|
|
|
|

Uzaq İsraildən acıdan acı xəbər gəldi: Tofiq Mirzəyev vəfat edib. Tofiq mənim unudulmaz baldızım Elmiranın həyat yoldaşı idi, bacanağım olmaqdan başqa, həm də çox yaxın dostum idi. Zemfirayla, Elmirayla, Tofiqlə birlikdə Azərbaycanın yarısını gəzmişdik, Şuşada, Şamaxıda, Şəkidə, Gəncədə, mərhumun ata yurdu Goranboyda unudulmaz günlər, saatlar yaşamışdıq. İstanbulda dərs dediyim zaman Tofiq qardaşı Teymurla qonağımız olmuşdu. Ömrümün ən ağır çağında – yüz gün içində atamı və anamı itirdiyim 1981-ci ildə Tofiq mənim ən yaxın dayağım kimi yanımda idi. Şuşada “Üzeyir ömrü” filmində aparıcı rolda çəkilirdi. Axı biz həm də eyni sənət sahəsində – kinoda çalışırdıq.
Şuşamız yağı işğalı altında olan gedər-gəlməz illərdə kino və teleekranlardan Tofiq Şuşanın füsunkar mənzərəsi fonunda yeni nəsillərə qədim
Azərbaycan torpağı Qarabağın musiqi həyatından, Üzeyir sənətinin ecazından söz açırdı.
“Üzeyir ömrü” filmindən başqa, Tofiq “Azərbaycanfilm” studiyasının bir çox məşhur filmlərində, hətta “Mosfilm”in çəkdiyi filmdə baş rollarda oynamışdı. Aktyorluq və televiziya rejissorluğu Tofiqin sonrakı peşələri idi. O, konservatoriyanı qaboy ifaçısı kimi bitirmişdi və uzun zaman maestro Niyazinin rəhbərlik etdiyi simfonik orkestrin ifaçılarından olmuşdur. Elə o illərdən böyük sənətkarlarımız Qara Qarayevlə, Fikrət Əmirovla, Tofiq Quliyevlə sıx ünsiyyəti başlayır, kiçik qardaşı Teymur Mirzəyevin iştirakçısı olduğu “Qaya” vokal ansamblı, Müslüm Maqomayevlə birlikdə bütün SSRİ-ni gəzir, bir neçə Afrika ölkəsində olurdu.
Bakının musiqi həyatının özəlliklərini də, Bakı cazının tarixini və yaradıcılarını da Tofiq qədər dərindən bilən başqa birisini tanımıram.
Pərviz Rüstəmbəyov kimi parlaq istedadlı və nakam taleli saksafonçu haqqında ilk dəfə Tofiqdən eşitmişdim və bundan sonra onun haqqında “Qobustan”da yazı verdik.
Tofiqin söhbətlərindən doymaq olmurdu. Onların ya bizim evimizdə, çox vaxt dostlarımızın da iştirakı ilə söhbətlərimiz gecə yarısını da keçir, bəzən səhərəcən çəkirdi.
Klassik musiqini də dərindən bilən Tofiq üçün caz bir növ həyat fəlsəfəsi idi. Hələ sovet dövründə etdiyi bir etirafını unutmuram. Məhrəm söhbətlərimizdə deyirdi ki, “Günəşli vadinin serenadası” Amerika filmində Qlen Millerin caz ansamblını dinləyəndən sonra sovet quruluşunun mahiyyətini dərk etdim.
Şərhə ehtiyac varmı? Sovet sisteminin boğucu mühitində caz – bir udum saf rüzgar nəfəsi kimiydi. Bakıda mövcud quruluşa ilk asilər də məhz caz musiqiçiləri olub.
Tofiq də, Elmira da cavanlıqlarından zahirən də çox gözəl cütlük idilər. Oğullarının xəstəliyi ilə bağlı İsrailə getməyə məcbur olanda, Elmira vətəndən heç ayrılmaq istəmirdi, bəlkə elə bu xiffət xəstəliyini şiddətləndirdi. Vətəndən ayrılmadı, Fəxri xiyabanda dəfn edildi. Neçə il sonra Tofiq oğluyla İsrailə getməli oldu. Amma demək olar ki, hər il Bakıya gəlirdi. Yaxın dostları Rüstəm İbrahimbəyovla, Fərhadlarla – Xəlilov və Bədəlbəyli ilə, Rasim Əliyevlə, Rafiq Hüseynovla görüşürdü. Saatlarla bizimlə – rəhmətlik qayınım Çingizlə, Zemfirayla, Turalla, Günellə xoş saatlar keçirirdi.
İsrar edirdim ki, yaşanmış zəngin ömrü barədə xatirələr yazsın. Bu səpgidə bir neçə çox maraqlı yazılar yazdı da.
Danışırdı ki, İsrail qaydasıyla xaricə getmək istəyəndə yollanacağın ölkənin adını əvvəlcədən qeyd etdirməlisən. Tofiq ABŞ-ı, Fransanı, İtaliyanı qeyd etdirirmiş. Amma getmək məqamı gələndə: “Yox, xahiş edirəm, dəyişin, Azərbaycana getmək istəyirəm”, – deyirmiş. Bir dəfə getmək istədiyi hansısa ölkənin adını deyəndə artıq ona bələd olan qeydiyyatçı: “Gəlin elə bu başdan Bakı yazaq”, – deyib, – “onsuz da vaxtı gələndə fikrinizi dəyişib ora uçacaqsınız”.
Əfsus! Son illər artıq heç bir yerə getməyə səhhəti imkan vermirdi. Yalnız telefonla əlaqə saxlayırdıq. Son aylar xəstəxanada yatdığı üçün heç telefonla da danışa bilmirdik.
Daha Bakıya gələ bilməyəcəyini dərk edirmiş. Son arzusu Bakıda dəfn olunmaq istəyi imiş. Bu da baş tutmadı.
Cismi qərib ölkənin torpağında basdırıldı. Ruhu, xatirəsi, doğma siması, gülüşü, səsi isə əzizlərinin, yaxınlarının, dostlarının qəlbindədir.
Əlvida, Tofiq, əlvida, əzizim.
22 iyul 2026



