|
|
|
|

Əvvəlcə bölmə əməkdaşlarının yarımil ərzində nəşr olunan əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
525.az xəbər verir ki, hesabat iclasını AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Akademik bölmədə tətbiq olunan yeniliklərdən, qazanılan nəticələrdən, kadr hazırlığı və kadr potensialından, beynəlxalq səviyyəli jurnallarla edilən əməkdaşlıqdan söz açıb. Təqdim olunan göstəriciləri 2025-ci ilin müvafiq dövrünün nəticələri ilə müqayisə edib, əldə olunan uğurlar, qarşıda duran vəzifələrdən danışıb.
Akademik qeyd edib ki, dövlət başçısının müvafiq Sərəncamlarına əsasən, hesabat dövrü ərzində Bölmə tərəfindən “Şəhərsalma və Memarlıq İli” və Əcəmi Naxçıvaninin 900 illik yubileyi çərçivəsində mühüm tədbirlər, respublika səviyyəli konfranslar təşkil edilib.
Qeyd edilib ki, təsdiq edilmiş plana uyğun olaraq 2026-cı ilin birinci yarısında AMEA Naxçıvan Bölməsində elmi-tədqiqat işləri 3 elmi istiqamətdə, 3 prоblemi əhatə edən, 3 mövzuya daxil оlan, 17 iş, 40 mərhələdə davam etdirilir. Araşdırmalar 16 şöbə və 1 labоratоriyada 1 akademik, 2 müxbir üzv, 7 elmlər dоktоru, 14 fəlsəfə dоktоru оlmaqla 40 elmi və köməkçi heyət tərəfindən yerinə yetirilir.
AMEA Naxçıvan Bölməsinin aparatının Elm və təhsil şöbəsinin müdiri, dosent Orxan Bağırov bölmənin 2026-cı ilin birinci yarısındakı fəaliyyəti, yerinə yetirilən elmi və elmi-təşkilati işlərlə bağlı hesabatını təqdim edib.
Qeyd olunub ki, 2026-cı ilin birinci yarısında Bölmə əməkdaşlarının 2 monoqrafiyası, 5 kitabı, 102 elmi məqaləsi, 54 konfrans materialı, 4 tezisi olmaqla 167 elmi əsəri çap olunub.
Orxan Bağırov bildirib ki, əsərlərdən 1 kitab, 30 məqalə, 18 konfrans materialı və 3 tezis xaricdə çap edilib. Elmi məqalələrin 1-i Web of science, 5-i Scopus, 1-i CrossRef elmmetrik bazalarında ol¬maqla 16-sı impakt faktorlu jurnallarda çapdan çıxıb. Birinci yarımildə ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 əsər çox yəni 94 əsər (31-i xaricdə) beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda nəşr edilib.
Qeyd edilib ki, yarımil ərzində əməkdaşların əsərlərinə 159 istinad qeydə alınıb, ümumilikdə 128 qəzet məqaləsi işıq üzü görüb.
Bölmədə çap olunan “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının hər birinin bir nömrəsi çapdan çıxıb. Bu nömrələrdə 38 bölmə əməkdaşının məqaləsi çap olunub. Azərbaycan tarixi və mədəniyyətinin rəqəmsal mühitdə təqdimatı məqsədilə dövlət əhəmiyyətli günlər üçün süni intellekt alətlərindən istifadə edilməklə, ümumilikdə 30 vizual material hazırlanıb.
Vurğulanıb ki, əməkdaşlar tərəfindən “Taleyi və sənəti” seriyası üzrə “Əli Sultanlı: taleyi və sənəti” məqalələr toplusu çapa hazırlanıb.
Hesabat dövründə AMEA Naxçıvan Bölməsi ABŞ, Rusiya, Türkiyə, Qazağıstan, Türkmənistan və Polşa elm və təhsil müəssisələri və bir çox ölkələrin alimləri ilə sıx elmi əlaqələrdə оlub, səmərəli əməkdaşlıq edib. Bölmənin 24 əməkdaşı respublikada 14, 13 əməkdaşı xaricdə 25 beynəlxalq konfrans, konqres və simpoziumda məruzə edib.
Hazırda Bölmədə 3 nəfər fəlsəfə doktoru hazırlığı üzrə doktorant, 2 nəfər fəlsəfə doktoru hazırlığı üzrə dissertant var. Bölmədə “Vətən tarixi” və “Arxeologiya” ixtisasları üzrə Dissertasiya Şurası fəaliyyət göstərib. Əməkdaşlar Bölmədə və digər müəssisələrdə üzv olduqları müdafiə şuralarında elmi-təşkilati fəaliyyətlərini davam etdiriblər.
Sonra AMEA-nın müxbir üzvləri, professor Əbülfəz Quliyev və professor Vəli Baxşəliyev, filologiya elmləri doktoru Fərman Xəlilov, iclasa onlayn şəkildə qoşulan AMEA Rəyasət Heyəti aparatının şöbə müdirinin müavini, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov hesabat ətrafında çıxış edib, bölmənin 2026-cı ilin birinci yarısındakı fəaliyyətini qiymətləndiriblər.
Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Bölməsinin 2026-cı ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib və bölmə əməkdaşlarına müvafiq tapşırıqlar verilib.



