Qaçaqaç içərisində keçən gəncliyimə ən çox sığışdırmaq istədiyim şey, yazmağı planlaşdırdığım hekayələrimdir. Ağlımda sayını itirdiyim qədər başlıq altında hekayələr rəqs edirdi: “Səni bağışlaya bilmirəm”, “Mənim İçərişəhərim”, “Əfsanənin həyatı” və s. Zamanı nizama salıb, hansı hekayədən başlayacağıma qərar verə, aşıb-daşan duyğularıma hakim ola bilmirdim.
Sonra bir gecəyarısı yatdığım an otağıma doğru gələn qışqırtı səsinin, yuxu olmasını çox istərdim ki, təəssüflər olsun gerçək idi. İki il öncə keçirdiyim həyəcanı yenidən hiss etdim. Və çoxdandır yazmaq istədiyim yazıların daha dəyərli təsirlisini qələmə alacağımı anlayırdım. Adı da belə olacaqdı: “Anam üçün”. Çünki hər zaman yaxşı dərk edirəm - dar, çətin günlərimdə ən yaxşı sirdaşım və məni dinləyənim qələmim, birdə ağ vərəqlər olub. Bu dünyada mənə qulaq verən başqa kimim var?! Hə, gecəyarısı baş verən hadisədən danışırdım axı. Nə baş verirdi evimizdə?! İşıq sürətilə əlimi qapının dəstəyinə atdım.
Qapıdan ayağımı çölə atan kimi tibdə “kliniki ölüm”, mənim dünyamda isə “faciə” adlandırdığım bir şeyin şahidi oldum. Bir anlıq işıqlı dünya gözümdə qaraldı, əlimi bütün dünyadan üzdüm, ruhum bədənimdə quş kimi çırpındı. Ola bilməz! - deyib içimdə qışqırdım. Günün hər saatı, hər anı gülərüzlə, mehribanlıqla qarşımda duran anam bu dəfə iri, cəlbedici, ala gözlərini yumaraq dayanmışdı önümdə (özü də hərəkətsiz). Dayandım və nəfəs almağıma belə macal tapmamış elə zənn etdim ki, uşaqlıqdan bəri heyranlıqla baxdığım o gözlər bir daha açılıb qızının üzünə baxmayacaq...
Bədənimi dəhşət bürüdü. Evin içində baş verən o xaos zamanı gözümün önündən iyirmi üç illik anam ilə xatirələrim film fraqmanı kimi keçdi: hər səhər, bəzən də yorğun, xəstə olmağına baxmayaraq, uzun və çətinliklə daranan özüm kimi kapriz saçlarımı darayar, hörərdi. Mən bəyənmədikdə isə bezmədən, ofuldamadan yenidən o saç düzümünü alındırmağa çalışardı. Məktəb çantamı belimə hər zaman taxar, ayaqqabılarımı belə mütləq özü silərdi. Əsla əziyyət çəkməyimə, əlimi ağdan-qaraya vurmağıma nə ürəyi, nə də özü yol verərdi. Elə hey uşaqlıqdan anamı itirmək qorxusu ilə böyümüşəm. Ona qarşı təkcə ana-bala münasibəti yox, fərqli doğmalıq, daha yaxın bağ hiss etmişəm. Eyni zamanda anamı hamıdan qısqanmış, paylaşa bilməmişəm - nə digər övladlarına, nə də nəvələrinə.
Elə zənn etmişəm ki, bu sonsuz və ucu-bucağı bilinməyən dünyada hər kəsi əvəzləyən bircə anam var. Məktəbdə parta arxasında əyləşəndə xəyal qurar və eyni zamanda qiblənin doğru yerini belə bilmədən, hansı küncdə gəldi: onsuz da Allah bizi eşidir düşüncəsi ilə əlimi açıb dua edərdim ki, ali məktəbə də məni anam yola salsın, elə orta məktəbə göndərdiyi kimi. Elə də oldu. Dəyişən tək şey anamın və mənim yaşım, bir də bərabər ağaran saçlarımız oldu. Hətta anamın saçının ilk dəfə ağardığı yaşda da mənim saçım ağardı. Uzun sözün qısası, hər universitetə, bundan əlavə, evdən çıxıb getdiyim hər yerə anam pəncərədən məni yola salar, mən gözdən itənədək boylana-boylana arxamca dua oxuyardı.
Mənə də xüsusi güvən hissi verirdi anamın dua oxuması. Həm də həyatda bundan daha müqəddəs nə ola bilər?! Sonra yaradıcılığa başladım, o, mənim ilk oxucum oldu. Həyat məktəbində keçdiyim sınaqlarda ən yaxın dostuma, sirdaşıma çevrildi. Qəlbimin dərinliklərində gizlətdiyim sevdiyim insanı hər zaman onunla bölüşdüm. Mətbəxdə qarşılıqlı çay və ya kofe içən zaman sevgi münasibətimdən həvəslə ona danışdım, yaşadığım ayrılıqda, uğursuzluqda isə onun dizlərində ağladım. Kiçik yaşlarımda hər anamın qucağına gedəndə (yeri gəlmişkən anam hər zaman səhhəti ilə bağlı nəfəs almaqda problem yaşayıb) birdən onu narahat edərəm deyə, bu cümləni işlədirdim: “Mama, bilirsən, biz şeir öyrənmişik ədəbiyyatda və orda belə yazılıb: hər yerdən istidir ana qucağı. Mən də çox üşüyürdüm, ona görə sənin qucağına gəldim”.
Fədakar anam məni köksünə sıxanda çətin nəfəs almağına rəğmən, yenə də məni buraxmır, həmişə də saçımdan öpürdü. Anam bu həyatda hiss etdiyim bütün duyğularıma, film kimi taleyimə şahid olan insandır. Onu itirmək mənim üçün ikinci dünyamı itirməyə bərabərdir. Yaşadığımız bütün xatirələr gözümün önündən keçdikdən sonra düşündüm: birdən anam gözlərini aşmasa? Bəli, o an anam əbədi gözlərini bu dünyaya yumsaydı, mən səhər yeməyindən məhrum qalacaqdım. Çünki heç kəs sevgisini qataraq onun bişirdiyi kimi dadlı pomidor yumurtanı qarşıma qoya bilməyəcəkdi, mən bir daha aşiq olmayacaqdım. Çünki kimsə məni anam kimi dinləməyəcəkdi, mən bir daha kitab yazmayacaqdım, çünki elə səmimi oxucunu tapa bilməyəcəkdim, mən bəlkə də evə qapanıb addımımı çölə atmayacaqdım, çünki arxamca dua edənim olmayacaqdı. O gün anama sarı getdim, ölü, ya diri olduğundan əmin deyildim. Bütün cəsarətimi toplayıb, onu doyunca öpdüm.
Düzdü, yüz il də keçsə, mənə yaradıcılıq ruhunu öz südündən, laylasından keçirən anamdan doymaram. Amma bu, onu son dəfə görməyim idisə, məni tərk edənə kimi anamı bağrıma basıb buraxmaq istəmirdim. Bəlkə də həmin gün o, bu dünyadan iplərini kəssəydi, sevməklə bərabər, məni qaranlıq dünyaya məhkum etdiyi üçün içimdə onu bağışlamazdım. Eh, hazırda bu yazıları yazarkən, yaşadıqlarımı xatırlamaq ürəyimi, sanki yerindən çıxarır, əllərimi əsdirir, gözümdən yaşları sel kimi axıdır. Lakin Allah hansısa savablarımın qarşılığında o gün dünyamı yıxmadı. Anam gözlərini açanda elə hesab etdim ki, iyirmi üç il yaşanmayıb - o, məni elə indicə yenidən dünyaya gətirdi. Və o andan etibarən həyatımdakı əsas insanı, məni bu dünyaya bağlayanımı tanıdım.
Bəzən bəzi yaşanan gözləmədiyimiz və dəhşətli hadisələr sizə həyatınızda olanların qiymətini daha yaxşı anlamağınıza yol açır. Və unutmamalıyıq ki, bu dünyada hər şey əvəz oluna, yeni bir həyat bizi əvvəlkindən daha çox xoşbəxt edə bilər. Bircə ananın isti qucağını, nəfəsini, onun övlad üzərindəki əməyini heç nə əvəz edə bilməz...
Aynur Ədil