|
|
|
|

(Əvvəli ötən cümə sayımızda)
Bu əsərlərin bir çoxu, nəhayət etibarı ilə layiq olduğu şöhrəti qazanmışdır. Təəssüf ki, onlardan bəziləri uzun müddət unudulmağa da məhkum olmuşdu. Lakin adi bir təsadüf onları, yeni, bəlkə də əbədi ömür bəxş edən həyata qaytarmışdır. Çünki burada əslində məşhurlaşmaq üçün də sadə bir resept yoxdur. Bunun üçün texniki məharət, gözəl rəng seçimi, xüsusi subyekt kimi təməl inqrediyentlər irəli sürülə bilər, lakin onların heç biri, tək götürüldükdə, heç də möcüzə çələngi yaratmağa qadir deyildir. Uğur, rəssamın jestindən də, onun yaşadığı mühitdən də qidalana bilər. Bəlkə də onları müdafiə edən həvəskarların və tənqidçilərin münasibəti də şöhrətin meydana gəlməsinə səbəb olmuşdur. Məşhurlaşmağa aparan cəhət, hətta paradoksal görünsə də, qalmaqal da ola bilər. Necə ki, əvvəllər ictimaiyyət fransız rəssamı Jan Eqyüst Enqrin "Böyük Odaliska"sını eybəcərlik nümunəsi kimi qiymətləndirmişdi, tabloda isə Miloslu Veneranın məşhur heykəli kimi yalnız gözəl qadının çılpaq bədəni əks olunmuşdu. Yaradıcılığına qarşı ədalətsiz münasibətə baxmayaraq, Enqr öz muzasına sədaqətli olaraq qalırdı, sadəcə olaraq o, çılpaq qadın bədənini təsvir etməyi sevirdi. Fransız ictimaiyyətinin laqeydliyinə, layiq olduğu qiyməti almadığına görə öz ölkəsini tərk edib, İtaliyaya getməyə məcbur olmuşdu. Axı Renessans dahiləri də, sonralar impressionistlər də qadın gözəlliyinin ilhamlandırıcı obrazını yaratmaq üçün belə təsvir üslubuna biganə qalmamışdılar. Gözəlliyi vəsf edənlər məgər təhdid edilməlidirlərmi?
Cəhalətin hakim kəsildiyi cəmiyyətlərdə gözəlliyə laqeydlik istisna deyil, ümumu qayda sayılırdı. Bir xalq kimi rusların malik olduğu xüsusiyyətlərin istedadlı tədqiqatçısı F.M.Dostoyevski özünün "Səfeh" ("İdiot") əsərində "rus könlünü qaranlıq məkan" adlandırırdı. Öz xalqının ruhuna nüfuz etməyi bacaran bu dahi yazıçı, təəccüblü qaydada məhz belə bir qənaətə gəlmişdi. Sərhədlər genişləndirilsə, başqa xalqlarda da oxşar cəhətləri seyr etmək elə bir çətinlik törətməyəcəkdir. Hətta ağıl səviyyəsi ilə fərqlənən xalqlar da asanlıqla mənfi təsirlərin girovuna çevrilirlər. Hitler arilərin ali irq olması haqqındakı cəfəngiyyatı təbliğ etməklə, Hötenin Mefistofeli, bir şər qüvvəsi kimi könülə sahib olduğu kimi, almanların qəlbini və ağlını oğurlaya bilmişdi. Cəhalət elementləri də sitayiş səviyyəsinə qaldırıldıqda, mühüm qurbanlardan biri, bəlkə də birincisi məhz incəsənət olur. Bu barədə hamıya tanış olan misalları yada salmağa ehtiyac yoxdur. Gözəlliyi tərənnüm edən vasitələr də, onun özü kimi belə şəraitdə hökmən eroziyaya uğrayır.
Bir sıra tablolar və heykəllər isə, xəşbəxtlikdən başlanğıcda alqışlanmış, sonralar onlar nüsxələr şəklində çoxaldılmış, onların orijinalını heç vaxt görməyənlər də, reproduksiyalar vasitəsilə həmin əsərlərlə tanış olmaq imkanı qazanmışdılar. Çoxları kimi, mən də muzeylər barədə təsəvvürüm də olmadığı halda, rəsmlərin reproduksiyalarına valeh olmaqla, həm öz zövqümü inkişaf etdirməyə çalışmış, həm də onları dəfələrlə seyr etmək hesabına yaxından tanıya bilmişdim. Ona görə də Mikelancelonun Bibliyadan gələn obrazları, Rafaelin madonnaları, Leonardo da Vinçinin tabloları, Titsianın portretləri kimi incilər muzeylərə qədəm qoymamışdan çox-çox əvvəl, zövq sahibi olan adamların az qala sitayiş obyektlərinə çevrilmişdilər. Məhz bu yolla da dahi rəssamların və heykəltaraşların əsərləri geniş populyarlıq qazanmışdı. Axı onu da nəzərə almaq lazımdır ki, adamların çoxunun nüfuzlu muzeylərin yerləşdiyi şəhərlərə getmək imkanı olmur.
Lakin incilər, hətta laqeydlik sələrini cəsarətlə aşıb, keçməklə, özlərinə məxsus olan gözəllik xüsusiyyətləri ilə daim təəccüb doğurmaqda davam edirlər. Muzeylərdə bu əsərləri seyr edəndə, biz qəribə də olsa, uşaq marağını və sevincini yaşayırıq. Əsərdə diqqəti cəlb edən sirlər də adamları düşünməyə, onlara izah tapmağa vadar edir. Məsələn, Mona Liza haqqında deyirlər ki, o, gülüşü ilə sirrini gizlədir və biz bəzən bu sirrin açılmasına xidmət edən, hətta onun vurğunu olanları çaşdıran, qəribə xarakterli yeniliklər barədə eşidirik. Əslində, Renessansın bir sıra portret əsərləri illər ərzində populyarlıq qazana bilmədiyi halda, bəzən yalnız yaranan yeni bir saqa hesabına, əvvəllər sadə sayılan bir əsər, sonralar əslində kainat üzrə ikonaya çevrilməyə müvəffəq olmuşdu.
Adi səhv düşüncə hesabına, daş üzərində qədim dövrlərdə hələ heç nəyin yaranmadığı güman edilirdi. Yalnız arxeoloji qazıntıların geniş şəkildə aparılması, bu vaxtadək gizli qalan xəzinəni açmağı bacarmışdı. Bu xəzinənin "daş-qaşları" isə, müvafiq olaraq geniş marağa səbəb olmuşdu.
Belə tədqiqatlar olmasaydı, nə Krit adasındakı İraklion və Yunanıstan paytaxtındakı Afina arxeoloji muzeylərinin antik heykəltaraşlıq nümunələri, nə Troyanın və Mikenanın qiymətli əşyaları, nə Qahirə muzeyində nümayiş etdirilən faraon Tutanxamonun qızıl maskası ilə tanış olmaq imkanları üzə çıxardı. Qədim sivilizasiyaların öyrənilməsinə diqqət və tələbat böyüməsəydi, dünyanın muzeyləri çox kasıb olaraq qalardı. Arxeoloji qazıntılar təkcə tarixi öyrənməyə xidmət etməmiş, həm də muzeylərin kolleksiyasını qiymətli artefaktlarla zənginləşdirmək kimi nəcib bir işi də görmüşdür.
İncilər də canlı insan kimi öz talelərinə malikdir. Onlardan bəziləri ağlasığmayan mühakimələrə və bədbəxtliklərə dözməli olmuşdur. Cəhalət üstün mövqeyə malik olduqda, təəssüf ki, tarixən bu cəhət uzun müddət davam etmişdir, qədim dövrlərin dəyərləri və adətləri başa düşülmədiyindən, əsərlərin mahiyyətinə də laqeydlik göstərilmiş və onlar müəyyən müddətə unudulmağa məruz qalmaları ilə razılaşmalı olmuşdu. Lakin münasibətlərin dəyişilməsi, bəxtin gətirməsinə görə onların öz qiymətini almasına, arzulanan reinkarnasiyasına səbəb olmuşdu.
Luvr muzeyinin zalları ilə addımladıqca, əsrlər ərzində yaradılmış sənət ikonalarını müşahidə edir və təsviri yaradıcılığın necə böyük inkişafa, yüksək səviyyəyə çatdığının şahidi olursan. Onu da etiraf etmək lazımdır ki, ədəbiyyat, filmlər, kino seriyaları, videokliplər və sosial media dünyanın bir sıra rəsm və heykəltaraşlıq əsərlərinin inciləri üzərinə yeni, parlaq işıq salmaqla, onların şöhrətinin böyüməsinə əsaslı köməklik göstərmişdir. Bu sahədə amerikan kinematoqrafiyasının uğurlu fəaliyyətini xüsusilə qeyd etmək lazımdır.
Oxucuları məşhur rəngkarlıq və heykəltaraşlıq əsərləri barədəki məlumatlarla təəccübləndirmək çətindir, bəlkə də heç mümkün deyildir. Ziyalı insanlar, gözəlliyə biganəliyi özü üçün qəbahət sayanlar, yüksək istedadın bəhrəsi olan incilərə, onların dünyanın hansı guşəsində, hansı ölkədə yaranmasından asılı olmayaraq, daim maraq göstərmiş, onları öyrənməyə çalışmış və buna cavab olaraq, həmin əsərlərə müəyyən vurğunluq və sevgi hissləri də yaranmışdır. Kiçik Asiyadakı Troyanın, Krit adasındakı Knossos sarayının və Luksor yaxınlığındakı çarlar vadisindəki faraon Tutanxamonun qəbrini açmaqda və tədqiq etməkdə, məşhur arxeoloqlar Henrix Şlimanın, Artur Evansın və Houard Karterin xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Onlar bizim eradan əvvəlki minilliklərin tarixini öyrənilməsinə öz kəşfləri ilə olduqca böyük töhfə vermişlər.
Əlbəttə, zövqlər müxtəlif olduğundan, nadir tarixi əşyalara ağız büzənlər də vardır. Bəzi adamların dünyagörüşünü qatı millətçilik məhdudlaşdırır, bəzi xalqlar özlərini tarixi subyektə çevirmək üçün saxta uydurmalara, milli tarixini bizim eradan əvvəlki birinci minilliyin əvvəlinə çatdırmağa can atır, öz kiçik ölkələrini az qala Yerin göbəyi kimi qələmə verirlər. Belə primitiv münasibət gözəllik nümunələrinin etiraf edilməsinə də maneəçilik göstərir. Biz artıq XXI əsrə, süni intellektin də həyata müdaxilə etdiyi dövrə qədəm qoymuşuq və indiki nəsildən keçmişə daha çox ehtiram qaydasında baxmaq tələb olunur. Səthi düşüncə tərzindən uzaqlaşıb, bəşəriyyətin iftixar mənbəyi hesab etdikləri ilə razılaşmalı, onlara rasional qiymət verilməsinə nail olmalıyıq. İnsan öyrənməklə, beşikdən qəbrə qədər buna əməl etmək barədə Quranın göstərişini də nəzərə alsaq, gözəlliyə heyrətlənməklə də, öz zövqünü inkişaf etdirmək qayğısına qalmalıdır.
Açıq desək, Renessans dahilərinin əsərlərinin cahil, avam adamların ehtiramına, sevgisinə ehtiyacları yoxdur, lakin insanlar onları olduqları kimi, möcüzə nümunələri kimi qəbul edib, pietet hissi ilə qiymətləndirməyi özünün mənəvi borcu hesab etməlidir. Süni intellekt çox sahədə insanın fəaliyyət sferasını daraldacaqdır. Lakin o da insan zövqünü köklü surətdə dəyişdirə bilməyəcəkdir, gözəlliyə münasibəti məhv edə bilməyəcəkdir. Biz ixtiyarımızda olan real imkandan düzgün istifadə etsək, gözəlliyə və onu yaradanlara laqeyd münasibət hallarına son qoymaqla, öz şüurumuza da əl gəzdirməklə, onun nəcib, heç olmazsa yaxşı vasitələrlə silahlanmasına nail ola bilərik.
Luvr barədə söhbətə qayıtdıqda, burada Qədim Misirlə tanış olmaq imkanı da yaranır. O dövrə məxsus olan hansısa bir şəxs məşhur "Oturmuş şəkildəki yazan adam" tablosunda təsvir edilmişdir. Yazan adam tamaşaçıya baxmır, şüşə gözlərə malikdir, ona görə də onu seyr edənlərin əhvalını poza bilmir. Yazanın gözləri həm də tam ifadəlidir, sadəcə olaraq qaya kristalına, obsidiana bənzəyir, onlar elə bil ki, qabaq tərəfdən cilalanmışdır, arxadan isə rənglənmişdir. Qədim Misirdə yazmaq fəaliyyəti ilə məşğul olan adamlar yüksək vəzifəli məmurlar idi və çox vaxt məclisdə faraondan sonra təqdim olunurdular. Onlar mərkəzləşmiş dövlət üçün həm də böyük tarixi və simvolik əhəmiyyət daşıyırdılar.
Misir panteonunda hibrid məxluqlar da mövcud idi, onların nümayəndəsi olan sfinkslər allahlardan ötəri müstəsna hörmət sahibləri idilər. Onlar çox vaxt insan bədəni və insan başı ilə təsvir edilirdi. Qədim dövrlərin misirliləri üçün sfinks insan başı olan şir idi və Günəş allahı Ra ilə faraonun ittifaqını təcəssüm etdirirdi. O, allahın çara verdiyi qüdrətin daşıyıcısı olmaqla, onun canlı təsəvvürü hesab olunurdu. Faraonun saqqalı, həmçinin onun mərasim dəbinin xüsusiyyəti rolunu oynayırdı. Sfinks faraonlara allah tərəfindən verilmiş Yer üzərindəki ilahiliyin canlı təcəssümü, güc və müdriklik emblemi hesab olunurdu.
1825-ci ildə Nil deltasından tapılmış 12 ton ağırlığındakı Sfinks Luvrun kolleksiyasına daxil edilmişdi. Görkəmli fransız misirşünası, heroqlifləri ilk dəfə oxumağa nail olmuş Jan Fransua Şampolyonun köməyi ilə 4 min hissədən ibarət olan kolleksiya satın alınmışdı, ona Böyük Sfinks də daxil idi. 20 metr hündürlüyündə olan heykəlin başı irəliyə istiqamətlənmişdi. Onun b.e.ə. 2500-cü illərdə yonulduğu güman edilir. Onun burnu barədə çoxlu gümanlar - versiyalar meydana gəlmişdi.
Yaxın Şərqin antik dövrünün ən görkəmli heykəllərindən biri çar II Ebihi təsvir edir. Mesopotamiya şəhər-dövləti ərazisində tapılan bu heykəl əfsanəvi paytaxt Ura və Babilistana mənsub idi. Onun sifətinin, məhəbbət və müharibə ilahəsi İştara aid olduğu güman edilir. Göylərin kraliçası olan İştar (semit xalqları onu Astarta kimi tanıyırlar) kişi cinsindən olan allahlar tərəfindən öz nüfuzunu itirməli olmuşdu.
Muzey həm də böyük hüquqi bir sənədi də nümayiş etdirir. Luvrdakı bazalt stellada Mesopotamiyanın siyasi və sosial tarixi ilə tanış olmaq imkanı yaranır. B.e.ə. XVIII əsrdə Köhnə Babilistanda yüksələn çar Hammurabi bu hündür stellanın bütün səthində özünün Qanun kodeksini nəqş etdirmişdi. Köhnə Babilin ictimai meydanında hamının görməsi üçün 2 metr hündürlüyündə olan həmin daş lövhə qoyulmuşdu. Hammurabi dövrünün "vətəndaşları" onu oxuyub, mahiyyətini özləri üçün aça bilərdilər. Qanunun 282 maddəsi daşda həkk edilmişdi və Akkadiya ərazisində də həmin cədvəlin bir nüsxəsi meydana gəlmişdi.
Hammurabi Kodeksi öz dövrü üçün, qədim dünya insanları üçün olduqca qiymətli bir hüquqi sənəd idi. Burada 3700 il bundan əvvəl təqsirsizlik prezumpsiyası kimi hüquqi prinsip öz əksini tapmışdı. Həm də qanunlar, törədilmiş cinayətlərə müvafiq olaraq cəzaların növlərini bəyan edirdi. Bunu, bizim eranın XVIII əsrində böyük italyan filosofu Çezare Bekkaria nəzəri cəhətdən əsaslandırmışdı. Hammurabi Kodeksi isə bu ədalət ölçüsünü 3,5 min il əvvəl irəli sürmüşdü. Çıxarılan hökm vurulan ziyana uyğun olmalı idi, ittiham olunan və ittiham edən üçün təqsirsizlik prezumpsiyası kimi hüquqi qayda tətbiq edilirdi ki, faktların düzgünlüyü tam təsdiq və ya təkzib olunsun.
Hammurabi Kodeksinin leqal prinsipləri min ildən çox müddətdə öz hüquqi dəyərini qoruyub saxladı. Yazıdan belə təsəvvür yaranırdı ki, çar bu qanunu Allahın özünün əlindən almışdır.
(Ardı var)



