
“İndoneziyada olduğumuz müddətdə bu ölkənin ali təhsili ilə də maraqlanmaq imkanımız oldu. Bu ölkənin qanunvericiliyinə görə təhsil təhsilalanın şüurunun, intellektinin, şəxsi keyfiyyətlərinin, eləcə də, mənəvi və yaradıcı potensialının inkişafına yönəlmiş planlı prosesdir. Ölkədə 4 300-dən çox ali təhsil müəssisəsi fəaliyyət göstərir. İndoneziya dünyanın ən geniş özəl ali təhsil sektorlarından birinə malikdir və ali təhsil müəssisələrinin 90 faizdən çoxu özəldir. İndoneziya ali təhsil sistemində tələbələrin böyük hissəsi məhz özəl universitetlərdə təhsil alır və dövlət–özəl tərəfdaşlığı ali təhsildə əsas istiqamətlərdən biri kimi inkişaf etdirilir. Tələbələr arasında ən populyar ixtisaslar mühəndislik, iqtisadiyyat və menecmentdir. Qiymətləndirmə və kredit sistemi universitetlər arasında fərqlənir. Ali məktəblər öz qiymətləndirmə sistemini və kredit normalarını tətbiq etmək hüququna malikdirlər”.
Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov bildirib. Rektorun sözlərin görə, İndoneziyada ali təhsilin inkişaf strategiyası “Qızıl İndoneziya 2045” (Indonesia Emas 2045) milli proqramına uyğun olaraq formalaşdırılır. Strategiyanın əsas prioritetləri yüksək rəqabət qabiliyyətli insan kapitalının hazırlanması, innovasiyaların inkişafı və beynəlxalq inteqrasiyanın gücləndirilməsidir:
“Strategiyanın əsas istiqamətləri kimi aşağıdakılar müəyyən edilib. 1- “Müstəqil Təhsil – Müstəqil Kampus” konsepsiyası. Tələbələrə üç semestrədək öz ixtisas proqramlarından kənarda təhsil almaq, aparıcı şirkətlərdə təcrübə keçmək, könüllülük fəaliyyəti və ya elmi tədqiqatlarla məşğul olmaq imkanı yaradıılır. Bu model akademik biliklərlə əmək bazarının tələbləri arasındakı fərqi azaltmağa xidmət edir. 2- Beynəlmiləlləşmə və xarici universitetlərin cəlb olunması. Hökumət dünyanın aparıcı universitetlərini ölkədə filiallar açmağa təşviq edir. Eyni zamanda İndoneziya öz universitetlərinin xaricdə nümayəndəlik və kampuslarının yaradılması istiqamətində ciddi işlər aparır. 3- Rəqəmsallaşma və süni intellektin tətbiqi. Ali təhsil müəssisələri tədris proqramlarını Dördüncü Sənaye İnqilabı, süni intellekt və yaşıl iqtisadiyyatın tələblərinə uyğunlaşdırırlar. 4- Elm, innovasiya və yaradıcı iqtisadiyyatın inkişafı. Universitetlər biznes sektoru və yaradıcı sənayelərlə əməkdaşlıq edir. Xüsusi konsorsiumlar vasitəsilə elmi nəticələrin iqtisadi dəyərə çevrilməsi təşviq olunur”.
Rektor qeyd edib ki, İndoneziyada ali təhsil sürəylə rəqəmsallaşdırılır və ənənəvi təhsil modelindən hibrid tədrisə, rəqəmsal idarəetməyə, müasir texnologiyaların inteqrasiyasına keçilir. Belə ki, İndoneziyanın Elm, Ali Təhsil və Texnologiya Nazirliyinin əsas təşəbbüslərindən biri olan “Magang Berdampak” proqramı tələbələrə İT şirkətlərində təcrübə keçmək, onlayn təlimlərdə iştirak etmək və bunun müqabilində akademik kreditlər qazanmaq imkanı verir:
“Pandemiya dövründən sonra təhsil idarəetmə sistemlərinin (LMS) istifadəsi sürətlə artmışdır. Bu gün ölkənin aparıcı universitetləri əyani və onlayn tədrisi birləşdirən qarışıq təhsil modelini geniş tətbiq edirlər. Universitetlər tədris və inzibati proseslərin optimallaşdırılması üçün inteqrasiya olunmuş rəqəmsal platformalara keçid edirlər. Nəticə etibarilə, İndoneziyanın ali təhsil strategiyası 2045-ci ilə qədər ölkəni yüksək gəlirli, innovativ və rəqabətqabiliyyətli iqtisadiyyata çevirmək məqsədinə xidmət edir və bu prosesdə universitetlər əsas inkişaf platformalarından biri kimi çıxış edirlər”.
Sevinc Qarayeva



