|
|
|
|

"Sürətlə kiçilən Xəzər dənizində suyun səviyyəsinin azalmasının monitorinqi və bu prosesə uyğunlaşma məqsədilə regional əməkdaşlığın hüquqi bazası bu ilin sonunadək hazırlana bilər".
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəis müavini Əliağa Əzizov bildirib. Onun sözlərinə görə, dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin səviyyəsi son beş ildə təxminən 1 metr, son 10 ildə 1,5 metr, son 30 ildə isə 2,5 metr azalıb: "Hazırda dənizin səviyyəsi ildə 20-30 santimetr enir. Bu, qlobal okean səviyyəsinin yüksəlmə sürətindən onlarla dəfə daha yüksək göstəricidir. Biz bu prosesi dayandıra bilmərik. Biz yalnız ona uyğunlaşa bilərik. Elmi tədqiqatlar göstərir ki, Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistanın sahillərini əhatə edən Xəzər dənizində suyun səviyyəsi 1990-cı illərin ortalarından etibarən davamlı şəkildə azalır. Bunun əsas səbəbləri iqlim dəyişikliyi, hövzədə yağıntıların azalması, temperaturun yüksəlməsi nəticəsində buxarlanmanın artması və dənizə tökülən çaylarda su axınının azalmasıdır. Bu proses limanların fəaliyyətinə, gəmiçiliyə, balıqçılığa, sahilyanı turizmə və dənizdə yerləşən neft-qaz infrastrukturuna ciddi təsir göstərir".
Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov bildirib ki, Azərbaycan Xəzər dənizində suyun səviyyəsinin azalmasının qarşısının alınması üçün üç sahilyanı ölkə ilə işçi qrup yaradılıb. Azərbaycan Xəzərin səviyyəsinin azalmasının qarşısını almaq üçün sahilyanı ölkələrlə birgə tədbirlər görür. Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı Azərbaycan üç Xəzəryanı ölkə - Qazaxıstan, Türkmənistan və Rusiya ilə ikitərəfli işçi qrupları yaradıb. Bu qruplar çərçivəsində səbəblərin elmi araşdırılması, məlumat mübadiləsi, monitorinq və uyğunlaşma tədbirlərinin hazırlanması istiqamətində birgə fəaliyyət nəzərdə tutulur".
Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev qeyd edib ki, son illər Xəzər dənizində suyun səviyyəsinin azalması ciddi narahatlıq doğurur. Bunun təsirləri artıq sahil ekosistemlərində, iqtisadi fəaliyyətlərdə və yerli icmaların həyatında hiss olunur: "Səviyyə azalmasının səbəbləri ilə bağlı araşdırmalar davam edir. İqlim dəyişiklikləri, çay axınları, hidroloji proseslər və su istifadəsi kimi amillərin təsiri öyrənilir. Bu məsələlərə dair müxtəlif elmi yanaşmalar mövcuddur və tədqiqatlar davam etdikcə biliklərimiz genişlənir. İndiki görüşün məqsədi vahid mövqe formalaşdırmaq deyil. Məqsəd elmi biliklərin paylaşılması, müxtəlif yanaşmaların müzakirəsi və əməkdaşlıq imkanlarının müəyyən edilməsidir. Son illərdə Xəzər dənizinin səviyyəsinin azalması beynəlxalq gündəmdə daha çox yer almağa başlayıb. COP29 çərçivəsində Bakıda keçirilən yüksək səviyyəli nazirlər dialoqu bu məsələyə diqqətin artmasına töhfə verib. Bunun davamı olaraq Tehran Konvensiyasının Katibliyi tərəfindən gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən Fəaliyyət Planı hazırlanıb. Azərbaycan da bu istiqamətdə fəaliyyətini davam etdirir. Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı ikitərəfli ekspert işçi qrupları yaradılıb. Bu platformalar məlumat və təcrübə mübadiləsinə, elmi əməkdaşlığın inkişafına xidmət edir. Qarşıdakı dövrdə elmi araşdırmaların, müşahidələrin və məlumat mübadiləsinin gücləndirilməsi, həmçinin Xəzəryanı dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bundan sonra da Xəzərlə bağlı məsələlərdə dialoqu, əməkdaşlığı və birgə fəaliyyəti dəstəkləyəcək. İnanırıq ki, elmə əsaslanan yanaşma və qarşılıqlı etimad Xəzərin gələcəyi ilə bağlı ortaq həllərin tapılmasına kömək edəcək. Xəzər dənizi bizi birləşdirən ortaq sərvətdir".
Son 20-30 ildə Xəzərin səviyyəsində enmə müşahidə olunur. Bu prosesin də əsasını qlobal iqlim dəyişmələri nəticəsində Xəzərə tökülən çayların suyunun azalması təşkil edir. 1995-ci ildən bu günə qədər Xəzərin səviyyəsi təxminən 190 santimetr azalıb. Bu prosesin davam edəcəyi proqnozlaşdırılır. Belə ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsi dörd min il ərzində dövri xarakter daşıyır. Müşahidələr göstərir ki, təxminən 200-250 il ərzində səviyyə aşağı düşür və bir müddət sonra yenidən yüksəlir. Sonuncu ən yüksək səviyyə 1830-cu illərdə müşahidə olunub. Prosesin 200-250 il uzanacağı təqdirdə dəniz səviyyəsinin bugünkü səviyyəsindən 3 metr aşağı düşə biləcəyi təxmin edilir. Başqa sözlə, təxminən 2050-ci ilə qədər Xəzərin səviyyəsinin düşməsi gözlənilir.
Azərbaycanda Xəzər dənizinin səviyyəsi hər gün iki yerdə ölçülür - Neft Daşları və Bakı buxtasında. Nəticələr göstərir ki, Xəzərin səviyyəsində enmələr davam edir. Bu ölçmələr təxminən 1837-ci ildən başlayıb. Hər 35 ildən bir Xəzərin səviyyəsi bir qədər qalxır. Əgər dəniz səviyyəsində sonuncu dəfə artım 1995-ci ildə baş veribsə, deməli, 2032-2033-ci illərdə 0,5 m-ə qədər artım mümkündür.
Mütəxəssislər deyirlər ki, beynəlxalq tədqiqatçılar proqnozları Xəzərin xüsusiyyətini nəzərə almadan hazırlayırlar. Xəzər dənizi öz-özünü tənzimləyən bir quruluşa malikdir. Dənizin şimal hissəsi təxminən 4-5 metrdir. Orta dərin yeri isə Dərbənd çökəkliyi adlanır və təxminən 800 metrdir. Astanadan sağda yerləşən Lənkəran çökəkliyinin isə dərinliyi təxminən 1025 metrdir. Xəzərə çox su gəlir, əvvəlcə bu çökəkliklər dolur. Xəzər dənizinin qərbdən şərqə təxminən 15-20 metr meyilliliyi var. Bu zaman sular şərq sahillərinə tökülür. Bura çox isti zona olduğu üçün buxarlanma çoxalır. Əsasən dərin ərazilərdə buxarlanma nə qədər çox olursa, Xəzərin şimal hissəsindəki buxarlanma sahəsi azalır. Ona görə də bir-birini kompensasiya edir. Bu nöqteyi-nəzərdən dənizin səviyyəsi nə həddən artıq yuxarı qalxa, nə də aşağı düşə bilər.
Son 200 ildə Xəzərin səviyyəsinin qalxıb enməsi cəmi 3.5 metrdir. Ona görə də xarici tədqiqatçılarının dediyi 9-18 metr azalma real deyil. Xəzər öz səviyyəsini azalmağa da, artmağa da qoymur. Proqnoz verərkən Xəzərin relyefi, quruluşu nəzərə alınmalıdır.
İqlim eksperti Rövşən Abbasovun sözlərinə görə, Xəzər dənizinin səviyyəsi aşağı düşür, çünki o, çay axınlarından asılıdır. Çayların axını dəyişdikcə dənizin səviyyəsi də dəyişir: "Xəzər dənizi ümumilikdə axarsız bir su hövzəsidir, lakin onun əsas su mənbələri hövzəyə tökülən çaylardır. Suyun böyük hissəsi əsasən Volqa və Ural çaylarından gəlir. Xəzərə daxil olan ümumi suyun təxminən 80 faizi Volqa çayının payına düşür. Son yüz il ərzində dənizin səviyyəsi ciddi şəkildə tərəddüd edib.1995-ci ili xatırlayıram, onda Xəzər dənizinin səviyyəsi ən yüksək həddə çatmışdı. Bu isə Azərbaycanın təxminən 800 kilometrlik sahilboyu ərazilərində normal həyatı pozmuşdu. Uzunmüddətli daşqınlar baş vermiş, sahilboyu əsas infrastruktur su altında qalmışdı. Hətta Bakı bulvarının bəzi hissələri də daşqınlardan zərər görmüşdü. Amma 1995-ci ildən sonra dəniz səviyyəsində azalma müşahidə olunur. Bu azalma Xəzər hövzəsində baş verən müxtəlif amillərlə əlaqədardır. Əsas səbəb çaylardan gələn suyun azalmasıdır".
Rövşən Abbasov bildirib ki, Azərbaycanda ən çox quruma Abşeron yarımadasında müşahidə edilir: "Bakı arxipelaqı, Çilov adası, Səngi Muğan və digər bu cür adalarda quruma daha çox görülür. Bu ərazilərdə dayazlıqlar mövcud olduğu üçün hətta yeni adalar əmələ gəlir. İri sahələr də açılıb və çox sayda dayazlıq müşahidə olunur. Həmçinin Kür çayının delta hissəsi də dayazlaşıb. Amma digər ölkələrlə müqayisədə Azərbaycan və İranda qurumanın izləri nisbətən daha azdır".
Ekoloq Telman Zeynalovun sözlərinə görə, 83 il ərzində Xəzər dənizində su səviyyəsi iki dəfə enib, bir dəfə isə artıb. Bir dəfə su səviyyəsi bir metr yarım enib. Bir dəfə isə iki metr yarım artıb. Hazırda da bir metr yarım su səviyyəsi enib. Burada narahatlıq yaradacaq məsələ yoxdur: "Tək problem Xəzər dənizinin necə yarandığını bilməməyimizdir. Xəzər dənizi bir neçə milyon il öncə yaranıb və Qara dənizlə arasında əlaqə olub. Torpaqların qalxma və enməsi nəticəsində 20-30 metr fərq yarandığı üçün iki dəniz arasında olan əlaqə də kəsilib. Bir müddət əvvəl Aral gölünün suyunun quruduğunu dedilər. Aral gölünün suyu Xəzər dənizinə enib. Heç kim bu barədə araşdırma etmir. Kimin ağlına nə gəlirsə, onu da danışır. Ancaq insanlara reallığı çatdırmaq lazımdır. Nəzərinizə çatdırım ki, ötən il Azərbaycanda yağıntılar az, buxarlanma isə çox idi. Bu da su səviyyəsinə təsir göstərirdi. Ancaq bu il yağıntılar çox, buxarlaşma azdır. Bu isə su səviyyəsinin qalxacağını göstərir. Bir daha deyirəm, Xəzər dənizində heç bir təhlükə yoxdur. Su səviyyəsi enib və bir müddət sonra da qalxacaq".
Sevinc QARAYEVA



