
“2026-cı ilin ilk beş ayı ərzində Azərbaycan dəmir yollarında qeydə alınan kənar müdaxilə hadisələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Statistik göstəricilər dəmir yolu infrastrukturuna və hərəkətdə olan qatarlara edilən müdaxilələrin təkcə nəqliyyatın fəaliyyətinə deyil, insanların həyat və sağlamlığına da ciddi təhlükə yaratdığını göstərir”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bunu 525-az-a söyləyib. Ekspert bildirib ki, cari ilin ilk beş ayında ümumilikdə 197 kənar müdaxilə hadisəsi qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 108 olub. Beləliklə, hadisələrin ümumi sayında 82 faiz artım müşahidə edilib. Hadisələrin böyük əksəriyyəti – 167-si sərnişin qatarlarının hərəkəti zamanı baş verib:
“Saylarda artım olsa da, ötən illə müqayisədə bu il sərnişin qatarlarının hərəkət intensivliyi və gedilən məsafədə də böyük dəyişiklik var. Ən çox rast gəlinən hadisələrdən biri dəmir yolu xəttinə insanların daxil olması səbəbindən maşinistlərin təcili tormozlama etməsi olub. Bu cür hadisələrin sayı bir il ərzində 55-dən 70-ə yüksəlib. Bundan başqa, relslər üzərinə kənar əşyaların qoyulması halları da 47 faiz artaraq 17-dən 25-ə çatıb. Daş atılması hadisələrinin sayı isə 16-dan 20-yə yüksəlib. Bu kimi müdaxilələr ilk baxışda sadə görünə bilər, lakin hərəkətdə olan qatarlara ciddi ziyan vurmaqla yanaşı, sərnişinlərin və dəmir yolu əməkdaşlarının həyatı üçün risk yaradır”.
Sevinc Qarayeva



