|
|
|
|

“Son illər onlayn kredit xidmətləri maliyyə vəsaitlərinə çıxışı xeyli asanlaşdırıb. Bir neçə dəqiqə ərzində müraciət edib kredit əldə etmək imkanı bu xidmətlərdən istifadə edənlərin sayını artırıb. Onlayn kreditlərin və ümumilikdə kreditlərin daha rahat əldə olunması borclanmanın artmasına gətirib çıxarır”.
Bunu iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, onlayn kredit insanların maliyyə resurslarına çıxışını asanlaşdırır. Həqiqətən ehtiyacı olan, götürdüyü krediti məqsədyönlü şəkildə istifadə edən və kifayət qədər maliyyə savadlılığına malik şəxslər üçün faydalı alətdir. Prosesin sadələşdirilməsi müsbət haldır. Əvvəllər kredit götürmək üçün müxtəlif sənədlər toplamaq, növbələrdə gözləmək və xeyli vaxt sərf etmək lazım gəlirdi. İndi isə məlumatların ötürülməsi və emalı elektron şəkildə həyata keçirilir, kreditin verilib-verilməməsi qısa müddətdə müəyyənləşdirilir.
Xalid Kərimli bildirib ki, ümumilikdə bu sistem maliyyə resurslarına çıxışı asanlaşdırır, insanların vaxt itkisini və əlavə xərclərini azaldır: “Bununla yanaşı, kreditlərin rahat əldə olunması bəzi hallarda məsuliyyətsiz borclanmaya da səbəb ola bilər. Kredit yükünü düzgün hesablamayan və ya ehtiyac olmadan kredit götürən şəxslər sonradan maliyyə çətinlikləri ilə üzləşə bilərlər. Onlayn kreditlərin ənənəvi kreditlərdən əsas fərqi onların daha sürətli və rahat təqdim olunmasıdır. Yəni mahiyyət etibarilə dəyişən kreditin özü deyil, ona çıxış mexanizmidir. Bu baxımdan onlayn kreditlər iqtisadiyyat, maliyyə sektoru və cəmiyyət üçün faydalı və əhəmiyyətli vasitədir. Hesab edirəm ki, kreditlərin rahat əldə olunması bəzi hallarda məsuliyyətsiz borclanmaya da səbəb ola bilər. Kredit yükünü düzgün hesablamayan və ya ehtiyac olmadan kredit götürən şəxslər sonradan maliyyə çətinlikləri ilə üzləşə bilərlər. Onlayn kreditlərin ənənəvi kreditlərdən əsas fərqi onların daha sürətli və rahat təqdim olunmasıdır. Yəni mahiyyət etibarilə dəyişən kreditin özü deyil, ona çıxış mexanizmidir. Bu baxımdan onlayn kreditlər iqtisadiyyat, maliyyə sektoru və cəmiyyət üçün faydalı və əhəmiyyətli vasitədir”.
İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, onlayn kreditlərə marağın artması əsasən rahatlıq və sürətli xidmətlə bağlıdır: “Yəni çox rahat şəkildə, bir neçə dəqiqə ərzində kredit üçün müraciət etmək mümkündür. Kredit tez bir zamanda təsdiqlənir və əlavə əziyyət çəkmədən vəsait əldə olunur. Bu, əslində normal və müsbət haldır. Faizlərə gəldikdə isə, onlayn kreditlərdə faizlər bəzi hallarda adi kreditlərlə eyni səviyyədə olur, bəzən isə daha aşağı olur. Ən azından əlavə xərclər tələb olunmur. Bu baxımdan onlayn kreditlərin olması yaxşıdır”.
İqtisadçı ekspert Asif İbrahimovun fikrincə, onlayn kreditlər müasir maliyyə alətidir, lakin nəzarətsiz istifadə edildikdə sosial və iqtisadi problemə çevrilə bilər. Rahat kredit əldə etmək imkanının artması ilə yanaşı, maliyyə savadlılığı və məsuliyyətli borclanma mədəniyyəti də eyni sürətlə inkişaf etməlidir: “Onlayn kreditlərin populyarlaşmasının əsas səbəbi təkcə texnologiyanın inkişafı deyil. Bunun arxasında əhalinin artan xərcləri, gəlirlərin bir çox hallarda gündəlik ehtiyacları tam qarşılamaması və maliyyə ehtiyaclarının artması dayanır. İnsanlar bəzən kreditə inkişaf və investisiya vasitəsi kimi deyil, sadəcə ayı başa vurmaq üçün çıxış yolu kimi baxmağa başlayırlar. Sürətli kredit mexanizmləri isə bu prosesi daha da sürətləndirir: “Əvvəllər insan kredit götürməzdən əvvəl daha çox düşünür, araşdırırdısa, indi bir neçə kliklə borclanmaq mümkündür. Bu rahatlıq maliyyə məsuliyyətini zəiflədə bilər. Xüsusilə yüksək faizli qısa müddətli kreditlər vətəndaşı borc dövriyyəsinə sala bilər. Əsas problem kreditin mövcudluğu deyil, kredit mədəniyyətinin zəif olmasıdır. Bir çox vətəndaş müqavilənin bütün şərtlərini, real faiz yükünü, gecikmə zamanı yaranacaq xərcləri tam anlamadan öhdəlik götürür. Nəticədə kiçik məbləğ kimi görünən borc zamanla ailə büdcəsinə ciddi təzyiq yaradır”.
Sevinc QARAYEVA



