
Mən bu qeydləri yerdən 10-12 min metr hündürlükdən edirəm. AZAL-ın 10-15 gün əvvəl alınan yeni təyyarəsi ilə İslandiyadan Bakıya qayıdırıq. Düz 5 saatdır havadayıq, bundan sonra hələ iki saat da yol getməliyik. Ətrafa boylanıram, “Vestri” komandasına qarşı Avropa Liqasının oyunundan sonra “Qarabağ”ın bütün üzvləri yorğunluqdan yatıb. Oyaq qalan bir pilotlardır, bir bələdçilərdir, bir də mən.
Odur ki, güman edirəm, bizim paytaxt Bakıya çatana qədər mən başqa bir paytaxt olan Reykyavikdəki ab-havanı sözlərin köməkliyi ilə də olsa, sizə ötürə biləcəyəm.
***
“Vestri” - “Qarabağ” oyunu “AVIS völlurinn” adlı arenada keçirilirdi. Stadionun cəmi 2400-ə yaxın tamaşaçı tutumu var ki, bu da “Vestri”nin təmsilçisi olduğu çeçələ barmağı boydakı İsafjördur şəhərinin əhalisi qədərdir! Yerli stadionları UEFA tələblərinə cavab vermədiyinə görə, “Vestri” avrokubokdakı ilk ev oyununu məhz süni örtüklü “AVIS völlurinn” arenada keçirməli oldu. Əslində Reykyavikin böyük arenası da var. Ölkə millisinin də rəqiblərini qəbul etdiyi, adı dilə bir zülümlə yatan “Laugardalsvöllur” stadionu (9500 yerlik). Amma “Vestri” matç üçün daha kiçik arenanı tutmuşdu və gözlənildiyi kimi, “Qarabağ” rəqibinin evdəki avrokubok siftəsini korlaya bildi.
Nə qələbə qazanmağa imkan verdi, nə heç-heçə etməyə, nə də Allahın bir qolunu vurmağa…
Halbuki…
… Meydana yığışan 2000-ə yaxın tamaşaçı 90 dəqiqə həmin qolu gözlədi. Qələbəni deyil, heç-heçəni də deyil, məhz həmin bircə qolu. Çünki hamı anlayırdı ki, İslandiyanın birinci liqa təmsilçisi “Vestri”ni cəmi 5 ay əvvəl Çempionlar Liqasında pley-off oynamış “Qarabağ”la bir tərəziyə qoymaq olmaz.
Amma…
“Kaş bircə qol vuraq!” - yanımda əyləşmiş stadionun baş meneceri Yon gülərək deyir mənə bu sözləri.
Olmur, alınmır. Bizimlə eyni tribunada əyləşən “Vestri” klubunun gənc rəhbərlərindən biri isə bəlkə də debütün gətirdiyi həyəcandan elə coşur ki, səsi bütün stadionu bürüyür. Bir dəqiqə deyil, 10 dəqiqə deyil, düz 90 dəqiqə. Ara vermədən, dayanmadan, susmadan!
Səsi hələ də beynimdə qalıb.
***

Bu balaca stadionun elə balaca da tribunası var: bircə dənə. Əlbəttə, biz də o tribunada oturmuşuq, üşüyə-üşüyə, titrəyə-titrəyə, dona-dona. Ötən yazımda bu haqda qeydlərim olmuşdu. Həqiqətən İslandiyanın yayı yay kimi keçmir, elə bil gəlib düşmüsən sərt payızın düz ortasına. Az da olsa ümid edirdim ki, bəlkə oyun günü hava bir az isinə, göydən günəş saça. Olmur. Qəribədir, bax onda istəyirsən ki, gəlib Bakının indiki bu qızmar istisinə düşəsən…
Qayıdım yenə o tribunaya. 2000-ə yaxın azarkeşin arasında üçrəngli bayrağımız diqqətimi çəkir. Yaxınlaşıram. Reykyavikə qonşu şəhərdə yaşayan üç nəfər azərbaycanlı “Qarabağ”a dəstək olmaq üçün stadiondadır. Əlavə olaraq iki nəfər də türk qardaşımız var.
Cəmi 5 azarkeş dəstək verir “Qarabağ”a. Düzdür, çox da ola bilərdi. Amma İslandiya Şimali Atlantik okeanında yerləşən ada dövlətidir: başqa Avropa ölkələrindən ora səfər etmək üçün nə qatar, nə avtobus, nə də gəmi var. Təyyarə ilə bahalı ölkə olan (təqribən Norveçdəki kimi) İslandiyaya səfər isə kəllə-çarxa çıxar.

O beş nəfər təəssübkeş azarkeşin də dəstəyi “Qarabağ”a Avropa Liqasında ikinci mərhələyə keçməyə kifayət edir.
Reykyavikdə - 3:0.
Bir həftə əvvəl Bakıda da - 3:0.
***
“Qarabağ” səkkiz yeni oyunçu alıb bu yay. Hələ yenə gələnlər ola bilər. Baş məşqçi Qurban Qurbanov çox nikbindir. Mənə müsahibəsində yeni legionerlərdən də, komandadan da müəyyən texniki səhvləri çıxmaqla razılıq edir. “Qarabağ”ın bu mövsüm daha güclü ola biləcəyinə eyhamlar vurur. Tezliklə komandanın optimal formaya düşəcəyini deyir.
Bunları yaşayarıq, görərik. Amma legionerlərdən söz düşəndə soruşmaya bilmirəm ki, bəs, Joni Montielin adı niyə “Vestri” ilə oyunların heyətində yox idi? İntizamımı pozub?
“Yox” deyir: “Heyətdə belə yerdəyişmələr baş verir”.
Düzdür, Qurbanova suallarım çox idi, amma onu yormamaq üçün hamısını ünvanlamıram. Nə də olsa, oyun yenicə bitib, aeroporta təzə gəlmişik və bir azdan Bakıya çıxmalıyıq.
Və sonra yola çıxırıq…
7 saatlıq uzun yola…
Bakıya yaxınlaşırıq...
Aydın Bağırov
Reykyavik-Bakı reysi



