|
|
|
|

Məzunların məşğulluğu ilə bağlı orta göstəricilər əsasında hansı ixtisas sahiblərinin daha rahat iş tapdığına dair məlumatlar açıqlanıb. Bu göstəricilər Dövlət Məşğulluq Agentliyinin "Məzunların məşğulluq reytinqi" ilə bağlı yayımladığı məlumatda öz əksini tapıb. Agentliyin yaydığı məlumata əsasən, ən yüksək məşğulluq göstəricisi 88 ballıq orta göstərici ilə "Biznesin təşkili və idarəedilməsi (tədris ingilis dilində)" proqramında qeydə alınıb.
İkinci yerdə 81,3 ballıq orta göstərici ilə "Elektroenergetika mühəndisliyi" (Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində), üçüncü sırada isə 77,6 ballıq orta nəticə ilə "Biznesin idarə edilməsi" (mühasibat uçotu, maliyyə, marketinq, beynəlxalq biznes) ixtisası qərarlaşıb.
Yüksək məşğulluq göstəriciləri reytinqində ilk beşlikdə həmçinin "Müalicə işi" və "Neft-qaz mühəndisliyi" (tədris ingilis dilində) ixtisaslarının məzunları da yer alır.
Reytinq cədvəlində yüksək nəticələr əsasən mühəndislik, tibb və biznes yönümlü ixtisaslarda cəmlənib. Məlumata görə, enerji, səhiyyə, aviasiya və İT sahələrinə aid ixtisaslar əmək bazarında daha rəqabətlidir.
Qeyd edək ki, agentliyin açıqladığı məlumatda məzunların əmək bazarına çıxışı və işlə təmin olunma səviyyəsi əsas meyar kimi götürülüb.
Müasir dövrdə əmək bazarı sürətlə dəyişir və bəzi ixtisaslara olan tələbat digərlərinə nisbətən daha yüksəkdir. Bu da həmin sahələr üzrə təhsil alan şəxslərin iş tapmaq imkanlarını artırır. Bu gün gənclərin dövrün tələblərinə uyğun ixtisasları seçməsi mütləqdir. Yalnız diplomlu, ali savadlı olmaq yox, eyni zamanda gələcəyin ixtisaslarına da yiyələnmək lazımdır. Ən rahat iş tapan ixtisas sahibləri əsasən bazarda tələbatın yüksək olduğu sahələrdə çalışanlardır. Lakin yalnız ixtisas kifayət etmir - praktik bacarıqlar, dil bilikləri və təcrübə də böyük rol oynayır. Müasir dövrdə özünü daim inkişaf etdirən və yeni biliklər qazanan şəxslər istənilən sahədə uğur qazana bilər.
Hazırda informasiya təhlükəsizliyi tələbələri kompüter sistemlərini, şəbəkələri və fərdi kompüterləri viruslardan, kompüter piratlarından, terror hədələrindən, təşkilati casusluqdan qorumaq üçün lazımlı texniki mövzuları öyrənir. Bu məqamda sözügedən sahə üzrə mütəxəssilərə ehtiyac duyulur.
İxtisas seçimi insanların gələcəkdə işsiz qalmaması və karyeralarını uğurla həyata keçirmələrinə kömək göstərməlidir.
Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, istehsalatda daha çox robotlardan istifadə olunması işçi qüvvəsinin sıradan çıxması ilə nəticələnəcək: "Əsasən operatorluq, bəstəkarlıq və s. kimi sənətlər sıradan çıxacaq. Hazırda əmək bazarında tələbat İT, pedaqoji, hüquq, kənd təsərrüfatı, elektrik və kimya mühəndisliyi yönümlü ixtisaslaradır".
Ekspert bildirib ki, alternativ enerji ilə bağlı ixtisaslara tələbat daha da artacaq. Eləcə də yeni texnologiyalara əsaslanan peşələrə diqqətin artacağı gözlənilir.
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Elnarə Akimovanın sözlərinə görə, əmək bazarının real tələbinə baxanda aydın olur ki, bu gün texnologiya yönümlü ixtisaslar ön plana çıxıb: "İT və proqramlaşdırma, rəqəmsal marketinq, maliyyə, mühasibatlıq, tibbi xidmət, logistika və peşəkar texniki sahələrdə gənclər daha rahat iş tapırlar. Bu sahələrdə uğur qazananların əsas üstünlüyü ondan ibarətdir ki, onlar universitet biliklərini praktik bacarıqla birləşdirə bilirlər. Yəni artıq yalnız diplom kifayət etmir, tələb olunan əsas keyfiyyət bacarıq və nəticə göstərməkdir. Dünya təcrübəsi də bu reallığı təsdiqləyir. Avropada və ABŞ-da humanitar sahələrdə məzun çoxdur, amma vakansiya az. Əvəzində texniki və elmi istiqamətlərdə ixtisaslı kadr çatışmazlığı yaşanır. Bu ölkələrdə gənclərin işə qəbulunda əsas üstünlük praktiki təcrübəyə, real layihələrdə iştirakına, ixtisasartırma kurslarına və sertifikatlara verilir. Digər mühüm amil isə sosial əlaqələr və peşəkar çevrədə tanınmaqdır".
Millət vəkili vurğulayıb ki, əmək bazarına daxil olma prosesində dil bilikləri xüsusi əhəmiyyət daşıyır: "Bu gün ingilis dili artıq əlavə üstünlük yox, zəruri şərtdir. Xarici dil bilən gənc həm yerli, həm də beynəlxalq bazarda daha çox fürsət qazanır. İkinci və ya üçüncü dil bilikləri isə həmin imkanları ikiqat artırır. Amma təkcə dil yox, öz üzərində fasiləsiz işləmək də vacibdir. Texnologiyanın, iqtisadiyyatın və kommunikasiya mühitinin bu qədər sürətlə dəyişdiyi bir dövrdə gəncin ən böyük gücü onun adaptasiya qabiliyyətidir. Kim dəyişikliklərə açıqdırsa, kim daima öyrənməyə meyillidirsə, o, daha tez və uğurla öz yerini tapır".
E.Akimova hesab edir ki, bu gün diplom bir başlanğıcdır, amma müvəffəqiyyət üçün kifayət deyil: "Əmək bazarında qalib gəlmək üçün gənclər tələbatı olan sahələri seçməli, biliklərini praktiki bacarıqlarla möhkəmləndirməli və daim öz üzərində işləməlidirlər. Kim bu üç istiqaməti düzgün qurursa, ixtisas seçimi, təcrübə və inkişaf - o zaman istənilən şəraitdə iş tapmaq və uğurlu karyera qurmaq mümkündür. Azərbaycan gəncliyi üçün də bu, real və əldə edilə bilən bir məqsəddir. Sadəcə, zamanın dəyişən qaydalarını görmək, diplomla kifayətlənməmək və özünə sərmayə qoymaq lazımdır. Çünki bu günün dünyasında iş tapmaq deyil, dəyər yaratmaq bacarığı əsas fərqi müəyyən edir".
Sevinc QARAYEVA



