Darıxmaq yeganə hissdir ki, nə həddi, nə saatı, nə də miqdarı var. Və darıxmaq zamansız, qəfil gələn bir duyğudur. Sən əsla öz ürəyinə söz keçirə bilmirsən – yox, indi darıxmağın vaxtı deyil...
Bəzən qaqqıltın ətrafa yayılır, amma birdən içinə dolan səbəbsiz narahatlıq, təklik hissi məhz onu arzulayır. Mən onun üçün bir gecəyarısı boşluqda olanda yox, ailəmlə söhbətləşəndə, dostlarımla deyib-güləndə, kitab oxuyanda, səs-küylü yerlərdə, hətta yuxuda belə darıxdım. Amma dayandıra bilmədiyim darıxmağın qarşısını onun xəyalı ilə yaşayaraq tapdım.
Hər səhər oyananda elə hiss etdim ki, onunla bərabər oyanıram, yalnız kofe içəndə belə qarşı stolda onun əyləşdiyini təsəvvür etdim, axşam yatanda ruhən ona sarıldım. Əlimdə məhz ovucumun içində qalan ətirinin burnuma gələn qoxusu ilə onu yanımda hesab edib, balaca uşaqtək özümü dünyanın xoşbəxti saydım. Mən onu başqaları üçün bəlkə də çox sadə, mənə görə isə ölçüyə gəlməyəcək qədər böyük olan şeylərlə xatırladım. Uğur qazananda ilk onunla paylaşmaq, kimsə incidəndə ona qaçmaq, ağlamağım gələndə başımı onun çiyninə qoymaq, mənzərəsi ürəkaçan məkanda olanda onu da yanımda görmək istədim. Onu həyatımın hər bir anında yanımda hiss etdim. Əslində bu duyğuların bir insan üçün ağır çəkidən betər, necə mənəvi yük olduğunu heç bir cümlə ifadə edə bilməz. Ömrünün sonuna kimi bir yerdə ola bilməyəcəyinizi qəbullanaraq, bir insana tutulmaq cəsarətli addım olduğu qədər də ağrılıdır. Hətta belə hissləri yaşamaq üçün bir insanı illərlə tanımağa, öyrəşməyə gərək yoxdur. Bir var ki, aylarımı, illərimi həsr etmişdim, amma içimdə natamam qalan şeylər bütövləşmirdi. Bir də var ki, mən onu gördüyüm elə ilk gün artıq içimdə coşub-çağlayan duyğularıma sahib ola bilmədim. Bir şeyi anlamaq mənə rahat oldu – axtardığım, məni başa düşə biləcək, ən kefsiz anlarımda belə üzümü güldürəcək, indi danlasa beş dəqiqə sonra könlümü alacaq insan odur.
Hisslərimdə yanılmadım. Ona qısa müddətdə o qədər öyrəşdim ki, bir gecəyarısı yuxudan oyanıb bu yazıları qələmə aldım: “Telefona gələn sadə bir zəng səsinin əslində sənin üçün nə qədər önəm daşıdığını, səni nə qədər xoşbəxt etdiyini o zəngin səsi birdən kəsiləndə daha çox dərk edirsən. Səninlə ilk görüşəndə ağlımın ucundan keçirmək bir yana, təxminlərimdə belə sənə bu qədər vurulmağım yox idi. Amma həyatımın bir çox mənada uğursuz dönəmində səninlə dərdləşmək belə, qışın ortasında ağacdan açılan tək çiçək kimi ruhumu qidalandırdı. Bir anlıq çoxdandır ala bilmədiyim rahat nəfəsi aldım. Artıq başa düşməyə başladım ki, hər şey yaxşı olacaq. İçimdəki heç böyüməyən, şıltaq olduğu qədər də həssas qızı, bütünlüklə sən anlayıb, özünə bağladın. Bəzi anlar elə hisslər daşıdım ki, sənə qarşı – bunlardan sən xəbərsiz oldun, amma toplum içində mən özümü tək hesab edəcək qədər səni arzuladım. Buradan da hər zaman öz təsdiqini tapmış şeyi öz həyatımda da sübuta yetirdim – önəmli olan miqdar deyil, hər zaman keyfiyyətdir. Onlarla insanın içində özümü yalnız hiss edib, hərşeyin məni darıxdırdığı halda, səninlə olanda sən mənə bir ordunu əvəz edəcək xoşbəxtliyi bəxş edirsən. Sənə o qədər ehtiyacım oldu ki, bəzən nə içdiyim su, nə yediyim yemək boğazımdan keçdi, nə də heç bir hadisə səninlə ən mənasız şeylərə belə, ürəkdən güldüyüm qədər məni güldürmədi. Və hər zaman da ən pisi o idi ki, bunları sənə etiraf edə bilməməklə yanaşı, o anlarda əlim telefon dəstəyinə gedib sənə zəng aça bilmədi. Mən sənə qarşı hiss etdiyim bu ülvi duyğulara görə özüm olmaqdan imtina etdim (baxmayaraq ki, insanın özündən imtina etməsini mənfi hal kimi qiymətləndirmişəm), çox şeyə göz yumaraq, fədakarlıq etməyi bacardım. Bir sözlə, mən səndə bugünə kimi olmadığım və olacağımı da əsla xəyal etmədiyim bir insan oldum. İçimdə böyütdüyüm uşağın kinlə yetişməsinə baxmayaraq, bəzən kobudluqla qəlbimi qırsan belə, uzun müddət sənə qarşı incik davranmadım. Buna nə ürəyim, nə də beynim yol verdi. Bax, mən səni belə istədim. Bəlkə də yüzlərlə sən bilmədən mənim sevmədiyim şeylər yaşandı aramızda. Amma mən səninlə hər anımızı xoşbəxt yaşayaq deyə, susaraq örtdüm bütün qəbahətlərinin üstünü. Bax mən səni belə istədim. Sən bilmədin. Bəlkə də bilməyəcəksən. Mən səni olmadığın hər yerdə xəyal edərək istədim. Və çox istəmək sevməkdən daha qüvvətlidir, bunu da öyrəndim...”