
İyulun 2-də Azərbaycan Milli Kitabxanasında “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin birinci toplantısı keçirilib.
Bu barədə 525.az-a Milli Kitabxanadan məlumat verilib.
Birliyin İdarə Heyətinin sədri, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov iki il əvvəl “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin yaradılması barədə qərar qəbul olunduğunu və sonradan bu təşəbbüsün müvafiq qaydada rəsmiləşdiridiyini diqqətə çatdırıb.
Direktor birliyin fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini qeyd edərək digər türk dövlətlərinin təşkilata qoşulmasının və qurumun beynəlxalq təşkilat kimi qeydiyyata alınmasının qarşıdakı dövrün əsas vəzifələrindən olduğunu vurğulayıb.
İclasın əsas müzakirə mövzusu 2026–2027-ci illər üzrə fəaliyyət istiqamətləri və Türk dünyasının ortaq elektron məlumat bazasının yaradılması olub. Kərim Tahirov təklif edib ki, türk xalqlarının ortaq mədəni irsini əhatə edən rəqəmsal resurslar vahid portalda birləşdirilsin və üzv ölkələrin oxucularının istifadəsinə təqdim edilsin.
Müzakirələrdə iştirak edən Türkiyə Milli Kitabxanasının direktoru Taner Beyoğlu ortaq məlumat bazasının yaradılmasının gündəmdəki əsas məsələlərdən biri olduğunu qeyd edərək, bu prosesə hər zaman dəstək verəcəklərini diqqətə çatdırıb.
Bununla yanaşı, layihənin həyata keçirilməsi üçün texniki məsələlərin, məlumatların inteqrasiyası və standartlaşdırılması prosesinin ətraflı müzakirə edilməsinin vacibliyini vurğulayıb.
Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva, Qazaxıstan Akademik Milli Kitabxanasının direktoru Kumis Seitova və Qırğızıstan Milli Kitabxanasının direktoru Eldar Attokurov da çıxış edərək təşəbbüsü dəstəklədiklərini bildiriblər. Onlar müəllif hüquqlarının qorunması, tammətnli resursların yerləşdirilməsi, elektron kataloqlardakı biblioqrafik yazıların identifikasiyası, texniki standartların müəyyənləşdirilməsi kimi məsələlərin layihənin uğurlu icrası üçün əsas şərtlər olduğunu qeyd ediblər. Bu məqsədlə texniki mütəxəssislərdən ibarət işçi qrupun yaradılması və mütəmadi onlayn müzakirələrin keçirilməsi təklif olunub.
Birliyin İdarə Heyəti sədrinin müavini, Azərbaycan Milli Kitabxanasının Elmi işlər üzrə direktor müavini Ədibə İsmayılova bildirib ki, ilk növbədə informasiya texnologiyaları üzrə mütəxəssislərlə kitabxana rəhbərlərinin birgə müzakirələri təşkil edilməli, elektron kataloqların təkmilləşdirilməsi və müəllif hüquqlarının qorunması məsələləri diqqət mərkəzində saxlanılmalıdır. O, həmçinin Birliyin ortaq nəşrinin hazırlanmasını təklif edərək, üzv kitabxanaların fəaliyyəti və həyata keçirdikləri layihələrin həmin nəşrdə müntəzəm işıqlandırılmasının əhəmiyyətini vurğulayıb.
Toplantıda kitabxanaçılar arasında peşəkar mübadilə proqramlarının həyata keçirilməsi, üzv ölkələrin milli kitabxanalarında qarşılıqlı ədəbiyyat bölmələrinin yaradılması, ortaq internet saytının hazırlanması, vahid oxucu bileti modelinin perspektivləri, eləcə də Türk dünyasının görkəmli şəxsiyyətlərinin yubileylərinin birgə qeyd olunması ilə bağlı da fikir mübadiləsi aparılıb.
Macarıstan Milli Kitabxanasının baş direktoru David Rozsa rəhbərlik etdiyi kitabxananın rəqəmsallaşdırma sahəsində əldə etdiyi təcrübə, elektron kitabxana xidmətləri və rəqəmsal platformalar barədə məlumat verib. O, bu təcrübəni Birliyin üzvləri ilə bölüşməyə hazır olduqlarını bildirərək Türk dünyası üçün ortaq rəqəmsal mədəni platformanın yaradılmasının əməkdaşlığın yeni mərhələsi olacağını qeyd edib.
Kərim Tahirov isə Macarıstan Milli Kitabxanasının bu sahədə zəngin təcrübəyə malik olduğunu vurğulayaraq həmin təcrübənin öyrənilməsinin faydalı olacağını bildirib.
Toplantının sonunda səsləndirilən təkliflər ümumiləşdirilərək 2026–2027-ci illər üzrə fəaliyyət istiqamətləri müəyyənləşdirilib, ortaq elektron məlumat bazasının yaradılması, rəqəmsal əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin nizamnaməsinə dəyişikliklər edilməsi və Birliyin təşkilati fəaliyyətinin gücləndirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.



