|
|
|
|

Elə əsərlər var ki, onu səhnələşdirmək, elə əsərlər də var ki, səhnədə onun ruhunu, hissslərini çatdırmaq çətindir. Patrik Züskindin dünyaca məşhur "Parfümer" romanı ikincilərdəndir. Çünki bu əsərin əsas qəhrəmanı insan, hadisə, hətta söz belə deyil, görünməyən, əllə tutulmayan, amma insanı idarə edən qoxudur. Buna görə də Heydər Əliyev Sarayında nümayiş olunan və Azərbaycanda ilk dəfə xoreodrama janrında təqdim edilən "Parfümer" tamaşası həm də maraqlı sənət eksperimenti kimi yaddaşlara həkk olundu.
Quruluşçu rejissor Oksana Rəsulova dünya ədəbiyyatının ən məşhur romanlarından birini yazıçı Könül Məmmədovanın səhnələşdirməsində klassik teatr dilindən uzaqlaşdıraraq hərəkətin, plastikanın və musiqinin dili ilə danışdırmağa çalışıb. Bu seçim ilk baxışdan riskli görünə bilərdi. Çünki qoxu üzərində qurulan bir əsəri səhnədə vizuallaşdırmaq asan deyil. Lakin tamaşanın ən böyük üstünlüyü də elə burada ortaya çıxır. Burada sözlərdən çox bədənlər danışır, hisslər monoloqlardan daha çox ritmlə ifadə olunur. Tamaşaçı hadisələri izləməklə yanaşı, onları duymağa başlayır.
Əsərin mərkəzində dayanan Jan-Batist Qrenuy obrazı (Ziya Ağa) həm qeyri-adi istedada malik insan, həm də dərin psixoloji travmaların daşıyıcısıdır. Tamaşa bu obrazı sadəcə qatil və ya manyak kimi təqdim etmir. Əksinə, onun daxilindəki boşluğun necə yarandığını göstərməyə çalışır.
Qrenuy dünyaya göz açdığı andan sevgidən məhrum edilir. Anası onu tərk edir, sonrakı həyatında qarşılaşdığı insanlar isə ona ya laqeyd, kobud, sərt yanaşır, ya da ondan istifadə edirlər. O, heç vaxt sevilmir, qorunmur, qəbul edilmir. Uşaqlıqdan yaşadığı bu mənəvi aclıq illər keçdikcə onun xarakterinin əsasını təşkil edir.
Tamaşada tez-tez vurğulanan bir məqam var: Qrenuy özünü qoxusuz insan hesab edir. Ətrafdakılar da onun qoxusu olmadığını etiraf edirlər. Bu, zahirən fiziki xüsusiyyət kimi görünsə də, əslində onun bütün həyatının metaforasıdır. O, insanların diqqətini çəkmir, sanki mövcuddur, amma görünmür. Heç kəs onu hiss etmir, heç kəs onun varlığı ilə maraqlanmır. Qoxusuzluq burada görünməzliyin, tənhalığın və sevgisizliyin simvoluna çevrilir. Bəlkə də buna görə Qrenuy ömrü boyu qoxuları deyil, əslində sevgini axtarır. Onun yaratmağa çalışdığı mükəmməl parfüm uşaqlıqdan məhrum qaldığı sevginin süni surətidir. O inanır ki, həmin qoxunu əldə etsə, insanlar nəhayət onu görəcək, sevəcək və qəbul edəcəklər. O, özünü insanlara hiss etdirmək üçün dəhşətli cinayətlər törətməkdən belə çəkinmir. Nəticədə dahiliklə vəhşilik eyni bədəndə toqquşur.
Finalda Qrenuy dəhşətli cinayətlər hesabına arzuladığı qoxunu yaratsa da, əslində nə qədər yanıldığını dərk edir. Çünki indi də insanlar onun özünü, şəxsiyyətini deyil, yaratdığı illüziyanı sevirlər. Məhz bu psixoloji qatlar tamaşanı adi kriminal süjetdən çıxararaq insan ruhunun qaranlıq tərəflərinə enən fəlsəfi əsərə çevirir.
Tamaşanın diqqətçəkən cəhətlərindən biri də aktyor heyətinin müxtəlif nəsilləri bir araya gətirməsidir. Əməkdar artistlər Elşən Rüstəmov və Elnur Kərimovla yanaşı, səhnədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin də yer alması xüsusi maraq doğurur. Gənc aktyorlar və tələbələr tamaşanın kütləvi səhnələrinə enerji, canlılıq və dinamika gətirirlər. Onların böyük səhnədə peşəkar sənətkarlarla çiyin-çiyinə çıxış etməsi həm tamaşanın ümumi atmosferinə müsbət təsir göstərir, həm də gələcək teatr nəslinin formalaşması baxımından əhəmiyyətli görünür.
Musiqi tamaşanın emosional yükünü daşıyan əsas elementlərdən biridir. Bəstəkar Almir Bajramoskinin musiqi həlli səhnədə baş verən hadisələrin ritmini müəyyənləşdirir, gərginliyi artırır və obrazların daxili aləmini açmağa kömək edir. Xoreoqrafik quruluş isə tamaşanın əsas ifadə vasitəsinə çevrilir. Rəqslər burada sadəcə estetik element deyil, dramaturji yük daşıyan mühüm vasitədir.
"Parfümer" tamaşası hər detalında risk daşıyan bir layihədir. Çünki dünya ədəbiyyatının ən mürəkkəb əsərlərindən birini sözün deyil, hərəkətin dili ilə danışdırmaq böyük cəsarət tələb edir. "White roof" Teatr Studiyasının növbəti layihəsi çərçivəsində yaradıcı heyət bu çətinliyin öhdəsindən gəlməyə çalışaraq Azərbaycan teatr məkanında fərqli və maraqlı səhnə nümunəsi ortaya qoyub.
Şahanə MÜŞFİQ



