|
|
|
|

(Əvvəli ötən cümə sayımızda)
Sİ, bəşəriyyəti daha yaxşı və daha pis edə bilər, lakin sadə fakt ondan ibarətdir ki, onun mövcudluğu çağırışa çevrilir və çox hallarda öz üzərinə fundamental olan üstün funksiyaları götürür. Sİ-nin müəyyən həddə çatması ilə bizim qarşımızda yeni üfüqlər açılır, həm də eyni vaxtda Sİ hesablamanı icra edir. O, dinamkaları sürətləndirir, bu isə onu başa düşməyə başladıqca, insan ağlını eroziyaya uğradır. Sİ-dən əvvəlki alqoritmlərin insanlar üçün "əlavə" məmnunedici nəsə gətirməsi yaxşı bir hal idi. Sİ isə bu məsələdə daha əladır. Əgər Sİ gündəlik mövcudluğun toxumasına hörülmüşdürsə, bu, gerçəkliyi genişləndirir və onu dəyişdirir, bu vaxt bəşəriyyət, heç şübhəsiz, münaqişə edən impulslar alacaqdır. Lakin ona bəslənən ehtiramlı münasibət insan ağlının qəbul etməsini və ölçüsünü eroziyaya uğradacaqdır və beləliklə, ölü gedişə bənzər bir şeyi meydana gətirəcəkdir. Hər bir dönəmdə, bəşəriyyət Sİ-nin məhdudlaşdırdığı üç başlıca seçimə malik olacaqdır. Bunlar ya partnyor olmaq, ya məcbur etmək və ya onu təxirə salmaqdır. Bu seçimlər Sİ-nin tətbiqinin, xüsusi tapşırıq üçün olduğunu və ya ona sahib olmaq qaydasını müəyyən edəcəkdir.
Sİ-də etika, mahiyyət xarakteri daşıyır. Hər bir fərdi həll, məcbur etmək, partnyor olmaq və ya təxirə salmaq - dramatik nəticələrə malik ola və ya olmaya bilər, lakin bu böyüdükdə, onlar maqnit xarakteri daşıya bilər.
Sİ-nin sosial mediaya təsiri gözləniləndir. Bir az əvvəlki innovasiyalar vasitəsilə bu platformalar bizim kommunal həyatlarımıza, öz canlı amilləri ilə tezliklə sahib kimi gələcəkdir. Tviter və feysbuk yüksəldikdə, məhdudlaşdırıldıqda, tələbatı ödəməyini və ya fərdləri qanundan kənar qadağan etdikdə, bütün funksiyalar Sİ-dən asılı olacaqdır, bu da onun qüdrətinin şəhadəti kimi özünü göstərəcəkdir.
Sİ-də elmi kəşflər üçün irəliləyiş, həmçinin onun böyüməsini davam etdirir. Milli hökumətlər dilə Sİ-nin təhlükə törətdiyini etiraf etmişlər. Macarıstan özünün iri dil modelini komissiya vasitəsilə yoxlatmışdır. Çində və Rusiyada da qanunvericiliyin bəzi maddələri digərlərinə nisbətən öz cəhdində nisbətən təcavüzkar xarakter daşıyır.
Böyük fransız filosofu Monteskye Maarifçilik fikrinin proqressini "hər bir ideyanın irəli sürülən yeni ideyadan əvvəl mövcud olduğu və digərlərində isə davam etdiyi bir zəncir" adlandırmışdı. Oxşar proqresə malik olmadığından, Sİ cavablarında bir ideyanı, insan məntiqinin heç də hansısa qeydinin rol oynamasından və digərinin davam etməsindən asılı olmayaraq təmin edir.
Müəlliflərin fikrincə, bu kitab elə bir diskussiyaya bənzəyir ki, o, çox sahələrdəki və nəsillərdəki kolleqaların və dostların köməkliyindən fayda götürməklə, cavabı yüngülləşdirmək yollarını axtaracaqdır. Üç müasir mütəfəkkir, əsl elm xadimləri öz kiçik həcmli əsərlərinin diqqətdən kənarda qalmayacağı, müasir elmi axtarışlarla məşğul olanlar arasında ciddi müzakirələrə səbəb olacağı ümidində heç də yanılmamışdılar. Və Sİ-nin zəfəri onların gözləmələrini bütünlüklə həyata keçirəcəkdir.
Sİ bütün ölkələrə və xalqlara fayda verə bilər, axı biz elmi və texnoloji biliklərin çoxunu qabaqcıl ölkələrdən götürüb, uğurla istifadə edirik. Öləmizin özü süni peyklər istehsal etmir, lakin dövlətin qayğısı ilə onlar ya satın alınır, ya da kirayə götürülür. Bunlara böyük məbləğdə pul xərclənir və ona görə də ölkəmizdə rəqəmsal texnologiyadan - kompüterdən və digər qabaqcıl vasitələrdən istifadədə heç bir məhdudiyyət olmadığı kimi, həm də başqalarından geri qalmaq halları da yoxdur.
İnnovasiyalardan uğurlu istifadənin əsas meyarı, onun nəticəsi sayılmalıdır. Yalnız yaxşı nəticə, maliyyə xərclərini və sərf edilən səyləri doğruldur. Səhvə yol vermək isə maddi ziyan çəkilməsi ilə yanaşı, geridə qalmağa da səbəb olur. Yaxşı bir həqiqət mövcuddur ki, çalışmaq lazımdır ki, başqaların səhvindən nəticə çıxarasan, öyrənəsən, çünki özünün buraxdığın səhv baha başa gəlir, fərdə və dövlətə böyük maddi ziyan vurur.
Şimal qonşumuz əcaib eksperimentlər aparmağa meyillidir, lakin onların bu təşəbbüsü heç də həmişə yaxşı nəticə vermir. Dünyada nano texnologiyası start götürəndə, Rusiya, xüsusi dövlət şirkəti olan "Rosnano"nu yaratdı və bu tədqiqatlara böyük maliyyə vəsaiti ayırdı. Şirkətə rəhbərlik çox sayda avantüralar müəllifi olan Anatoli Çubaysa tapşırıldı. İllər keçsə də, şirkətin hansısa bir ixtirası gözə dəymirdi, təkcə bir kiçik istisna nəzərə alınmasa. Burada Qədim Roma şairi Fedrin bir təmsili yada düşür. Dağ doğuş əzabları çəkdiyindən qışqırır, haray salırdı. Nəhayət, doğuş baş verdikdə, sakitləşdi. Dağın aşağısındakı deşikdən çölə bir siçan çıxdı, dağ böyük əziyyətdən sonra siçan doğmuşdu. "Rosnano" da dövləti, iqtisadi cəhətdən nisbətən sərfəli olan elektrik lampasının ixtirası ilə sevindirdi. İllərin zəhməti və nəhəng xərci siçana bənzər bir doğuşla nəticələndi. Milyard rublla ölçülən məbləğin sərfi "İliç lampasının" yenidən icadı ilə yekunlaşdı.
Çubays prezident Yeltsinin dövründə Rusiya xalqını "vauçer" adlanan çeklərlə aldatmağı bacarmışdı, guya sadə vətəndaşlar sənaye müəssisələrinin həqiqi sahibləri olacaqlar. Vauçer bir az sonra gərəksiz kağıza çevrildi. Lakin cəmiyyətdə mülkiyyətçi seqment olan oliqarxlar meydana gəldi, onlar SSRİ-dən qalmış iri zavodları və mədənləri qəpik-quruşa alıb, özəlləşdirdilər və dövlətin nəhəng mülkiyyəti, əslində oğurluq yolu ilə onların əlinə keçdi.
Yeni prezident Putin Çubaysı Rusiya dövlət Elektrik şirkətinə prezident təyin etdi. Çubays bu vəzifədən gedəndə, eyiblərinin üstünü ört-basdır etmək üçün şirkəti bir neçə hissəyə parçaladı. Onun keçmiş xidmətləri yenə də güclü immunitet rolunu oynadı və o, guya ABŞ-la münasibətləri yoluna qoymaq üçün dövlətin siyasi sistemində, prezident aparatında mühüm vəzifəyə keçirildi. Burada da "siçan doğması" sindromu bir daha özünü göstərdi.
"Fərasətli", istənilən maneəni keçməyi bacaran bu adam Rusiyanı tərk edib qaçdı və İsraildə yaşamağa başladı. Orada elə bir nüfuzu olmasa da, maddi imkanı dəbdəbəli həyatına mane ola bilmir, bu azmış kimi, Rusiya dövləti ona yüksək pensiya da təyin etdi.
Rusiyada baş verən bu hadisələr ölkə iqtisadiyyatına ağır zərbə vurdu. Son 30 ildə zəif iqtisadiyyata malik olan Çin, iqtisadi cəhətdən ikinci fövqəldövlətə çevrildiyi halda, SSRİ-dən qalmış nəhəng irsə sahib olan Rusiya yenə də yerində saymaqda davam edir. Çində robotlar sənaye müəssisələri ilə yanaşı, məişət xidmətində və şəhərdə qaydaların mühafizəsində də iştirak edir. Digər ölkələrdə də robotların istifadə sahəsi genişlənir. Rusiya isə Ukrayna ilə döyüşlərdə vuruşmaq üçün Şimali Koreyadan əsgər alır, əl əməyi üçün işçi qüvvəsi çatışmadığından hindusları ölkəsində işləməyə dəvət edir. Nəhəng ölkə öz potensialına güvənmək əvəzinə, başqalarından asılı vəziyyətə düşür.
2022-ci ildə yeni eybəcər bir eksperiment qaydasında Rusiya Ukraynaya "xüsusi hərbi əməliyyat" adı altında silahlı hücum etdi ki, üç gün sonra Kiyevdə guya hərbi qələbə paradı keçirilsin. Dörd ildən artıq davam edən müharibə Ukraynanın bir sıra xarabazara döndərilmiş torpaqlarının işğalından başqa heç nə vermədi, Rusiyanın iqtisadiyyatı və maliyyə imkanları isə ciddi surətdə zəifləməyə başladı.
Azərbaycan da 2020-ci ildə özünün torpaqlarını zəbt etmiş Ermənistan ordusu ilə qısamüddətli müharibə aparıb, onu məğlub etdi və ərazisini düşmən işğalından azad etdi. Müharibədə ordumuz tərəfindən hərb tarixində ilk dəfə pilotsuz uçuş vasitələrindən - dronlardan istifadə edilməsi, düşmən ordusunun darmadağın edilməsində mühüm rol oynadı. Bu təcrübədən Rusiya - Ukrayna müharibəsində, ABŞ-la İsrailin İrana təcavüzü vaxtı geniş istifadə edilməsi hələ də davam edir. Azərbaycanın müharibədəki qəti qələbəsi, həm də innovasiyalardan isifadə etməyin çox faydalı olduğunu bir daha göstərdi.
Əgər qonşularına yuxarıdan aşağı baxan Rusiya, strategiya məsələlərində daim uduzursa, ədalətsiz müharibəyə başlayıb, suveren dövlətin ərazisini işğal etdiyinə görə ağır sanksiyalara məruz qalırsa, Azərbaycan sülhsevər siyasəti ilə iqtisadi cəhətdən gücləndikcə, onun beynəlxalq nüfuzu da böyüyür. Dövlətimiz Şimali Qafqazda lider rolunu oynayır. Son vaxtlar ölkəmiz beynəlxalq ticarətdə də fəal iştirak edir, Avropanın 10 dövlətinə qaz ixrac edir. Qələbələr bizi arxayınlaşmağa deyil, yeni üfüqlər qazanmağa ruhlandırır. Heç şübhə yoxdur ki, yeni sinif innovasiyaların tətbiqində də dövlətimizin uğurlu siyasəti, bu sahədə irəli sürülən məqsədlərə çatmağa da hökmən şərait yaradacaqdır.
İndi Sİ əsri start götürmüşdür, biz onun nailiyyətlərindən istifadəyə, praktiki tətbiqinə də biganə qalmamalıyıq. Bu sahədə işləmək üçün respublika Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Respublika Rəqəmsal İnkişaf Nazirliyi ABŞ, Çin və digər ölkələrlə sıx əməkdaşlıq kanalları qura bilmiş, xüsusən Birləşmiş Ştatların bir sıra iri transmilli şirkətləri ölkəmizdə yeni texnologiyaların tətbiqinə böyük maraq göstərmişdir. Bu dövlət institutu həm də beynəlxalq münasibətlərdə mühüm faktora çevrilən nəqliyyat məsələləri ilə də məşğul olur, bu sahə onun adında da əksini tapır.
Çin isə, Cənubi Qafqazın Şərqlə Qərb arasında yolayrıcı rolu oynadığına görə, regiona böyük maraq göstərir və ona daxil olan ölkələrdə innovasiyaların tətbiqində də yaxından iştirak etmək istəyir. Bu gün qədim karvan yollarını topdan mahlıc magistralları, server klasterləri və informasiyaların marşrut alqoritmləri əvəz edir. Çin, Qafqaz ölkələrinin tələbatını nəzərə almaqla, öz rəqəmsal gündəliyinin sinxronlaşdırılması prosesini də aparır. Birgə əməkdaşlıq konkret mexanizmlərə yiyələnir.
Həm də yeni inkişaf vasitələri hesabına rəqəmsal ekosistem meydana gəlir. Burada Pekin ilə Bakı və regionun digər paytaxtları, informasiyaların vahid arxitekturasında birləşir. Mahiyyətcə faktiki olaraq, müasir "rəqəmsal İpək yolu" əmələ gəlir, onda yüklər ənənəvi konteynerlərlə deyil, informasiya kanalı ilə daşınır. Artıq informasiyanın özü də qiymətli təbii sərvət kimi, oxşar strateji resursa çevrilir, fərq orasındadır ki, burada hərəkət köhnə nəqliyyata xas olan qaydada olmayıb, özünəməxsus şəkildə işıq sürəti ilə gedən bir axının baş verməsinə səbəb olur.
Ətalət, ənənələrin ağılsız girovu olmaq, bu sahədəki fəaliyyətə mane olmamalıdır. Digər Şərq xalqları kimi, biz də ənənələrə böyük hörmətlə yanaşırıq. Lakin onların elmi inkişafa mane olan cəhətlərinin tabeliyinə düşməməliyik. Milli könlümüz və ruhumuz saz, söz üstündə köklənmişdir, lakin onlara izafi vurğunluğumuz və sədaqətimiz hesabına elmi, texnoloji sahələrdə geridə qalmağa bizim haqqımız yoxdur. Dövlətin bu sahədəki böyük qayğısı ilə yanaşı, həmin ciddi çağırışa biz bir xalq kimi öz sönməz həvəsimiz və müvafiq iştirakımızla cavab verməliyik. Şübhə yoxdur ki, adamlarımız digər hallarda olduğu kimi, yenə də meydana çıxan innovasiyalardan kənarda qalmayacaq, onun sözdə deyil, gündəlik həyatdakı praktiki tətbiqində də fərqlənəcəkdir. Elmin dəqiq sahələrinə diqqət artırıldıqca, onların bəhrələrindən daha çox faydalanacağıq. Buna dəyərli misallar da vardır. Vaxtilə Azərbaycan neft geologiyası SSRİ-də aparıcı mövqelərə malik idi və Rusiya indi də həmin kəşflərdən böyük maddi gəlir götürür.
1966-cı ildə Qərbi Sibirdə ilk yüksək debetli neft quyusunu azərbaycanlı məşhur geoloq Fərman Salmanov qazmışdı. Başlanğıcını bu bünövrədən götürən müasir "Rosneft" və "Lukoyl" kimi nəhəng şirkətlər hesabına şimal qonşumuza böyük valyuta axını daxil olur. Qaz istehsalı elə bir ciddi əhəmiyyətə malik olmayanda, SSRİ-də 1972-ci ildə xüsusi Qaz Sənayesi Nazirliyi yaradılmışdı və ona ilk başçılıq etmək isə görkəmli mütəxəssis və makroiqtisadiyyat təşkilatçısı Sabit Orucova həvalə edilmişdi. O, 1981-ci ildə dünyasını dəyişənə qədər, doqquz il ərzində həmin sənaye sahəsinin yenidən qurulmasında və geniş miqyasda böyüməsində əvəzsiz xidmət göstərmişdir. Müstəqil Rusiyada onun bazasında, dünya nəhəngi sayılan "Qazprom" şirkəti meydana gəlmişdir.
Milli geoloqlarımızın elmi axtarışları, müstəqil dövlətimiz üçün də dənizdə neft və qaz istehsalının inkişafına böyük təkan vermişdir və malik olduğumuz həmin tədqiqatlar bankından XXI əsrdə də olduqca səmərəli istifadə edilir. Azərbaycan indi Avropanı, bəzi Asiya ölkələrini qazla təmin edən ölkəyə çevrilmişdir. Biz təkcə sazla, poeziyamızla, milli musiqimizlə fəxr edən xalq deyilik, elmi axtarışlarda da həlledici zamanlarda öz sözümüzü deməyi və həyata keçirməyi bacarmışıq. İkinci Dünya müharibəsi illərində neftçilərimizin qəhrəman əməyi və alimlərimizin kəşfləri ölkənin iqtisadi və hərbi qüdrətinə və alman faşizmi üzərində parlaq qələbənin qaznılmasına olduqca böyük töhfə vermişdir.
Bu gün dünya, Sİ adlanan yeni və çətin bir yarışa qədəm qoymuşdur. XXI əsrdə mifik Zevsi və titanları, Sİ adlanan qüdrətli varlıq əvəz edəcəkdir. Alimlərimiz onun tədqiqatında hələlik bilavasitə iştirak etməsələr də, nailiyyətlərindən geniş istifadədə, iqtisadi və hərbi sahələrdəki tətbiqində biz başqalarından geridə qalmamalıyıq. Bu yarış, heç şübhə yoxdur ki, dövlətimizin nəyə qadir olduğunu, hansı potensiala sahiblik etdiyini göstərməklə, xalqımızın ondan da zəfərlə çıxa bilmək bacarığını bir daha nümayiş etdirəcəkdir.
SON
20.04.2026



