
"Əmək pensiyaları haqqında" qanuna əsasən, iyulun 1-dən etibarən qadınların pensiya yaşı daha 6 ay artırılaraq 65-ə çatdırılacaq. Bununla da ölkədə yaşa görə pensiya həddi gender fərqi olmadan tamamilə eyniləşdiriləcək. Son illərdə həyata keçirilən pensiya islahatlarının mühüm istiqamətlərindən biri də qadınların pensiya yaşının mərhələli şəkildə artırılması olub. Qanunvericiliyə əsasən, qadınların pensiya yaşı 2017-ci il iyulun 1-dən başlayaraq hər il 6 ay artırılır. Bu proses mərhələli şəkildə həyata keçirilir. 2025-ci il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 64 il 6 aya yüksəldilib. 2026-cı il iyulun 1-dən isə bu göstərici daha 6 ay artırılaraq 65 yaş olacaq və bununla da artım prosesi yekunlaşacaq.
Millət vəkili Vüqar Bayramov deyir ki, pensiya yaşının artırılmasını demoqrafik dəyişikliklər, əhalinin yaşlanması və pensiya sisteminin maliyyə dayanıqlığının qorunması zərurəti ilə əsaslandırır. Orta ömür uzunluğunun artması və əmək bazarındakı dəyişikliklər pensiya sistemində bu cür islahatları qaçılmaz edir.
Millət vəkili əlavə edib ki, qadınlarla kişilərin əməkhaqları arasında fərq var: "Buna görə yaşa görə əmək pensiyası hesablanan zaman qadınların pensiya kapitalının, bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, xüsusi əmsallara vurulması və xüsusi əmsalların tətbiq edilməsi yolu ilə qadınlarımızın pensiya məbləğlərinin artırılması məqsədəuyğun olardı. Bu, xüsusən də qadınlarla kişilər arasında əməkhaqqı fərqi aradan qaldırılana qədər tətbiq edilə biləcək mexanizmdir".
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, pensiya yaşının artırılması əsasən dövlət büdcəsinə düşən yükün optimallaşdırılması məqsədi daşıyır: "Son illərdə insanların orta ömür müddətinin artması fonunda pensiya xərclərinin yeni demoqrafik reallıqlara uyğunlaşdırılmasına cəhd edilir. İnkişaf etmiş və Qərb ölkələrinin əksəriyyətində də pensiya yaşı 65-dir. Lakin burada əsas fərq gözlənilən ömür uzunluğunda ortaya çıxır. Həmin ölkələrdə pensiya yaşı 65 olsa da, əhalinin gözlənilən ömür müddəti adətən 81-82 yaşdan və ya daha yüksək göstəricilərdən ibarətdir. Azərbaycanda qadınlar üçün gözlənilən orta ömür müddəti 78,4, kişilər üçün 73,6 yaşdır, ümumi orta göstərici isə təxminən 76 yaş təşkil edir. Pensiya yaşı eyni olsa da, gözlənilən ömür müddəti arasındakı fərq pensiyaya çıxan insanların daha qısa müddət pensiya almasına gətirib çıxarır. Pensiya yaşının artırılması gələcəyə hesablanmış addımdır. Statistik göstəricilər insanların həyat keyfiyyətinin yaxşılaşdığını, səhiyyə və sosial təminat imkanlarının genişləndiyini, bunun da orta ömür müddətinin yüksəlməsinə səbəb olduğunu göstərir".
İqtisadçı bildirib ki, hazırkı qanunvericilikdə pensiya məbləği hesablanarkən gözlənilən orta pensiyaalma müddəti təxminən 11 il götürülür. Bu da orta gözlənilən ömür müddətinin 76, pensiyaya çıxma yaşının isə 65 olması ilə əlaqədardır: "Əgər pensiya hesablamaları zamanı istifadə olunan metodika dəyişdirilərsə və daha qısa müddət əsas götürülərsə, bu, vətəndaşların daha yüksək məbləğdə pensiya almasına imkan yarada bilər".
İqtisadçı ekspert Elçin Rəşidov hesab edir ki, orta ömür uzunluğu artdıqca ya pensiya yaşı tədricən artırılmalı, ya da sistemin maliyyə dayanıqlığını qorumaq üçün başqa mexanizmlər tətbiq olunmalıdır. Pensiya sistemi ilk növbədə maliyyə baxımından dayanıqlı olmalıdır. Bununla yanaşı, yalnız insanların nə qədər yaşadığına deyil, onların hansı yaşa qədər fiziki və psixoloji baxımdan işləyə bildiyinə də diqqət yetirilməlidir. Əgər insan müəyyən yaşa qədər əmək fəaliyyətini davam etdirə bilirsə, onun təcrübəsindən istifadə etmək məqsədəuyğundur: "Yaşlı işçilərin böyük təcrübəsi iqtisadiyyat üçün dəyərli resursdur. Onlar tam ştat işləyə bilməsələr də, azaldılmış iş qrafiki ilə fəaliyyət göstərərək bilik və təcrübələrini bölüşə bilərlər. Bəzən uzun illərin təcrübəsinə malik bir işçinin məhdud iş yükü ilə gördüyü iş cavan kadrların ortaya qoyduğu göstəricilərdən daha yüksək nəticə verə bilər. Pensiya siyasətində ailə vəziyyəti də nəzərə alınmalıdır. Uşağa, yaşlıya və ya xəstəyə qulluq edən şəxslərin üzərinə mühüm sosial yük düşür. Buna görə də belə hallarda əlavə güzəştlərin tətbiqi məqsədəuyğun olar. Yəni daha çevik və insan yönümlü pensiya sistemi həm vətəndaşların rifahına, həm pensiya fondunun dayanıqlılığına, həm də iqtisadiyyatın inkişafına müsbət təsir göstərə bilər".
Sevinc QARAYEVA



