|
|
|
|

Səhiyyə Nazirliyində Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Hakan Dinçyürekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
525.az-a bu barədə Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Şimali Kipr arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən səhiyyə istiqamətində uğurla inkişaf etdiyini vurğulayıb. Nazir, səhiyyə sahəsində qarşılıqlı təcrübə mübadiləsinin, tibb təhsili, səhiyyənin idarə olunması, rəqəmsal həllər, tibb xidmətlərinin təşkili və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib.
Teymur Musayev Azərbaycanda son illərdə səhiyyə sistemində həyata keçirilən islahatlar, o cümlədən rəqəmsallaşdırma, tibbi infrastrukturun müasirləşdirilməsi və əhalinin keyfiyyətli tibb xidmətlərinə çıxışının təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Şimali Kipr səhiyyə naziri Hakan Dinçyürek Azərbaycan ilə səhiyyə sahəsində əməkdaşlığın inkişafına böyük önəm verdiklərini bildirib.
O, tibb təhsili, mütəxəssis hazırlığı, tibb xidmətlərinin təşkili, rəqəmsal səhiyyə və sağlamlıq turizmi istiqamətlərində təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağını qeyd edib.
Görüş zamanı səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, tibb işçilərinin qarşılıqlı təlim proqramlarında iştirakı, tibbi elmi-tədqiqat istiqamətində əlaqələrin inkişafı, sağlamlıq turizmi sahəsində əməkdaşlıq imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



