərc edildi. Həmin dövrdən etibarən Azərbaycan torpaqşünaslığının beynəlxalq elmi məkana inteqrasiyası problemləri prioritet elmi istiqamət kimi müəyyənləşdirildi. Bu isə milli torpaqşünaslığın elmi və metodiki baxımdan beynəlxalq standartlara uyğunlaşdırılması kimi mürəkkəb məsələlərin həllini özündə ehtiva edir.

- Azərbaycan torpaqşünaslığının beynəlxalq inteqrasiyasında mühüm istiqamətlərdən biri də FAO ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyiniz layihələrdir. Qeyd etdiyiniz kimi, FAO Qlobal Torpaq Tərəfdaşlığına (Global Soil Partnership) xüsusi önəm verir. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən işlər və əldə olunan nəticələr barədə nə deyə bilərsiniz?
- Bəli, torpaq örtüyünün qorunması və onun münbitliyinin artırılması BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində mühüm istiqamətlərdən biridir. FAO da öz mandatına uyğun olaraq bu məqsədlərin reallaşdırılmasına xüsusi diqqət yetirir. 2015-ci ildə qəbul edilmiş Ümumdünya Torpaq Xartiyasında Xartiyaya qoşulmuş hökumətlər qarşısında duran əsas vəzifələrdən biri torpaqlar haqqında Milli İnformasiya Sisteminin yaradılması və inkişaf etdirilməsi, həmçinin Qlobal Torpaq İnformasiya Sisteminin formalaşdırılmasına dəstək verilməsidir.
Qeyd etmək lazımdır ki, Qlobal Torpaq İnformasiya Sisteminin əsas məqsədi müxtəlif ölkələrdə mövcud olan torpaq məlumatlarının vahid formata gətirilməsi, sistemləşdirilməsi və qlobal miqyasda toplanmasından ibarətdir.
Ümumdünya Torpaq Xartiyasında elmi ictimaiyyət qarşısında duran əsas vəzifələr də müəyyən edilib. Bunlara qlobal torpaq ehtiyatlarının vəziyyəti və torpaqlardan dayanıqlı istifadə ilə bağlı etibarlı elmi hesabatların hazırlanması və yayılmasına dəstək verilməsi, torpaqlar haqqında yüksək ayırdetmə qabiliyyətinə malik dəqiq qlobal informasiya sisteminin yaradılması üzrə fəaliyyətin əlaqələndirilməsi, eləcə də həmin sistemin Yerin məsafədən zondlanması üzrə qlobal sistemlərlə inteqrasiyasının təmin olunması daxildir.
Göründüyü kimi, Xartiyada müəyyən edilmiş bu istiqamətlər torpaq tədqiqatlarının ən aktual mövzularını əhatə etməklə yanaşı, bu sahədə elmi araşdırmaların gələcək inkişaf istiqamətlərini də müəyyənləşdirir. Bu hədəflərə nail olmaq üçün torpaqşünaslar qarşısında bir sıra əsas vəzifələr dayanır. Buraya torpaqların diaqnostikası, təsnifatı və tipoloji metodlarının təkmilləşdirilməsi, onların beynəlxalq səviyyədə harmonizasiyasının təmin edilməsi, vahid Torpaq Verilənləri Bazasının və müasir informasiya sistemlərinin yaradılması, kartoqrafik materialların rəqəmsallaşdırılması, həmçinin bütün bu tədbirlərin FAO və WRB (World Reference Base for Soil Resources, Beynəlxalq Torpaq Təsnifatı) tələblərinə uyğunlaşdırılması və s. daxildir
Bu çağırışlara uyğun olaraq, artıq Azərbaycanın milli torpaq təsnifatının beynəlxalq təsnifat sistemi ilə inteqrasiyası təmin edilmiş, beynəlxalq standartlara cavab verən müxtəlif miqyaslı rəqəmsal torpaq xəritələri hazırlanmışdır. Bunların arasında son illərdə AMEA-nın illik hesabatlarında ən mühüm elmi nəticələr sırasında yer alan Azərbaycanın 1:500 000, 1:200 000 və 1:100 000 miqyaslı rəqəmsal torpaq xəritələrini xüsusilə qeyd etmək olar.
Beynəlxalq inteqrasiya baxımından mühüm tədqiqatlardan biri də 2022-ci ildə başa çatdırılan “Soil Atlas of Asia” layihəsi olub. FAO və Avropa Komissiyasının Birgə Tədqiqatlar Mərkəzi (JRC) tərəfindən həyata keçirilən bu layihə çərçivəsində Azərbaycanın yeni rəqəmsal torpaq xəritəsi hazırlanaraq atlasa daxil edilib. Bu xəritənin əsas üstünlüyü ondan ibarətdir ki, beynəlxalq ekspertlərin moderatorluğu və həmsərhəd ölkələrin alimlərinin iştirakı ilə ilk dəfə olaraq sərhədyanı torpaqların taksonomik vahidlərinin harmonizasiyası həyata keçirilib.
Eyni zamanda son illərdə Qlobal Torpaq Tərəfdaşlığı çərçivəsində həyata keçirilən “Qlobal şorlaşmaya məruz qalmış torpaqlar” layihəsi üzrə müasir beynəlxalq standartlara cavab verən torpaq şorlaşması xəritələri hazırlanaraq qlobal informasiya platformasına daxil edilib.
- Amin müəllim, son illərdə qlobal iqlim dəyişiklikləri torpaq və su ehtiyatlarına ciddi təsir göstərmişdir. Azərbaycanın müxtəlif bölgələrində bu proseslərin yaratdığı əsas risklər nədən ibarətdir və onların qarşısının alınması üçün hansı elmi konseptual yanaşmaların işlənilməsini zəruri hesab edirsiniz?
- Məlum olduğu kimi, qlobal iqlim dəyişikliyinin əsas səbəblərindən biri atmosferdə karbon dioksidin (CO₂) konsentrasiyasının artmasıdır. Buna görə də əsas vəzifə bu qazın atmosferə emissiyasının azaldılmasıdır. Bu baxımdan torpaq örtüyü karbonun udulması və uzun müddət saxlanılması baxımından ən böyük təbii depolardan biri hesab olunur. Rəqəmlərlə ifadə etsək, Yer kürəsinin bitki örtüyündə və cansız üzvi maddələrində ümumilikdə 456 petaton üzvi karbon ehtiyatı olduğu halda, torpağın yalnız üst 1 metrlik qatında 1417 petaton, yəni təxminən üç dəfə artıq üzvi karbon toplanmışdır. Bu səbəbdən iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində ən mühüm vəzifələrdən biri torpaqda toplanmış üzvi karbonun atmosferə buraxılmasının qarşısını almaqdır. Bu isə bilavasitə torpaqdan səmərəli və elmi əsaslarla istifadə olunmasından asılıdır. Torpaq səthinin zəngin bitki örtüyü ilə örtülü olması, münbit üst qatın qorunması və torpaqdan aqrotexniki qaydalara uyğun istifadə edilməsi torpaqda üzvi karbonun toplanmasına şərait yaradır və iqlim dəyişikliyinin mənfi təsirlərinin zəiflədilməsinə mühüm töhfə verir.
Hazırda geniş vüsət almış torpaq deqradasiyası və səhralaşma prosesləri torpaqda toplanmış üzvi karbonun atmosferə buraxılmasına və bunun nəticəsində qlobal istiləşmənin sürətlənməsinə səbəb olur. Bu kimi qlobal problemlərin həlli, ilk növbədə, etibarlı məlumatların toplanmasını və geoməkan analizlərinin aparılmasını tələb edir. Məhz bu məqsədlə BMT-nin Qlobal Torpaq Tərəfdaşlığı (GSP) çərçivəsində Dünya Torpaq Üzvi Karbonu–17 (SOC-17) layihəsinə start verilmişdir. Layihənin tələblərinə uyğun olaraq ilk dəfə Azərbaycanın torpaqlarında üzvi karbon ehtiyatları tədqiq edilmiş və beynəlxalq standartlara uyğun torpaq üzvi karbon xəritəsi hazırlanmışdır. Həmin xəritə 2017-ci ildə FAO tərəfindən nəşr olunan Dünyanın ilk Torpaq Üzvi Karbonu Xəritəsinə daxil edilmiş və FAO-nun rəsmi saytında yerləşdirilmişdir. Bu fakt bir daha təsdiq edir ki, torpaq əvəzolunmaz təbii sərvətdir. Torpaq yalnız insanların ərzaq təhlükəsizliyinin təmin olunmasında deyil, həm də iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və ətraf mühitin mühafizəsi baxımından həlledici əhəmiyyətə malikdir.
- Prezident İlham Əliyevin ekoloji təhlükəsizliyin təmin edilməsi, su ehtiyatlarının səmərəli idarə olunması və “yaşıl inkişaf” siyasəti istiqamətində müəyyənləşdirdiyi prioritetlər alim və mütəxəssislərin qarşısında hansı mühüm vəzifələri müəyyənləşdirir?
- Torpaqşünaslığın müasir geoinformasiya texnologiyaları əsasında inkişaf etdirilməsi, milli torpaq informasiya sisteminin yaradılması və ölkəmizin beynəlxalq torpaq-ekoloji informasiya məkanına inteqrasiyası baxımından möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü” mühüm əhəmiyyət kəsb edir. Bu qərar torpaq tədqiqatlarının yeni yanaşmalar əsasında təşkilinə geniş imkanlar yaratmış, elmi araşdırmaların sistemli və məqsədyönlü aparılmasını stimullaşdırmışdır.
Torpaq tədqiqatlarının yeni iqtisadi rayonlar üzrə təşkili elmi nəticələrin təhlilini asanlaşdırmaqla yanaşı, verilənlər bazasının geoməkan baxımından vahid prinsiplər əsasında formalaşdırılmasına, mövcud uyğunsuzluqların aradan qaldırılmasına, eləcə də elm və istehsalat arasında inteqrasiyanın gücləndirilməsinə xidmət edir.
Bu istiqamətdə mühüm nəticələrdən biri də 2022-ci ildə hazırlanaraq 2025-ci ildə nəşr edilmiş Azərbaycan Respublikasının iqtisadi rayonlarının torpaq xəritələridir. Həmin xəritələrdə ənənəvi yanaşmalardan fərqli olaraq, torpaq tip vahidləri və torpaq xəritə vahidləri FAO-nun rəqəmsal torpaq xəritəçiliyi üzrə tövsiyə və metodologiyasına uyğun şəkildə tərtib edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 25 may 2025-ci il tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən mühüm tezislərdən biri də torpaq ehtiyatlarından səmərəli istifadə məsələsi idi. Dövlət başçısı çıxışında vurğulamışdır ki, torpaqların dəqiq təhlilinin aparılması, hər bir ərazi üzrə hansı kənd təsərrüfatı məhsulunun becərilməsinin daha məqsədəuyğun olduğunu müəyyən etməyə imkan verir. Bununla yanaşı, hər bir torpaq sahəsinin elmi əsaslarla qiymətləndirilməsi zamanı yeni texnologiyalardan, o cümlədən süni intellektdən, peyk məlumatlarından və yerüstü tədqiqatların nəticələrindən istifadənin zəruriliyi xüsusi qeyd edilmişdir. Səsləndirilən bu yanaşmalar torpaqşünaslığın rəqəmsallaşdırılması, müasir geoinformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və beynəlxalq standartlara uyğun milli torpaq informasiya sisteminin formalaşdırılması üçün mühüm imkanlar yaradır.
- Hazırda işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Həmin ərazilərin torpaq ehtiyatlarının öyrənilməsi, monitorinqi və dayanıqlı istifadəsi baxımından hansı elmi problemlər xüsusi aktuallıq kəsb edir?
- 2020-ci ildə əldə etdiyimiz tarixi qələbəmizdən ötən dövr ərzində digər elm sahələrində olduğu kimi, torpaqşünas alimlər də işğaldan azad edilmiş ərazilərin torpaq örtüyünün kompleks tədqiqinə başlamışlar. Müasir dövrdə peyk təsvirləri, geoinformasiya sistemləri və digər rəqəmsal texnologiyalar vasitəsilə istənilən ərazinin torpaq örtüyünü geoməkan baxımından təhlil etmək, onun vəziyyətini qiymətləndirmək və monitorinqini aparmaq mümkündür.
Bu istiqamətdə əldə olunmuş mühüm nəticələrdən biri müxtəlif elm sahələrini – geologiya, botanika, zoologiya, coğrafiya, torpaqşünaslıq və digər istiqamətləri təmsil edən alimlərin birgə əməyi nəticəsində 2024-cü ildə hazırlanaraq nəşr edilmiş “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”dır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təbii ehtiyatlarını elmi əsaslarla əks etdirən bu fundamental nəşrin hazırlanmasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya Agentliyinin kollektivinin xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Atlasda işğaldan azad olunmuş ərazilərin təbii ehtiyatları, o cümlədən torpaq və su resursları haqqında zəngin elmi məlumatlar və müasir kartoqrafik materiallar öz əksini tapmışdır.
Torpaq və su ehtiyatlarından səmərəli istifadəyə gəldikdə isə qeyd etmək lazımdır ki, bu ərazilərdə yaradılan aqrar istehsal müəssisələrində torpaqdan və sudan istifadə müasir elmi yanaşmalar və beynəlxalq standartlar əsasında təşkil olunur. Bölgənin zəngin su ehtiyatlarına malik olmasına baxmayaraq, su resurslarının qorunması və onlardan səmərəli istifadə məqsədilə ən müasir, suya qənaət edən suvarma texnologiyalarının tətbiqinə üstünlük verilir.
- Uzun illər ali məktəblərdə və elmi müəssisələrdə fəaliyyət göstərən alim, həmçinin pedaqoq kimi, torpaqşünaslıq sahəsində gənc tədqiqatçıların hazırlanması istiqamətində mövcud vəziyyəti necə qiymətləndirirsiniz və bu barədə hansı tövsiyələri vermək istərdiniz?
- Fikrimcə, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə yüksəkixtisaslı torpaqşünas mütəxəssislərə böyük ehtiyac vardır. Müasir dövrdə torpaqşünas yalnız öz ixtisası üzrə dərin biliklərə deyil, eyni zamanda geoinformasiya texnologiyaları ilə işləmək bacarığına da malik olmalıdır. Coğrafi İnformasiya Sistemləri (CİS), peyk təsvirləri və rəqəmsal məlumat bazaları ilə işləmək vərdişləri olmadan bu sahədə yüksək elmi nəticələr əldə etmək olduqca çətindir.
Eyni zamanda, süni intellekt texnologiyalarından istifadə artıq günün ən vacib tələblərindən birinə çevrilmişdir. Süni intellekt torpaqda gedən proseslərin modelləşdirilməsi, torpaq xəritələrində taksonomik vahidlər üzrə arealların müəyyənləşdirilməsi və geoməkan təhlillərinin aparılması istiqamətlərində geniş imkanlar açır və tədqiqatların səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.
Gənc tədqiqatçılara ən vacib tövsiyələrimdən biri də ingilis dilini yüksək səviyyədə mənimsəmələridir. Son 25 il ərzində müxtəlif beynəlxalq təşkilatlarda fəaliyyətim zamanı dəfələrlə gənc istedadlı mütəxəssislərə böyük tələbatın yarandığının şahidi olmuşam. Təəssüf ki, bir çox hallarda gənclərimiz məhz dil baryerinə görə bu imkanlardan yararlana bilmirlər. Torpaq tədqiqatları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarda, o cümlədən sıx əməkdaşlıq etdiyimiz FAO-da dünyanın müxtəlif ölkələrindən olan çoxsaylı gənc mütəxəssislər çalışırlar. İnanıram ki, yaxın gələcəkdə bu təşkilatlarda çalışan azərbaycanlı torpaqşünasların da sayı artacaq.
Sevindirici haldır ki, son illərdə iştirak etdiyim magistr dissertasiyalarının müdafiələrində istedadlı, təşəbbüskar və müasir elmi yanaşmalara açıq gənclərlə daha çox rastlaşıram. Bu isə torpaqşünaslıq elminin gələcək inkişafı üçün böyük ümidlər yaradır.
Nərgiz Qəhrəmanova
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri



