|
|
|
|

Müasir cəmiyyətdə hər bir fərdin sosial həyata inteqrasiyası, iqtisadi müstəqillik qazanması və şəxsi inkişaf imkanlarını reallaşdırması üçün müəyyən bacarıq və biliklərə sahib olması zəruridir. Bu baxımdan aşağı öyrənmə səviyyəsində zəif motivasiyalı və ya fərdi inkişaf imkanları məhdud olan şagirdlərin peşə səriştələrinin formalaşdırılması və ixtisasa yiyələnməsi xüsusi əhəmiyyət kəsb edir. Onların əmək bazarına uyğun praktik bacarıqlarla təmin olunması yalnız şəxsi rifahlarına deyil, həm də cəmiyyətin sosial sabitliyinə töhfə verir. 2006-cı il dekabr ayının 13-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiya əlilliyi olan şəxslərin təhsil hüquqlarının bir çox tərəflərini əhatə edir. Konvensiyanın 24-cü maddəsinə əsasən, iştirakçı dövlətlər əlilliyi olan şəxslərin təhsil hüququnu tanıyırlar. Ayrı-seçkiliyə yol vermədən bu hüququn həyata keçirilməsi üçün iştirakçı dövlətlər bütün pillələrdə inklüziv təhsil sistemini və əlilliyi olan şəxslərin fasiləsiz təhsil almaq imkanını təmin etməlidirlər.
ARTİ-nin Təhsildə məzmun, kurikulum və standartlar mərkəzinin Peşə və ömürboyu təhsilin proqramları şöbəsinin baş mütəxəssisi Leyla Vahabova deyir ki, iştirakçı dövlətlər əlilliyi olan şəxslərin əlillik əlamətinə görə təhsildən kənarlaşdırılmamasını, onların digər insanlar kimi eyni əsaslarla, keyfiyyətli və pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin etməlidirlər. Konstitusiyanın 25-ci maddəsinə görə sağlamlıq imkanları məhdud olanlar onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. Təhsil imkanlarından bütün şagirdlərin bərabər faydalana bilməsi təhsil siyasətinin əsas prinsiplərindəndir. Xüsusilə zehni potensialı məhdud, aşağı öyrənmə səviyyəsində olan uşaqların peşə bacarıqlarına yiyələnmə imkanları onların cəmiyyətə inteqrasiyası baxımından çox vacibdir. Sağlamlıq imkanları məhdud olan uşaqların xaricdə peşə təhsili almaq yolları bir neçə əsas istiqamətdə təşkil olunur. Bu sahədə beynəlxalq təcrübə belədir ki, bir çox ölkələrdə, məsələn, Finlandiya, Almaniya, Kanada, ABŞ-da inklüziv təhsil modeli tətbiq olunur. Bu modeldə sağlamlıq imkanları məhdud olan uşaqlar ümumi təhsil müəssisələrində xüsusi dəstək və resurslarla təhsil alırlar. Bu, onların sosial inteqrasiyasını və peşə bacarıqlarını artırır: “Bəzi ölkələrdə əlilliyi olan şəxslər üçün xüsusi peşə təhsili mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə tədris proqramları onların fiziki və psixoloji imkanlarına uyğunlaşdırılır. Məsələn, Almaniyada “Berufsförderungswerke” adlı mərkəzlər bu məqsədə xidmət edir. Reabilitasiya mərkəzlərində isə uşaqlara özünəxidmət, ünsiyyət və sadə əmək vərdişləri öyrədilir. Bu proqramlar fərdi və qrup şəklində təşkil olunur və onların peşə təhsilinə hazırlığını təmin edir. Bir çox ölkələrdə sağlamlıq imkanları məhdud olan şəxslər üçün təqaüdlər, təhsil xərclərinin ödənilməsi və xüsusi avadanlıqlarla təminat proqramları mövcuddur. Bu, onların təhsilə çıxışını asanlaşdırır. Texnologiyanın inkişafı bir çox peşə təhsili proqramlarının onlayn şəkildə əlçatanlığı və hərəkət məhdudiyyəti olan uşaqlar üçün böyük üstünlükdür. Azərbaycanda da sağlamlıq imkanları məhdud olan uşaqlar üçün peşə təhsili almaq imkanları mövcuddur. Dövlət bu sahədə xüsusi təhsil müəssisələri yaradır, psixoloji-tibbi-pedaqoji komissiya vasitəsilə uşaqların ehtiyaclarını müəyyən edir, onların bacarıq və maraqlarına uyğun peşələr üzrə hazırlıq keçmələrinə şərait yaradır. Aşağı öyrənmə səviyyəsində olan zəif motivasiyalı və ya fərdi inkişaf imkanları məhdud şagirdlərin peşəyə yiyələnməsi və təhsil alması bir neçə əsas səbəbə görə vacibdir. Müstəqil həyat bacarıqlarının formalaşması - peşə öyrənmək onlara gələcəkdə maddi cəhətdən başqasından asılı olmadan yaşamaq imkanı yaradır. Ən əsas bazar tələblərinə uyğun sadə, praktik bacarıqlara yiyələnmək gündəlik həyatda özlərini təmin etməyə kömək edir. Sosial adaptasiya və cəmiyyətə inteqrasiya - iş mühiti insanın ünsiyyət bacarıqlarını, kollektivdə davranış mədəniyyətini və sosial məsuliyyət hissini inkişaf etdirir. Peşə sahibi olmaq onları sosial təcriddən qoruyur və cəmiyyətin fəal üzvünə çevirir. Özünəinam və motivasiya artımı bacardığı bir işin qarşılığında mükafat almaq şagirdin özünəinamını artırır. “Mən bacarıram” hissi zəif motivasiyalı gənclərdə belə yeni öyrənmə həvəsi yaradır. İqtisadi müstəqillik və ailəyə dəstək - sadə də olsa, peşə gəlir mənbəyidir. Maddi müstəqillik gəncin öz həyatına nəzarətini gücləndirir və ailəsinə də yük olmadan dəstək verə bilməsinə şərait yaradır. Risklərin azaldılması: - peşəsiz və işsiz gənclər işsizlik, asılılıq, sosial təcrid kimi risklərlə daha çox üzləşir, peşə sahibi olmaq bu risklərin qarşısını qismən də olsa alır. İstedadın və potensialın üzə çıxması bəzən zəif motivasiyalı şagirdlər akademik fənlərdə çətinlik çəksələr də, praktik işlərdə yüksək bacarıq göstərə bilirlər. Əl işləri, texniki əməliyyatlar, xidmət sahəsi və ya sənətkarlıqda uğur onları yeni hədəflərə yönəldə bilər. Xüsusi qayğıya ehtiyacı olan uşaqların peşə təhsili Müasir təhsil sisteminin əsas prioritetlərindən biri hər bir fərdin imkanlarını nəzərə alan inklüziv və davamlı inkişafı təmin edən tədris modelinin qurulmasıdır. Məhz xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, onların müstəqil həyat bacarıqlarının formalaşması üçün bu vacibdir”.
Leyla Vahabovanın sözlərinə görə, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla dərs prosesi standart tədris modelindən fərqli olaraq daha fərdi yanaşma, səbir, ardıcıllıq və praktiki metodlara üstünlük tələb edir. Belə uşaqların qavrama tempi, diqqət müddəti və motor bacarıqları müxtəlif olduğundan dərslər onların ehtiyaclarına uyğun planlaşdırılmalıdır. Tədris zamanı vizual nümunələr, mərhələli izahlar, praktiki tapşırıqlar və müəllim dəstəyi əsas rol oynayır. Bu tip təhsil modellərində məqsəd şagirdin bacarmadıqlarına fokuslanmaq deyil, əksinə, bacardıqlarını üzə çıxarmaq və inkişaf etdirməkdir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara düzgün istiqamət verildikdə və uyğun mühit yaradıldıqda əmək vərdişlərinə yiyələnə, məsuliyyət hissini dərk edə və özlərinə inam qazana bilirlər. Bu isə onların gələcəkdə həm ailə daxilində, həm də cəmiyyət içində daha aktiv və faydalı olmalarına şərait yaradır: “Son illərdə təhsil sistemində peşə təmayüllü siniflərin (PTS) yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu siniflər şagirdlərin erkən yaşlarından konkret bir peşə istiqamətində bilik və bacarıqlar əldə etməsinə, əmək bazarına uyğun hazırlanmasına xidmət edir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün peşə təmayüllü siniflər isə həm təhsil, həm də sosial adaptasiya baxımından ikiqat əhəmiyyət daşıyır. Peşə təmayüllü təhsil şagirdlərdə əl motor bacarıqlarının məqsədyönlü inkişaf etdirilməsini vacibdir. Bu fərdi yanaşmanın vacibliyini, diqqət və səbir vərdişlərinin formalaşmasını, vizual və praktik metodların üstünlük təşkil etməsini, tədrisin mərhələli təşkilini, psixoloji dəstək və motivasiyanın gücləndirilməsini, zövq və yaradıcılıq hissinin artmasını, məsuliyyət və əmək intizamının yaranmasını təmin edir. Bu yanaşma şagirdlərin özlərinə inamının artmasına, əmək fəaliyyətinə marağın formalaşmasına və sosial adaptasiyanın güclənməsinə şərait yaradır. Eyni zamanda bu siniflər şagirdlərin gələcəkdə evdən işləmək, ailə büdcəsinə töhfə vermək və ya kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanlarını genişləndirir. Bu da onların cəmiyyətə yük deyil, əksinə, cəmiyyətin aktiv üzvü olmalarına zəmin yaradır. Aparılan müşahidələr onu göstərir ki, praktikyönümlü peşə təlimi xüsusi qayğıya ehtiyacı olan şagirdlərin diqqət səviyyəsini yüksəldir, məsuliyyət hissini gücləndirir, sosial ünsiyyət bacarıqlarını inkişaf etdirir və özünəinamı artırır. Əldə olunan nəticələr peşə təmayüllü siniflərin xüsusi təhsil müəssisələrində tətbiqinin yalnız tədris baxımından deyil, eyni zamanda pedaqoji, sosial adaptasiya baxımından da səmərəli və məqsədəuyğun olduğunu təsdiqləyir. Bu layihələr onu göstərir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların potensialı böyükdür, onlara sadəcə inanmaq, imkan yaratmaq və düzgün yanaşmaq, dəstək olmaq və yol göstərmək kifayətdir. Bəlkə bu kiçik tikiş ustalarının arasında gələcəkdə öz işini quran, kiçik sahibkar kimi tanınan şəxslər də olacaqdır. Ən əsası isə onlar bir ixtisasa sahib olaraq özlərinə və cəmiyyətə faydalı olmaq hissini yaşadacaqlar”.
Sevinc QARAYEVA



