|
|
|
|

Bu yaxınlarda Türkiyə Mədəniyyət və İncəsənət Yazarları Dərnəyinin dəvəti ilə bir qrup azərbaycanlı media və incəsənət təmsilçisi ilə birgə Ankarada səfərdə olduq. Ankaranın 2026-cı il üçün "Türk dünyasının turizm paytaxtı" elan olunması ilə əlaqədar silsilə tədbirlərdə iştirak etdik. Əlbəttə, bir xeyli də gəzdik. Səfər çərçivəsində ziyarət etdiyimiz məkanlardan biri də Altınköy Açıq Hava Muzeyi oldu.
Ankara şəhərinin Altındağ rayonunda yerləşən canlı kənd muzeyində bir-birindən maraqlı eksponatlar gördüm. Muzeyin fəaliyyətində əsas məqsəd sürətlə inkişaf edən şəhərlərdə yoxa çıxan ənənəvi Anadolu kənd həyatını gələcək nəsillərə ötürməkdir.
Məkanın atmosferi qədər məni təəccübləndirən muzeyin müdiri Dilek Kara Yılmaz oldu. Bu xanımın işinə olan sevgisi ekskursiya zamanı xüsusilə diqqətimi çəkdi. Hər guşəni böyük həvəslə, hər bölməni başqa bir coşğu ilə təsvir etməsi məni heyrətləndirdi. Bu səbəbdən istədim ki, işinin peşəkarı olan bu xanımı siz də tanıyasınız.
Müsahimiz Altınköy Açıq Hava Muzeyinin müdiri Dilek Kara Yılmazdır.
- Neçə ildir bu sahədə çalışırsınız?
- Təxminən 12 ildir mədəniyyət, incəsənət və muzey işi sahəsində fəaliyyət göstərirəm. Sənət tarixi üzrə təhsil aldıqdan sonra muzey təhsili sahəsində magistr dərəcəsi alaraq akademik biliklərimi daha da möhkəmləndirdim. Bu müddət ərzində bələdiyyələrdə, Valilikdə, eləcə də Türkiyə Mədəniyyət və Turizm Nazirliyində həyata keçirilən mədəni irs və muzeyçilik layihələrində qazandığım təcrübə peşəkar baxışımın formalaşmasına böyük təsir göstərdi və bu gün gördüyüm işlərə mühüm töhfə verdi.
- Sizi bu sahəyə yönəldən əsas motivasiya qaynağı nə olub?
- Məni bu sahəyə gətirən ən mühüm motivasiya mədəni irsin yalnız qorunmasının deyil, həm də düzgün üsullarla gələcək nəsillərə ötürülməsinin vacibliyinə olan inamım idi. Hesab edirəm ki, muzey sadəcə eksponatların nümayiş olunduğu məkan deyil, öyrənmənin, təcrübə qazanmağın və mədəni yaddaşın yaşadıldığı bir həyat məkanıdır. İnsanların keçmişlə bağ qurmasına töhfə vermək, xüsusilə də uşaqlarda mədəni irsə maraq və fərqindəlik yaratmaq bu peşəyə bağlılığımı hər keçən gün daha da artırır.
- Niyə məhz Altınköyü seçdiniz?
- Uzun illərdir ki, Altındağ Bələdiyyəsində mədəniyyət və muzey işi sahəsində çalışıram. Bu müddətdə Altınköyü yaxından tanımaq imkanı qazandım. Əslində magistr dissertasiyamı xaricdə yerləşən ekoloji muzeylərdən biri haqqında yazmağı planlaşdırırdım. Lakin son anda qərarımı dəyişərək Altınköyü araşdırma mövzusu seçdim. Çünki inanıram ki, Altınköy ölkəmiz üçün çox dəyərli, özünəməxsus və nümunə göstərilə biləcək açıq hava muzeyidir. Mənim üçün Altınköy sadəcə işlədiyim məkan deyil. Bura bilik və təcrübəmi, eləcə də layihələrimi həyata keçirə bildiyim çox xüsusi bir yerdir. Altındağ Bələdiyyəsinin sədri, hörmətli doktor Veysel Tiryakinin fikirlərimə dəyər verməsi, layihələrimi dinləməsi və onların həyata keçirilməsinə dəstək olması mənim üçün böyük şansdır. Belə uzaqgörən idarəçilik anlayışı ilə işləmək həm peşəkar inkişafıma töhfə verir, həm də Altınköyü daha da inkişaf etdirəcək layihələri cəsarətlə həyata keçirməyə imkan yaradır. Buna görə də özümü həqiqətən çox şanslı hesab edirəm.

- Oxucularımız üçün Altınköy haqqında ətraflı məlumat verə bilərsinizmi?
- Altınköy Açıq Hava Muzeyi Ankaranın mərkəzində, təxminən 1500 dönümlük ərazidə yerləşən və ənənəvi Anadolu kənd həyatını bütün xüsusiyyətləri ilə yaşadan Türkiyənin ən unikal açıq hava muzeylərindən biridir. Təxminən on il əvvəl Altındağ Bələdiyyəsinin sədri, hörmətli doktor Veysel Tiryakinin təşəbbüsü ilə həyata keçirilən bu layihə mənim fikrimcə, təkcə bələdiyyə sərmayəsi deyil, həm də mədəni irsə göstərilən hörmətin, qətiyyətin və uzaqgörən baxışın məhsuludur.
Mən bu hekayəni hər dəfə danışanda eyni həyəcanı yaşayıram. Təsəvvür edin... Doğrudan da inanılmazdır. Qərbi Qara dəniz bölgəsinin müxtəlif kəndlərində yerləşən təxminən 70 ənənəvi kənd evi olduğu yerlərdə bir-bir sökülüb. Hər bir taxta parçası, daş, qapı və pəncərə nömrələnib, qeydiyyata alınıb, kilometrlərlə yol qət edərək Ankaraya gətirilib və burada ilkin formasına uyğun şəkildə yenidən inşa olunub. Bu gün ziyarətçilərin gəzdiyi həmin evlər vaxtilə həqiqi ailələrin yaşadığı, xatirələr topladığı məkanlar olub. Belə bir layihəni hazırlamaq, həyata keçirmək və bu günə qədər yaşatmaq böyük zəhmət, səbir və vizyon tələb edir. Məhz buna görə Altınköyü sadəcə bələdiyyə layihəsi deyil, ölkəmizin mədəni irsinə qazandırılmış qalıcı bir dəyər hesab edirəm.
Muzey ərazisində kənd evləri ilə yanaşı, külək və su dəyirmanları, daş soba, kənd otağı, məktəb, məscid, camaşırxana, süd emalı məntəqəsi və ənənəvi istehsal sahələri yerləşir. Lakin Altınköyü xüsusi edən yalnız bu tikililər deyil. Burada həyatın özü yaşadılır. Uşaqlar inək sağır, hinlərdən yumurta toplayır, bostandan tərəvəz yığır, dəyirmanda buğdanın una çevrilməsi prosesini izləyir və keçmişi sadəcə dinləməklə deyil, yaşayaraq öyrənirlər.
Altınköyün ən diqqətçəkən xüsusiyyətlərindən biri də şəhərin mərkəzində yerləşməsinə baxmayaraq, ziyarətçilərinə əsl kənd mühiti təqdim etməsidir. İnsanlar bura gələndə çox vaxt "Oh..." deyərək rahat nəfəs alırlar. Şəhərin səs-küyündən uzaqlaşır, quş səsləri altında dincəlir və öz mədəni kökləri ilə yenidən bağ qururlar.
Bizim əsas məqsədimiz yalnız keçmişi qorumaq deyil, həm də unudulmaqda olan adət-ənənələri, xalq sənətlərini, sənətkarlarımızı və istehsal mədəniyyətini yaşatmaq, onları müasir insanlarla yenidən görüşdürmək və gələcək nəsillərə çatdırmaqdır. Çünki mədəni irs yalnız yaşadıldığı zaman öz həqiqi dəyərini qazanır.
Hörmətli doktor Veysel Tiryakinin təxminən on il əvvəl əsasını qoyduğu bu layihə Türkiyədə yerli idarəetmənin mədəniyyət və muzeyçilik sahəsində nələrə nail ola biləcəyinin ən uğurlu nümunələrindən biridir. Hər gün bu mühitdə işləyərkən bu vizyonun bir parçası olmaqdan böyük qürur duyuram. Belə orijinal və ölkəmiz üçün nümunə sayıla biləcək bir layihəyə töhfə vermək mənim üçün təkcə vəzifə deyil, həm də böyük məsuliyyət və şərəfdir.
- Şəhər mühitində böyüyən uşaqları burada ilk dəfə qarşılaşdıqları hansı məqam daha çox təəccübləndirir?
- Əslində onları ən çox heyrətləndirən istehsalın gerçək hekayəsidir. Bu gün elə uşaqlar gəlir ki, toyuğun lələklərini ilk dəfə yaxından görür, südün marketdə istehsal olunduğunu, pomidorun isə marketdə yetişdiyini düşünürlər. Biz hazırladığımız muzey təhsil proqramlarında uşaqların sadəcə izləyən deyil, prosesin birbaşa iştirakçısı olmalarını hədəfləyirik. Onlar şalvar geyinir, inək sağır, hinlərdən yumurta toplayır, bostandan tərəvəz yığır və keçmişi yaşayaraq öyrənirlər. Məncə, müasir muzeyçiliyin inkişaf istiqaməti də məhz budur. Demək olar ki, hər gün bizi duyğulandıran anlar yaşayırıq. Xüsusilə yaşlı ziyarətçilərimizin uşaqlıq xatirələrini yada salaraq göz yaşlarını saxlaya bilmədiklərinə dəfələrlə şahid olmuşam. Mənim üçün isə ən dəyərli rəy üç nəslin eyni anda eyni hissləri yaşaya bilməsidir.

- Bəs sizin üçün burada xüsusi məna daşıyan guşə və ya bölmə hansıdır?
- Mənim üçün xüsusi məkan uşaqların təhsil proqramlarında iştirak etdiyi bölmələrdir. Çünki mədəni irsin gələcək nəsillərə necə ötürüldüyünü məhz orada canlı şəkildə görürəm. Uşaqların marağı və həyəcanı mənə hər gün yeni motivasiya verir.
- Burada çalışaraq toxuduğu şaldan, bişirdiyi çörəkdən evinə pul aparan xanımlar var. Fikrimcə, bu təşəbbüs çox dəyərlidir.
- Altınköy təkcə mədəni irsin yaşadıldığı bir məkan deyil, həm də bir çox qadının istehsalla və əmək fəaliyyəti ilə daha güclü bağ qurduğu yerdir. Burada çalışan qadınlar həm ənənəvi bilik və bacarıqlarını gələcək nəsillərə ötürür, həm də istehsal etməyin, paylaşmağın və iqtisadi həyata qatılmağın sevincini yaşayırlar. Onların üzündəki xoşbəxtliyi görmək bizim üçün də böyük motivasiya mənbəyidir.
- Türkiyə ilə Azərbaycan arasında muzeyçilik sahəsində əməkdaşlıq potensialını necə qiymətləndirirsiniz?
- Azərbaycanın son illərdə muzeyçilik sahəsində əhəmiyyətli inkişaf nümayiş etdirməsini məmnunluqla izləyirəm. Türkiyədə də müasir muzeyçilik anlayışı gündən-günə daha da güclənir. Hesab edirəm ki, ortaq sərgilər, muzey təhsil proqramları, mütəxəssis mübadiləsi və mədəni irs layihələri vasitəsilə iki ölkə bir-birini daha da zənginləşdirəcək. "İki dövlət, bir millət" anlayışının muzeyçilik sahəsində də uğurlu nümunələrlə gələcəyə daşınmasını arzulayıram.
- Gələcəkdə Altınköyü necə görmək istərdiniz?
- İstərdim ki, Altınköy təkcə Ankaranın deyil, bütün Türkiyənin və Türk dünyasının nümunə göstərilən açıq hava muzeylərindən birinə çevrilsin. Daha güclü muzey təhsil proqramları, beynəlxalq əməkdaşlıqlar və yaşayan emalatxanalar vasitəsilə mədəni irsin dünyaya tanıdıldığı örnək bir muzey olmasını hədəfləyirik.
- Sizinlə ünsiyyət zamanı peşənizə olan sevginiz məni çox heyrətləndirdi. Sizcə, insan sevdiyi işi görməlidir, yoxsa gördüyü işi sevməyi öyrənməlidir?
- Məncə, insanın sevdiyi peşə ilə məşğul ola bilməsi böyük xoşbəxtlikdir. Ancaq gördüyün işə dəyər qatmağı bacarmaq da çox önəmlidir. Bu baxımdan özümü həqiqətən şanslı hesab edirəm. Muzeyçilik mənim üçün sadəcə bir peşə deyil, mədəniyyətimizə və gələcəyimizə qarşı daşıdığım məsuliyyətdir. İnsan sevdiyi işi görəndə təkcə uğur qazanmır, həm də işinə öz ruhunu qatır.
Aytac SAHƏD



