|
|
|
|

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri Avropa İttifaqı ilə münasibətlərin dərinləşməsinin davamı kimi dəyərləndirilə bilər.
Xanım Fon der Lyayenin dörd il əvvəl ölkəmizə səfər zamanı ikitərəfli əlaqələrin inkişafında yaranan yeni mərhələ hazırda yüksəksəviyyəli dialoqlar, anlaşmalar mühitində daha da möhkəmlənib. Məhz bu səfər, eləcə də xanım Lyayenin “Bu gün mən Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşlığı dərinləşdirmək məqsədilə buradayam” bəyanatı rəsmi Bakını yaxın və etibarlı tərəfdaş olduğunu göstərməklə, ölkəmizin regiondakı strateji yerinə və nüfuzuna verilən xüsusi önəmi əks etdirir.
Cənab Prezidentin də, öz növbəsində, Avropa Komissiyası ilə münasibətlərin çox mühüm mərhələdə olduğunu qeyd etməsi, bunu yüksək qiymətləndirməsi, habelə hər iki tərəfin səyləri nəticəsində əməkdaşlığın görünməmiş dinamikaya çatdığını vurğulaması qarşılıqlı etimadın hansı səviyyədə olduğunu bir daha nümayiş etdirdi.
Hazırda Azərbaycanın Avropa İttifaqı ilə qarşılıqlı ticarət dövriyyəsinin həcmi ümumi ticarət portfelinin 40 faizinə bərabərdir. Ölkəmiz Cənubi Qafqazda Aİ-nin əsas ticarət tərəfdaşıdır və regiondakı əmtəə mübadiləsinin 70 faizi Azərbaycanın payına düşür. Tərəflər arasında enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunun ötən dövrdə uğurlu icrası iqtisadi imkanları şaxələndirib, yeni keyfiyyət dəyişikləri yaradıb.
Cənub Qaz Dəhlizinin ən axıcı enerji bloku olan TAP-ın istifadəyə verilməsi Aİ üçün faktiki olaraq yeni təminat nöqtəsini formalaşdırıb və bu qitə dövlətlərinə təbii qaz ixracı 65 faiz artıb. Hazırda Azərbaycan Avropa İttifaqının 10 üzvünün enerji təchizatında mühüm paya malikdir və təsadüfi deyil ki, bu dayanqılı nəql sxeminə görə ölkəmizi enerji təhlükəsizliyində Pan-Avropa təminatçısı kimi qeyd edirlər.
Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatında dünya ölkələrinin enerji təhlükəsizliyində Azərbaycanın strateji əhəmiyyətini dəyərləndirərkən əbəs yerə onu cazibə mərkəzi adlandırmadı. Bu, Azərbaycanın sadiq və məsuliyyətli, etibarlı tərəfdaş olmasını, enerji amilindən heç vaxt siyasi məqsədlər üçün istifadə etmədiyini və bölgədə nümunəvi həmrəylik körpüsü yaratdığını aydın ifadə edir.
Azərbaycan enerji müttəfiqliyinin uğurlu platformasını yaratdığı kimi regionun nəqliyyat qapısı olaraq bağlantıların diversifikasiyasında da flaqmandır. Cənubi Qafqazın lider ölkəsi kimi ən strateji kommunikasiyaların mərkəzi nöqtəsini, hüdudlarını şaxələndirir.
Avropa Komissiyasının Prezidenti Cənubi Qafqazı Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biri adlandırmaqla Azərbaycanın coğrafi roluna xüsusi dəyər verir. Bu imkanlar isə müasir geoiqtisadi rəqabətdə və rəqəmsal tranzitlər uğrunda artan logistika yarışmalarında ölkəmizi mühüm oyunçuya çevirir.
Prezident İlham Əliyevin xatırlatdığı kimi, Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizlərinin Azərbaycandan keçməsi qonşularla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri təmin edir. Bu isə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatı qurmağa imkan yaradıb.
Yeni dövr isə gündəliyin yeni səhifəsinin yazılması üçün faydalı və münbit şərait formalaşdırır ki, Azərbaycan bu prosesdə Aİ üçün yaxın tərəfdaş olaraq daha fəal önə çıxır.
Regionun parlaq gələcəyinə inanan Avropa İttifaqı ölkəmizlə həmişəkindən daha güclü tərəfdaşlıq naminə birlikdə çalışmaq niyyətindədir.
Orta Dəhlizdə əsas oyunçulardan biri olan Azərbaycanın Zəngəzur dəhlizinin qurulmasına verdiyi töhfə isə qlobal tərəfdaşlara yeni fürsətlər açır. Sözsüz ki, yeni nəqliyyat bağlantıları Avropa ölkələri üçün də vacib nəqliyyat qapısıdır və Azərbaycanın möhkəmləndirdiyi sülh quruculuğu ümidləri daha da artırır.
Prezident Fon der Lyayenin Ermənistanla tarixi sülh müqaviləsinə toxunması və Avropa İttifaqının prosesə qəti dəstəyini ifadə etməsi, eyni zamanda, bölgənin yeni sülh və rifah mühitinə qovuşması strateji coğrafiyanın sahibi olan Azərbaycanın artan iqtisadi, siyasi və regional nüfuzunu daha da möhkəmləndirəcək. Bu, həmçinin Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təşviq edəcək, “Yaşıl Enerji Dəhlizi”ni tamamlayacaq, Yüksəksəviyyəli Bağlantı Dialoqunu təmin edəcək.
Bir sözlə, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan regional bağlantıların müəllifi kimi Avropanı, Cənubi Qafqazı, Xəzər regionunu və Mərkəzi Asiyanı yeni iqtisadi, enerji, nəqliyyat, bərpaolunan enerji, sərmayə, rəqəmsal tranzitdə bir araya gətirərək nəhəng əməkdaşlıq habı formalaşdıracaq.
Ramid Namazov
Milli Məclisin deputat



