https://525.az/img/pics/medium/2026-06/394226_54n3ftcuj7.jpg Azərbaycan Liderinə yüksək etimadın bariz nümunəsi
https://525.az/img/pics/medium/2026-07/396968_zjbniutojr.jpg Mundial gəldi gedərdi... -  İlqar Tağıyev yazır
https://525.az/img/pics/medium/2024-07/321468_ssdflpyuaa.jpg Həkim. Nazir. Vali. Şəhid - "Keçən keçdi, olan oldu" dastanından
https://525.az/img/pics/medium/2026-07/396952_eouiaodh2q.jpg "Bizə gərəksiz mühafizəkarlıq yox, cəsarətli mətnlər lazımdır"
search
10 İyul 2026

Mundial gəldi gedərdi... -  İlqar Tağıyev yazır

BİZƏ AVROKUBOKLAR QALACAQ

Mundial gəldi gedərdi... -  İlqar Tağıyev yazır

1 aydır davam edən dünya çempionatı başa çatmaq üzrədir. Bu gecə 1/4 final mərhələsinin ilk oyunu keçirildi. Turnirin favoritlərindən olan Fransa millisi Kilian Mbappe və Osman Dembelenin qolları ilə Mərakeş millisini 2:0 hesabı ilə məğlub etdi. Bu gün və sabah bu mərhələ başa çatacaq. Cəmi 7 oyun qalıb. Çempion adını hansı milli qazanacaq? Bu suala cavabı iyulun 19-da biləcəyik. Daha dəqiq, 20-ə keçən gecə. İndiyə kimi izlədiyim ən maraqlı mundial... Təkcə sensasiya, yeniliklər və rekordlarla deyil, həm də qalmaqallarla yadda qalacaq mundial. Turnir başlayandan demək olar ki, tez-tez müxtəlif səpkili insidentlərə şahidlik etdik. Ötən həftə də qalmaqallardan, özü də futbol tarixinə düşəcək qalmaqallardan xali olmadı. Nələr baş verdi? Yaxın keçmişə qısaca ekskursiya edək...

FİFA-dan biabırçı qərar

Ən böyük narazılıq ABŞ millisinin hücumçusu Florian Baloqunla bağlı FİFA-nın qərarı oldu. Məsələ burasındadır ki, hələ 1/16 final mərhələsində ABŞ - Bosniya və Hersoqovina matçının 64-cü dəqiqəsində braziliyalı hakim Rafael Klaus VAR-ın müdaxiləsindən sonra Baloquna qırmızı vərəqə göstərdi. Oyun ABŞ millisinin 2:0 hesablı qələbəsi ilə başa çatdı və bu o demək idi ki, Baloqun 1/8 final mərhələsində Belçika millisi ilə oyunda iştirak edə bilməyəcəkdi. FİFA qaydalarına görə meydandan qovulan futbolçu avtomatik növbəti qarşılaşmanı buraxmalıdır. Amma... Oyundan dərhal sonra pərdəarxası siyasi proseslər başladı. ABŞ lideri Donald Tramp şəxsən FİFA prezidenti Canni İnfantinoya zəng edərək qərarın ədalətsiz olduğunu bildirdi və yenidən baxılmasını tələb etdi. Ağ Ev rəsmiləri hüquqi etiraz formatı hazırlayaraq, VAR qərarında zəif təkrar görüntülərdən istifadə olunduğunu əsas gətirdilər. Trampın sözünü yerə salmaq olar? Futbolda birbaşa qırmızı vərəqələrə qarşı standart apellyasiya mexanizmi olmasa da, FİFA İntizam Komitəsi qərarı tam ləğv etmədi, fərqli bir hüquqi yola əl atdı. İntizam Məcəlləsinin 27-ci maddəsinə söykənərək cəzanın icrasını dayandırdı və Baloquna 1 illik sınaq müddəti və 40 000 dollar pul cəzası verildi. Sonradan sosial şəbəkə hesabında qərarla bağlı FİFA-ya təşəkkür edən Tramp bu məsələyə şəxsən müdaxilə etdiyini dolayısı yolla təsdiqləmiş oldu.

Baloqunun ABŞ millisi üçün vacib futbolçu olduğunu nəzərə alsaq, onun üçün bu qədər əl-ayağa düşüldüyünü anlamaq çətin deyildi. Doğrudur, Belçika Futbol Federasiyası apellyasiya şikayəti versə də, faydasız oldu. FİFA-nın Baloqunla bağlı qərarı böyük söz-söhbətlər yaratmaqla yanaşı, bu qurumun nüfuzuna da ciddi zərbə vurdu. Məsələn, UEFA bəyanat yayaraq sözügedən qərarın turnirin və futbolun nüfuzuna xələl gətirdiyini bildirdi. Bəs nəticə nə oldu? Məlumdur ki, Belçika millisi Baloqunun komandasını darmadağın etməklə 1/4 finala yüksəldi. Loru dildə desək, cığalın payı verildi.

Maraqlıdır ki, bənzər hadisə 1962-ci ildə Çilidə keçirilmiş mundialda da yaşanıb. O vaxt Braziliya millisinin əfsanəsi Qarrinça yarımfinalda Çili ilə matçda qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. Lakin Braziliya hökumətinin və futbol rəsmilərinin FİFA-ya etdiyi böyük təzyiqlərdən sonra İntizam Komitəsi cəzanı ləğv etmiş və Qarrinça finalda oynayaraq Braziliyanın çempionluğunda böyük pay sahibi olmuşdu. Fərq ondadır ki, o dövrdə indiki kimi "avtomatik 1 oyunluq cəza" qaydası yox idi və qərarlar tamamilə komitənin rəyindən asılı idi. Ümumiyyətlə, zaman-zaman futbolun siyasi müdaxilələrə məruz qaldığı məlumdur. Məsələn, 1934 və 1938-ci illər mundiallarında diktator Benito Mussolini hakimlərə o dərəcədə təzyiq etmişdi ki, İtaliyanın rəqiblərinə qarşı təmiz qollar ləğv olunmuş, italyanların sərt qayda pozuntularına göz yumulmuşdu. 1938-ci il finalından əvvəl isə Mussolini komandasına "Qalib gəlin, ya da ölün" teleqramı göndərməsi də faktdır.

Argentina millisi - FİFA-nın gəlir mənbəyi

1/8 final mərhələsində Misir - Argentina oyununda baş verənlər də geniş müzakirələrə və müəyyən etirazlara səbəb oldu. Hansı epizodlar? Misirlilər hesabda 1:0 öndə olduğu vaxt Mostafa Zikonun ifasında 2-ci qolu vurur. Matçın fransalı baş hakimi Fransua Leteksye VAR-a baxdıqdan sonra meydanın əks tərəfində epizodun əvvəlində Lisandro Martinesə qarşı kobudluq olduğunu əsas gətirərək qolu ləğv edir. Yaxşı! Matça əlavə olunmuş dəqiqələrdə, hesab 2:2 olarkən Məhəmməd Salah rəqibin cərimə meydançasında müdafiəçilərin müdaxiləsi ilə yerdə qalır. Misirlilər penalti tələb etsələr də, referi davam işarəsi verir və əks-hücumda Enzo Fernandes qol vurur. 2 oxşar epizod. Birində Misirin qolu sayılmır, digərində isə Argentinanın qolu qeydə alınır. Doğrudur, matçdan sonra Misir Futbol Federasiyası hakimliklə bağlı FİFA-a şikayət etdi. Amma bu, daldan atılan daşa bənzədi. Hətta FİFA-nın Hakimlər Komitəsinin sədri, Canni İnfantinonun həmyerlisi Pyerluici Kollina rəsmi açıqlamasında Leteksyenin qərarlarını müdafiə etdi, VAR prinsiplərinin tam doğru tətbiq olunduğunu və fransalı referinin növbəti mərhələlərdə də iş başında olacağını bildirdi.

Ümumiyyətlə, futbolda elə "50/50"lik məqamlar var ki, orada qərar vermək hakimin öhdəsinə buraxılır. Ya da vicdanına. Sizcə, Leteksye Argentinanın 3-cü qolunu ləğv edə bilərdi? Əlbəttə. Axı, eyni epizodda misirlilərin qolunu saymamışdı. Bəs o halda niyə ləğv etmədi? Çünki bu zaman gərək Argentinanın qapısına penalti təyin olunardı ki, bu da böyük ölçüdə Messinin komandasının mundialdan kənarda qalması demək idi. Əminəm ki, həmin toxunuş cərimə meydançasından kənarda olsaydı, Leyeksiye fərqli qərar verərdi. Mundialda hakimlərin Argentina və digər güclü millilərə simpatiyası açıq-aşkar sezilir. Bunun da birbaşa səbəbi FİFA-nın maraqlarıdır. Argentina kimi millinin daha irəli getməsi FİFA-ya sərf edir. Səbəbi? İndi açıqlayacam.

Deməli, ekspertlərin hesablamalarına görə, Messinin komandasının 1/4 finala çıxması FİFA-ya əlavə 150-250 milyon dollar gəlir gətirəcək. Bu gəlirin bir neçə mənbəyi var. Birincisi, bilet satışından. Messinin iştirakı ilə oyunlarda biletlərin qiyməti bir neçə dəfə artır. Bundan başqa VİP lojalara xidmət göstərən şirkətlərin qazancları da bir neçə dəfə çoxalır. Buradan isə gələcək əməkdaşlıqda FİFA-nın payı var. Televiziyalar da "pir"dən kənarda qalmır. Argentinanın iştirakı ilə keçirilən oyunların yayımı zamanı reklam çarxlarının qiyməti bir neçə dəfə qaldırılır. Məsələn, "Fox", "Telemundo" kimi kanallarda 30 saniyəlik çarxa görə müştərilər 500 min - 1 milyon dollar aralığında pul ödəyirlər. Bu isə gələcəkdə bu telekanallarla FİFA arasında müqavilə bağlananda qiymətlərin artması deməkdir. Eyni vəziyyət sponsor şirkətlərə də aiddir. Argentinanın növbəti mərhələyə yüksəlməsi müqavilələrdəki xüsusi bəndlərə görə FİFA-ya əlavə bonusların ödənilməsi deməkdir. Biri var finalda sıradan 2 milli qarşılaşsın, biri də var Fransa, İngiltərə, Argentina kimi nəhənglər. FİFA-ya hansı sərf edir?  Əlbəttə, ikinci variant. İnsaf naminə bu variant elə azarkeşlərin də ürəyincədir...

Kabo-Verde "möcüzəsi" və ya nifrət qazanan Paraqvay millisi

Bu mundialı maraqlı edən məqamlar xeyli çoxdur. Braziliya və Almaniya millilərinin turnirlə erkən vidalaşması, Afrika təmsilçilərinin uğuru, Kabo-Verde "möcüzəsi"... Bir də Ronaldonun "qürubu". Təxmini 20 il müddətində milyonlarla futbol azarkeşinin könlünü fəth edən Kriştiano Ronaldonun. "R7"nin arzusu ürəyində qaldı. 6 mundialda iştirak edən Ronaldo dünya çempionu ola bilmədi. Əvəzində Messi ikinci dəfə bu titulu qazanmağa yaxındır. Bunun üçünsə cəmi 3 oyunda qalib gəlmək lazımdır. Hər dəfə mundialdan söz düşəndə istər-istəməz 1 suala cavab axtarırsan - çempion kim olacaq? Qəzet çapa hazırlanarkən çempionluğa ən real namizədlərdən biri Fransa Mərakeşlə oynayırdı. Bu üzdən sualın müzakirəsini ertələyib 1-2 kəlmə mundialın ən çox rəğbət və nifrət qazanan millilərindən - Kabo-Verde və Paraqvaydan bəhs edək. 

Yarım milyondan bir qədər çox əhalisi olan Kabo-Verde dünya çempionatları tarixində pley-offa yüksələn əhalisi ən az ölkə rekordu ilə yadda qaldı. Həm də sərgilədiyi futbol və intizamı ilə. Əksəriyyət komandanın qrup sonuncusu olacağını zənn edirdi. Amma Kabo-Verde İspaniya (0:0), Uruqvay (2:2) və Səudiyyə Ərəbistanı (0:0) ilə oyunların heç birində məğlub olmadı. İspaniyaya qarşı mübarizə haqqında ayrıca bir məqalə yazmaq olar. 1/16 finalda Argentina ilə oyun haqqında isə kitab. Hesabda 2 dəfə geri olmasına baxmayaraq, son dünya çempionundan çəkinməyən, axıra kimi döyüşən komandaya ancaq alqış düşür. Belə də oldu! Hətta rəqib azarkeşlər oyundan sonra meydanı tərk edən afrikalıları alqışlarla yola saldılar. Uğur qazanmaq asandır, hörmət qazanmaq isə...

Təəssüf ki, bu sözləri Paraqvay millisinə aid etmək olmaz. İfrat müdafiədən oynamaları azmış kimi, oyunların gedişində rəqib futbolçuları təxribata çəkmək cəhdləri, yersiz hərəkətlər, simulyasiyalar, aqressivlik Paraqvay millisinə uğur deyil, nifrət qazandırdı. Fransa ilə oyunda sadalananların şahidi olduq. Təsadüfi deyil ki, ekspertlər də Paraqvay yığmasını "ən çox nifrət qazanan milli" kimi qələmə verdilər. Bu mənada ikinci pillədə ABŞ millisi qərarlaşıb. Bayaq haqqında bəhs etdiyimiz "Baloqun söhbəti"nə görə.

Yeri gəlmişkən, mundiallar tarixində başqa nifrət qazanan millilər də olub. Məsələn, 1982-ci il dünya çempionatında Almaniya və Avstriya milliləri. "Xixon rüsvayçılığı" adı ilə tarixdə qalan bu 2 komandanın qarşılaşmasındakı "hoqqa"dan daha əvvəl geniş bəhs etmişdim. 1990-cı il İtaliyada keçirilən mundialda Maradonalı Argentina yığması bu ada layiq görülmüşdü. Səbəbsə sərgilədiyi çirkin futbol və Braziliya ilə oyunda rəqib futbolçu Brankoya yuxugətirici dərman qatılmış su şüşəsi verilməsi idi. Məhz bu məqamlara görə Argentina millisi hər oyunda azarkeşlər tərəfindən fitə basılırdı. Və ya 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən turnirdə baş verənlər. Cənubi Koreyanın uğuru üçün hakimlərin İspaniya və İtaliya kimi nəhənglərin "belini qırması" yaddan çıxası deyil.

Qaranquş gəldi-gedərdi...

Başımız qarışıb mundiala, öz klublarımızı yaddan çıxarmışdıq. Bu həftə 3 təmsilçimiz avrokuboklarda çıxışına başladı. "Sabah" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Uelsin TNS komandasını 2:0 hesabı ilə məğlub etdi. Srağagün "Zirə" Konfrans Liqasında Gürcüstanın "Torpedo"sunu (Kutaisi) 3 cavabsız qolla üstələdi. Dünən isə "Qarabağ" Avropa Liqasında 1-ci təsnifat mərhələsində İslandiyanın "Vestri"ni əliboş yola saldı - 3:0. 3 oyun, 3 qələbə - "het-trik". Cavab oyunları gələn həftə keçiriləcək. Digər təmsilçimiz "Neftçi" isə Konfrans Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. 

Düzü, mundialdan sonra avrokubokların təsnifat mərhələsinə köklənmək çox çətindir. Sanki son model "Mersedes"dən düşüb köhnə "Jiquli"yə minirsən. Amma bizə qalan da elə "Jiquli" olacaq. Necə deyərlər, qaranquş gəldi-gedərdi, bizə sərçə qalacaq.

İlqar Tağıyev

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.