
Müsəllim Həsənov, jurnalist:
- BİLİRDİNİZMİ
...ki, "Qara bağ" silsilə sənədli filmlərimizin İctimai TV-də nümayişindən sonra bizə daha çox hansı irad bildirilir?
Heç kim demir ki, hansısa fakt təhrif olunub...
Heç kim deyə bilmir ki, Qarabağ tarixinin işıqlandırılmasında yanlışlıq var...
Çünki biz arxiv sənədləri əsasında danışırıq...
Amma bir irad tez-tez təkrar olunur: qonşu dövlətin adı yalnız 1935-ci ildən sonra "İran" adlandırılmağa başlayıb (guya bunu biz bilmirik!) və 1820-ci illərdən danışanda, Türkmənçay müqaviləsindən söhbət açanda "İran" sözü işlətmək guya düz deyil...
Xüsusən, "Youtube" platformasında filmlərə yazılan şərhlərdə "İran" sözünün yanlış işlədildiyi təkrar-təkrar qeyd edilir. Bizim isə buna bir cavabımız var: istinad etdiyimiz sənədlərdə dövlətin adı "Persiya" yazılır və bu da coğrafi ərazi mənasında məhz İran deməkdir! 1935-ci ildə Rza şah Pəhləvi beynəlxalq birliyə müraciət edərək ölkənin adının rəsmi olaraq "İran" kimi işlədilməsini tələb edənədək də bu ölkənin sakinləri özlərini "iranlı" adlandırırdılar.
Bizə tövsiyə edirlər ki, "İran" termini əvəzinə "Qacariyyə dövləti" termini işlədək. Və belələri Qacarlar sülaləsinin türk olduğunu vurğulamaqla (guya bu faktı da biz bilmirik!), az qala, "Persiya"nı türk dövləti kimi təqdim etməyə çalışırlar (və nədənsə, unudurlar ki, bu gün İranın ali dini rəhbəri və prezidenti türk olsa da, İran türk dövləti deyil və ola bilməz!)
Hətta bəziləri bizim bu "günahımızı" tarix üzrə elmi dərəcəmizin olmaması ilə əlaqələndirirlər...
Tarix üzrə elmi dərəcəmiz olmasa da, izah etməyə çalışırıq ki, dünya tarixşünaslığında "Rusiya-İran müharibələri" termini var. Biz onu indi "Rusiya-Qacariyyə müharibəsi" kimi işlətməliyik?
Ən qəribəsi isə odur ki, bu iradları bildirənlər arasında tarix üzrə elmlər doktorları və professorlar da var!
Bu cür izahatlar verməkdən yorulduğumuz üçün tarix üzrə kifayət qədər sanballı elmi adı və dərəcəsi olan bir Azərbaycan aliminin kitabından sitat verməklə bu məsələyə yekun vurmaq istəyirik:
"...Türkmənçay müqaviləsinin rus dilində olan mətnində qarşı tərəf "Persiya" adlandırılmışdır. Müqavilənin fars dilində olan mətnində isə Abbas Mirzənin təmsil etdiyi dövlət "İran" kimi verilmişdir" (Tarix elmləri doktoru, professor Mehman Süleymanov. "Türkmənçay müqaviləsi", Bakı, "Elm və təhsil" nəşriyyatı, 2015, səh. 560).
Xaqani Səfəroğlu, jurnalist:
- Jurnalist oxucu qarşısına yazısı və imzası ilə çıxar.
Yazı yaza bilmirsənsə, jurnalist deyilsən!
Şpaqat açsan da, parlayan işıqlar altında mikrofonlara "m-ə-ən jurnalistəm-m-m" bağırsan da, ağzından kağız çıxarsan da, xeyri yoxdur.
Jurnalist deyilsən!
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- İllərlə öz yerini tapa bilməyən quruma yeni şans verildi.
Azərbaycanda GDPR səlahiyyətləri Milli Kibertəhlükəsizlik Agentliyinə verildi.
Uzun illərdir kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən, əvvəllər Elektron Təhlükəszilik Mərkəzi, hazırda Elektron Təhlükəszilik Xidməti olaraq fəaliyyət göstərən qurum sektorda öz yerini tapmaqda çətinlik çəkirdi.
Qurumun səlahiyyətləri, resursları, kadr bazası çox məhdud idi.
İndi isə Prezidentin imzaladığı yeni Fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında RİNN tabeliyində "Milli Kibertəhlükəsizlik Agentliyi" publik hüquqi şəxs yaradılıb.
Fərmana və yeni qurumun Nizamnaməsinə göz gəzdirəndə görmək olur ki, bu dəyişiklik sadəcə ad dəyişikliyi deyil. Qurumun statusu yüksəldilir, idarəetmə modeli yenilənir və ona yeni səlahiyyətlər verilir.
Sənədlərdən görünür ki, yeni Agentlik əsasən kritikə aid olmayan özəl sektorun kibertəhlükəsizlik tənzimləyicisi rolunda çıxış edəcək.
Yəni telekom operatorları, internet provayderləri, banklar, maliyyə qurumları, e-ticarət platformaları, özəl şirkətlər, hostinq və bulud xidmətləri, müxtəlif informasiya infrastrukturu subyektləri ilə bağlı koordinasiya, monitorinq, metodoloji dəstək və tənzimləmə funksiyalarını həyata keçirəcək.
Ən diqqətçəkən yenilik isə fərdi məlumatların mühafizəsi sahəsindədir.
Agentliyə fərdi məlumat bazalarının reyestrinin aparılması, auditlərin təşkili, şikayətlərin araşdırılması və nəzarət səlahiyyətləri verilib. Bu baxımdan Agentliyi müəyyən mənada Azərbaycanın gələcək GDPR-AZ qurumu kimi də qiymətləndirmək olar.
Bununla yanaşı, Fərmandan görünür ki, dövlət sektorunun ən kritik hissəsi əvvəlki kimi DTX və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nəzarətində qalır.
Yəni aşağıdakı istiqamətlər DTX Milli Kibertəhlükəszilik Mərkəzi və XRİTDX nəzarətindədir:
Dövlət qurumlarının informasiya sistemləri;
Kritik informasiya infrastrukturları;
Enerji, nəqliyyat, rabitə, maliyyə kimi strateji sektorların kritik sistemləri;
Xüsusi mühafizə olunan və strateji obyektlər;
Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin sistemləri;
Dövlət sirri ilə işləyən informasiya sistemləri;
Yeni Agentliyə isə bu sahələr üzrə əsasən məlumat mübadiləsi və məlumatlandırma funksiyaları verilib.
Əslində məhdud sektorda fəaliyyət göstərən qurumun adında "Milli" sözünün daxil edilməsi də bir qədər düşündürücüdür.
Fikrimcə, daha çox fərdi məlumatalrın mühafizəsi istiqamətinə fokuslanmaqla belə statsuda Agentliyin yaradılması daha məntiqli ola bilərdi.
Belə görünür ki, dövlət kibertəhlükəsizlik idarəçiliyində yeni balans formalaşdırır.
Strateji və milli təhlükəsizlik komponentləri əvvəlki klassik qurumlarda saxlanılır, mülki sektorun kibertəhlükəsizlik tənzimlənməsi və fərdi məlumatların mühafizəsi isə yeni Agentliyin əsas fəaliyyət istiqamətinə çevrilir.
Ümumilikdə bu Fərman son illərdə ölkədə kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahəsində qəbul edilən mühüm institusional qərarlardan biri hesab oluna bilər.
Xüsusən də fərdi məlumatların mühafizəsi sahəsində ölkədə daha dayanıqlı mühitin yaranacağını düşünmək olar.
Qarşıdakı dövrdə Agentliyin real təsiri onun bu səlahiyyətlərdən necə istifadə etməsindən asılı olacaq.
Asif Nərimanlı, jurnalist:
- Məsud Pezeşkianın SEPAH-ın ölkəyə tam nəzarəti ələ keçirməsi səbəbindən dini liderə istefa ərizəsi təqdim etdiyinə dair məlumat rəsmi şəkildə təkzib edilsə də, İrandakı mövcud vəziyyət fonunda bunun baş verdiyi ehtimalı yüksəkdir. Əli Xameneinin öldürülməsindən sonra İran idarəetməsi böhranla üzləşib, xüsusilə SEPAH-ın bütün sferalarda qərarverici səlahiyyəti de-fakto ələ alması ziddiyyətləri dərinləşdirir. Bunu sızan məlumatlar və açıqlamalardan görmək mümkündür. Bu ziddiyyətlərin ortasında Pezeşkianın qalması da səbəbsiz deyil və məsələ təkcə onun daxili və xarici siyasətdə praqmatizmə yaxın loyal yanaşmasının radikal xətlə kəsişməsi deyil, ümumiyyətlə prezident postunda olmasıdır.
Pezeşkianın prezidentlik yolunun açılması Əli Xameneinin planı idi: azərbaycanlıların dəstəyini qazanmaq və etnik qruplara mərkəzi hakimiyyətə yüksəlmək imkanını göstərmək; daxili qarşıdurmada mühafizəkarlara "ağa"nın kim olduğu dərsini vermək və s. Radikal xətt Pezeşkianı əvvəldən süngü ilə qarşılayırdı, onun Xameneinin sağlığında istefa vermək istəyi də bundan qaynaqlanırdı. Lakin keçmiş dini liderin dövründə Pezeşkiana SEPAH-la mübarizə imkanları tanınsa da, indi vəziyyət daha mürəkkəbdir.
Yeni dini lider faktiki olaraq, "yoxa çıxıb". Məlumatlara görə, Müctəba təlimatlarını kuryerlər vasitəsilə çatdırır. Ki bu, həm siyasi, hərbi və sosial-iqtisadi sferada qərar vermə mexanizmini axsadır, həm də dini liderin idarəetmədə iştirakını sual altına salır. Müctəbanı dini lider postuna gətirən SEPAH-ın ölkəyə tam nəzarəti ələ almasına şərait yaradan məqamlardan biri də budur. "Keşikçilər"in daha öncədən planlaşdırdıqları post-Xamenei dövründə nəzarəti tam ələ keçirmək prosesi müharibənin başlanması ilə sürətləndi. Bu vəziyyətdə işləmək Pezeşkian üçün çətindir.
İstisna deyil ki, Pezeşkianın istefa ərizəsi hesablanmış addımdır: müharibə şəraitində prezidentin gedişi "daxili qarşıdurma" yaratması baxımından sərfəli deyil və o, SEPAH-ın müdaxiləsini azaltmaq üçün "istefa kartı"nın işləyə biləcəyini düşünür. Lakin İran daxilindəki vəziyyət fonunda buna nail olmaq perspektivləri zəifdir.
- SEPAH-ın təsirini azaldacaq, hakimiyyət bölgüsünə idarə edəcək lider - güc görünmür;
- "Keşikçilər" müharibənin yaratdığı nəzarət imkanlarını genişləndirmək istəyir.
Mövcud şərtlərdə "daxili çatları" ört-basdır etmək üçün Pezeşkianı istefa məsələsini təxirə salmağa və səlahiyyətlərindən istifadədə reallıqla barışmağa məcbur edəcəklər, hərçənd, ziddiyyətlərin kəskinləşəcəyi, azərbaycanlı prezidentin postunu vaxtından əvvəl tərk edəcəyi ehtimalı getdikcə artır. ABŞ-la atəşkəs və müharibə arasındakı qeyri-müəyyən vəziyyət də İranda daxili ziddiyyətləri - idarəetmə uğrundakı mübarizəni kəskinləşdirəcək. Mübarizənin qalibi SEPAH-dır, lakin o da aydın görünür ki, "keşikçilər"in tam nəzarət etdiyi İranın radikal xətti ön plana çıxacaq və bu, təkcə ölkənin yox, bütün regionun təhlükəsizliyinə risklər vəd edir.
Arifə Əliyeva, jurnalist:
- Uşaq pulu istəyən insanları lağa qoyanlar, təhqir edənlər bir şeyi başa düşmür: söhbət kiminsə cibinə pul qoymaqdan yox, ailələrin yükünü yüngülləşdirməkdən gedir.
Bu gün bazarda qiymətləri hamı görür. Uşaq saxlamağın xərcini valideynlər hər gün yaşayır. Üstəlik, söhbət imkan olmayan bir məsələdən getmir. Dövlət büdcəsinin həcmi, neft gəlirləri, valyuta ehtiyatları və son illərdə artan vergi daxilolmaları göstərir ki, ailələrə uşaq pulu verilməsi üçün iqtisadi imkan mövcuddur. Məsələ vəsaitin olub-olmamasında deyil, sosial prioritetlərin necə müəyyənləşdirilməsindədir.
Amma qəribəsi odur ki, ən çox etiraz edənlər nə həmin xərcləri çəkir, nə də həmin ailələrə bir dəstək verir. Sadəcə başqasının haqq tələb etməsindən narahat olurlar.
Həm "doğum azalır", "gənclər ailə qurmur" deyə narahat olmaq, həm də ailələrə dəstək mexanizmlərinə qarşı çıxmaq ikiüzlülükdür. Güclü dövlət istəyiriksə, əvvəlcə ailəni və uşağı düşünməliyik.
Uşaq pulu dilənçilik deyil, sosial siyasətin normal və zəruri elementidir. Buna qarşı çıxanlar isə problemi həll etmək əvəzinə, problemi yaşayan insanları hədəfə alırlar.
Fərid Pərdəşünas, texnobloger:
- Bizim üçün möhtəşəm keçən bir Çempionlar Liqası mövsümü PSJ - "Arsenal", mənə görə, olduqca maraqsız bir finalla yekunlaşdı. Məncə, mövsümün final oyunları "Bavariya" - "Real", PSJ - "Bavariya" oyunları idi.
Bu mövsümün ən yadda qalan anı, məncə, bir neçə ay əvvəl "Qarabağ" ın PSJ ilə düşmə ehtimalını müzakirə etməyimiz idi. Bəzi azarkeşlər "Nyukasl" yox, PSJ gəlsin istəyirdilər.
Ümumiyyətlə, "Qarabağ" bu il tarixi bir mövsüm yaşadı. Düşünürəm ki, illərlə bu uğuru heç "Qarabağ" özü də təkrarlaya bilməyəcək.
Tural Dadaşovun sözləri ilə desək, bu, həqiqətən də "Qarabağ"ın qəhrəmanlıq dastanı idi, Koxalskinin Çempionlar Liqasında ən çox seyv edən qapıçılardan biri olması, Bəhlul Mustafazadənin son saniyə qolu ilə pley-off-a vəsiqəni gətirməsi, Neapolda Kevin Medianın o ağır zərbədən sonra ayağa qalxıb israrla oyuna davam etməsi, Elvin Cəfərquliyevin "Kopenhagen"lə oyunun ən yaxşısı seçilməsi, "Ayntraxt"la görüşdə həftənin komandasına düşməsi,
Yankoviçin daşdan keçən ötürmələri, Kamilo Duranın 5 qol, 2 assistlə "Qarabağ"ın qıratına çevrilməsi, görünməyən qəhrəman Bikalyonun "Benfika" ilə oyununda MVP olması, öz mövqeyində qayış kimi olan Matios Silvanın 1 qol və 1 assisti bu qəhrəmanlıq dastanının adlarına çevrildi.
Dastanın müəllifi isə Qar suyunu qaymağa çevirən, sehrbaz Qurban Qurbanov oldu.
İndi isə qarşıdan Dünya çempionatı kimi azarkeşlərin bayramı gəlir.



