
Çin Sədri Si Cinpin Pekində Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
525.az xəbər verir ki, Çin lideri hazırda iki ölkə arasında münasibətlərin tarixi dövrünü yaşadığını vurğulayıb.
Si Cinpin deyib ki, Çin və Belarus strateji əlaqələri qorumalı, yüksək səviyyəli ikitərəfli münasibətlərin davamlı və mütərəqqi inkişafını təşviq etməli və iki ölkə xalqlarının rifahını yaxşılaşdırmalıdırlar.
“Çin və Belarus arasında möhkəm dostluq əlaqələri var. Münasibətlərimiz beynəlxalq gərginliyin sınağından keçib və dostluğumuz daha da möhkəmlənib. Əməkdaşlığımız çoxşaxəlidir, dövrün tələblərinə uyğun inkişaf edir və daim yeni nəticələr verir”, - Si Cinpin söyləyib.
Əlavə edib ki, Çin Belarusun milli suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etməkdə onu dəstəkləyir. Həmçinin Pekin respublikanın öz milli şərtlərinə uyğun inkişaf yolunu seçməsinin tərəfdarıdır.
"Faktlar sübut etdi ki, Çin-Belarus hərtərəfli əməkdaşlığının dərinləşməsi tarixi inkişaf tendensiyasına uyğundur və iki xalqın fundamental maraqlarına cavab verir", - Çin Sədri söyləyib.
Öz növbəsində Aleksandr Lukaşenko çinli həmkarının Minsk-Pekin münasibətlərinə verdiyi müsbət qiyməti son dərəcə dəyərli hesab etdiyini vurğulayıb. Bildirib ki, iki ölkənin əməkdaşlığı artıq arzuladığımız səviyyəyə çatıb.
Tərəflər strateji əməkdaşlığı davam etdirmək, ikitərəfli münasibətlərin fasiləsiz inkişafına dəstək verilməsi və hər iki xalqa daha çox fayda gətirmək barədə razılığa gəliblər.
Pərvanə Sultanova



