|
|
|
|

Dövlət maliyyəsinin idarə edilməsi sahəsində səmərəliliyin və şəffaflığın artırılması istiqamətində həyata keçirilən islahatların tərkib hissəsi kimi, büdcə təşkilatları tərəfindən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin hazırlanması, razılaşdırılması və icrasına nəzarət proseslərinin həyata keçirilməsi məqsədilə istifadəyə verilən “e-müqavilə” altsistemində cari ilin I yarısı üzrə yüksək istifadəçi aktivliyi qeydə alınıb.
525.az-a bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Belə ki, hesabat dövrü ərzində 872 satınalan təşkilat sistemdə qeydiyyatdan keçib, 1487 təchizatçı isə platformaya uğurla qoşulub. İstifadəçilər tərəfindən sistemdə imzalanmış müqavilələrin 45,43%-i xidmətlərin göstərilməsi, 40,2%-i malların satınalınması, 14,37%-i isə işlərin görülməsi ilə bağlı olub.
Ümumilikdə, qeyd olunan dövr ərzində “e-müqavilə” altsistemi vasitəsilə ümumi məbləği 1 milyard manatdan çox olan 2414 müqavilə bağlanıb.
Qeyd edək ki, “e-müqavilə” Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2026-cı il tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin altsistemi kimi fəaliyyət göstərir. Bu altsistem cari ilin 10 aprel tarixindən istifadəyə verilib və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını, bu müqavilələrin sistem üzərindən göndərilməsini və proseslərin vahid platformada izlənilməsini təmin edir.



