|
|
|
|

Professor Piralı Behbudalı oğlu Əliyev 17 iyun 1956-cı ildə Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində anadan olub. 1963-cü ildə Yuxarı Yağlıvənd kənd orta məktəbinin I sinfinə gedib, 1973-cü ildə məktəbi bitirib.
Qarabağın qədim mədəniyyət mühitində formalaşan gələcək alim uşaqlıq illərindən xalq yaradıcılığına, Azərbaycan dilinə və klassik ədəbiyyata xüsusi maraq göstərib. Onun şəxsiyyətinin formalaşmasında ailə mühiti, Qarabağ insanına xas vətən sevgisi və milli-mənəvi dəyərlərə bağlılıq mühüm rol oynayıb. Sonralar alimin əsərlərində tez-tez rast gəlinən vətənpərvərlik, milli özünüdərk, mənəvi tərbiyə və klassik irsə bağlılıq ideyalarının kökləri məhz bu dövrə gedib çıxır. Professorun elmi yaradıcılığında Qarabağ mövzusu yalnız emosional bağlılıq deyil, həm də pedaqoji konsepsiya kimi özünü göstərir. O, vətənpərvərlik tərbiyəsini şəxsiyyət tərbiyəsinin ayrılmaz tərkib hissəsi hesab edib.
1974–1978-ci illərdə Xankəndi Pedaqoji İnstitutunun Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə təhsil alıb və aldığı təhsil gələcək alimin peşəkar formalaşmasının əsasını təşkil edib. Ali təhsil illərində Azərbaycan klassik və müasir ədəbiyyatını dərindən mənimsəyib, pedaqogika və psixologiyanın nəzəri əsaslarını öyrənib, metodik hazırlığını gücləndirib, elmi araşdırmalara maraq göstərib. Bu dövrdə formalaşan nəzəri baza sonralar onun həm müəllim, həm də alim kimi uğurlarının təməlini qoyub.
Təhsilini başa vurduqdan sonra 1978–1984-cü illərdə Yuxarı Yağlıvənd kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərməsi professor Piralı Əliyevin həyatının mühüm mərhələsini təşkil edib. Məhz məktəb təcrübəsi ona klassik ədəbiyyatın mənimsənilməsi çətinliklərini, şagirdlərdə mütaliə marağının formalaşdırılmasını, vətənpərvərlik tərbiyəsinin təşkilini və ədəbiyyat dərslərində şəxsiyyətin inkişafı məsələlərini dərindən müşahidə etməyə imkan verib.
Sonralar onun yazdığı metodik vəsaitlərin əksəriyyəti məhz məktəb təcrübəsinin elmi ümumiləşdirilməsi nəticəsində meydana gəlib.
1984-cü ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun əyani aspiranturasına qəbul olunması onun həyatında yeni mərhələ açıb. İnstitutda aparılan fundamental və empirik tədqiqatlar nəticəsində gənc alim elmi metodologiyanı mənimsəyib, pedaqoji hadisələrin sistemli təhlilini öyrənib və müstəqil tədqiqatçı kimi formalaşıb. Bu dövr sonrakı böyük elmi nailiyyətlərin başlanğıcı olub.
Vaxtından əvvəl müdafiə etdiyi fəlsəfə doktorluğu dissertasiyası ona ilk elmi uğurlar gətirib. 1988-ci il iyulun 2-də “VIII–X siniflərdə ədəbiyyatın tədrisində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi (Azərbaycan SSR-in materialları əsasında)” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. Dissertasiya Azərbaycan metodika elmində mühüm hadisə kimi qiymətləndirilib. Tədqiqatın nəticələrində ədəbiyyat dərslərinin tərbiyəvi potensialı müəyyənləşdirilib, vətənpərvərlik tərbiyəsinin metodik modeli hazırlanıb və bədii əsərlərin vətəndaşlıq mövqeyinin formalaşdırılmasına təsiri əsaslandırılıb.
Dissertasiyanı vaxtından əvvəl tamamlaması onun yüksək elmi potensialının göstəricisi sayılıb.
Professor Piralı Əliyevin elmi bioqrafiyasının əsas hissəsi Azərbaycan Respublikası Təhsil İnstitutu ilə bağlıdır. 1987-ci ildən 2022-ci ilə qədər kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Bu dövrdə onun elmi araşdırmaları aşağıdakı istiqamətləri əhatə edib: ədəbiyyatın tədrisi metodikası, tərbiyə nəzəriyyəsi, vətənpərvərlik tərbiyəsi, təhsilin məzmununun yenilənməsi, kurikulum islahatları, təhsilin idarə olunması, valideyn–məktəb münasibətləri, sinif rəhbərinin fəaliyyəti və məktəbdənkənar tərbiyə işi.
Alimin rəhbərliyi ilə həyata keçirilən tədqiqatlar Azərbaycan təhsil sisteminin modernləşdirilməsi prosesində mühüm rol oynayıb.
1992-ci ildə 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (ədəbiyyatın tədrisi metodikası) ixtisası üzrə baş elmi işçi diplomu alıb. 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə dosent elmi adına layiq görülüb.
2010-cu ildə müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycan ədəbiyyatının tədrisi metodikası sahəsində fundamental hadisə kimi qiymətləndirilib. “Orta ümumtəhsil məktəblərində Azərbaycan klassik şeir nümunələrinin tədrisinin nəzəri və praktik problemləri” mövzusunda yerinə yetirilən bu tədqiqat klassik irsin müasir məktəbdə öyrədilməsi modelini elmi əsaslarla təqdim edib. Dissertasiyada Nizami, Füzuli, Xətai, Vaqif, Zakir, Sabir və digər klassiklərin yaradıcılığının tədrisinə yeni metodik yanaşmalar təklif olunub. Bu tədqiqat Azərbaycan ədəbiyyatının tədrisi metodikası üzrə son onilliklərin ən mühüm elmi işlərindən biri hesab olunur.
Professor Piralı Əliyevin elmi irsi Azərbaycan pedaqoji fikrinin zəngin xəzinəsinin mühüm tərkib hissəsidir. Onun 200-dən çox elmi məqaləsi, 20-dən artıq monoqrafiyası, metodik vəsaiti, proqramı və dərs vəsaiti, çoxsaylı kurikulum, standart və qiymətləndirmə sənədləri, tədris proqramları və metodik tövsiyələri var. Tədqiqatları Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Makedoniya və Rusiya Federasiyasının nüfuzlu elmi jurnallarında dərc olunub.
2022-ci ildən Bakı Slavyan Universitetinin Pedaqogika kafedrasına rəhbərlik edən professor Piralı Əliyev ali təhsil sahəsində də uğurlu fəaliyyət göstərir. Onun rəhbərliyi altında müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi, magistratura və doktorantura təhsilinin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi-pedaqoji kadr hazırlığının gücləndirilməsi və inklüziv təhsil problemlərinin araşdırılması istiqamətində mühüm işlər görülüb.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2024-cü il 18 oktyabr tarixli qərarı ilə Piralı Behbudalı oğlu Əliyevə elmi-pedaqoji fəaliyyətinə görə 5804.01 – Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə professor elmi adı verilib.
Professor Piralı Əliyevin elmi fəaliyyətini yalnız fərdi yaradıcılıq kimi deyil, həm də elmi məktəb kimi qiymətləndirmək mümkündür. Bu məktəbin əsas xüsusiyyətləri təlim və tərbiyənin vəhdətinə əsaslanması, təlim prosesini yalnız bilikvermə deyil, şəxsiyyətin formalaşması prosesi kimi dəyərləndirməsi, milli-mənəvi dəyərləri əsas götürməsi, nəzəri müddəaları məktəb təcrübəsi ilə uzlaşdırması, şəxsiyyətyönümlü və nəticəyönümlü təhsil prinsiplərinə üstünlük verməsidir.
Professor Piralı Əliyevin bir alim və müəllim kimi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 2006-cı ildə Azərbaycan Respublikasının “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunub. 2008 və 2013-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə Fəxri fərman alıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2010-cu il 4 oktyabr tarixli 1132 nömrəli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
2022-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 3 dekabr 2022-ci il tarixli, 0818 nömrəli qərarı ilə Təşəkkürnamə ilə təltif olunub.
NADİR



