
“Mövcud qaydalara əsasən, orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Amma bir sıra hallarda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində orqanizmin funksiyalarının 30 faizədək pozulması halları baş verirdi və əlillik dərəcəsi ala bilmədiyi üçün həmin vətəndaşlarımıza sığorta ödənişi edilmirdi. Nəticədə, həmin vətəndaşlarımız sığorta ödənişindən faydalana bilmirdi”.
Bunu 525.az-a iqtisadçı millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili qeyd edib ki, hazıda qüvvədə olan Qanuna əsasən peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi sığorta olunanın sığorta hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsidir. Bu baxımdan dəyişikliyə əsasən sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsinin vahid meyar üzrə dəyərləndirilməsi məqsədilə birdəfəlik sığorta ödənişinin də sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilə əlaqələndiriləcək:
“Yəni, birdəfəlik sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə həyata keçiriləcəkdir. Peşə əmək qabiliyyətinin itirilməsi özündə eyni zamanda əlilliyin müəyyən edilməsi, yəni orqanizm funksiyalarının itirilməsini də ehtiva edir”.
Sevinc Qarayeva



