
Aslan İsmayılov, hüquqşünas:
- 15 iyun 2026-cı ildə Rusiyanın İnquşetiya Respublikasının Karabulak şəhərində dostunu xilas etmək üçün çaya atılan səkkiz yaşlı Xızır Derbiçevin cansız bədəni 8 gün axtarışdan sonra tapıldı.
Bu kiçik oğlan boğulan dostunu xilas etmək üçün Sunja çayına tullanıb. Ətrafdakı uşaqlar ona böyükləri köməyə çağırmağı təklif etsələr də, Xızırın "Biz kişiyik, özümüz xilas edərik" dediyi bildirilir.
Bütün dünyada insanlıq, cəsarət, kişilik anlayışlarının itdiyi bir zamanda bu 8 yaşlı bala tək bu müqəddəs anlayışları gündəmə gətirmədi, həm də Rusiyanın uzun illər bir-birilərinə düşmən etdiyi Qafqaz xalqlarını doğmalaşdırdı, köhnə adət-ənənələrinə qaytardı. Bu səkkiz gün ərzində Qafqaz xalqlarının 10 minlərlə nümayəndələri soyuq Sunja suyunda Xızırın axtarışını apardı. Bu kədərli günlər heç bir dövlətin, siyasətçinin görə bilmədiyi işi gördü, həm də insanlara insanlığın nə olduğunu anlatdı.
Son zamanlar tez-tez dahi Bəxtiyar Vahabzadənin "Qorxuram dünyada bir zaman gələ, İnsanlar yaşaya, insanlıq ölə!" misraları yadıma düşürdü və insanlığın ölməyə yaxınlaşdığını düşünürdüm. Bu gün artıq o qədər də bədbin deyiləm.
Nigar Sabirqızı, jurnalist:
- Sosial şəbəkələr insanların səviyyəsini üzə çıxarır. Bəzi insanlar bura kiminsə paylaşımının altında mənasız, təxribatçı şərhlər yazmaq üçün abunə olur. Bəziləri isə öz tərbiyəsizliyini və əxlaqsızlığını nümayiş etdirmək üçün. Tənqid etmək, etiraz etmək, fərqli fikir bildirmək normaldır. Hətta sağlam cəmiyyətin əsas şərtlərindən biridir. Amma arqument əvəzinə təhqirə, müzakirə əvəzinə aqressiyaya üstünlük verən insanlar əslində heç nəyi müdafiə etmirlər. Onlar sadəcə öz içindəki çirki və aqressiyanı başqalarına bulaşdırmağa çalışırlar. Bunlar üçün həyat yalnız şəxsi rahatlıqdan, yeməkdən və yatmaqdan ibarətdir. Ölkənin taleyi, regionda baş verən hadisələr, milli maraqlar onlar üçün əhəmiyyət daşımır. Bu səbəbdən də həmin mövzularda danışan hər kəsə hücum etməyi özlərinə məşğuliyyət seçirlər. Azərbaycandan çox İranı və ya Rusiyanı müdafiə edənlər həyatda heç nəyə nail ola bilməyən bədbəxt insanlardır. Allah da onları belə cəzalandırıb. Səviyyə təsadüf deyil. Sosial şəbəkələr bu fərqi hər gün daha aydın göstərir.
Elməddin Muradlı, nəqliyyat eksperti:
- Dəmir yollarında bileti topa alıb sonra baha satmaq olar?
Son vaxtlar turizm şirkətləri tərəfindən Gürcüstana turpaketlər daxilində Bakı-Tbilisi qatarlarına biletlərin də təklif edildiyini yazanlar var. Bu, ilk baxışda normal görünə bilər: turpaket adətən nəqliyyat, otel, transfer, sığorta, bələdçi xidməti və digər komponentlərdən ibarət olur. Qatar bileti də həmin komponentlərdən biri ola bilər. Amma burada əsas məsələ budur ki, mövcud qaydaların məntiqi fərdi sərnişin identifikasiyası üzərində qurulub. Yəni bilet konkret sərnişinin adına rəsmiləşdirilir, sərnişin qatara minərkən elektron bilet və şəxsiyyət sənədi əsasında yoxlanılır. Bir qatar reysinə bir nəfər öz adına cəmi bir bilet ala bilər, ikincisi mümkün deyil. Təbii ki, bir nəfər ailə üzvünə, dost-tanışına, qohumlarına da bilet ala bilər, amma cəmi 8 biletdən çox olmamaqla. Bu da şəffaf sistemdir.
Burada bir məqam da var. Əgər şirkət real sərnişinlərin məlumatları əsasında, qaydalara uyğun şəkildə bilet alır və bunu turpaketin tərkib hissəsi kimi göstərirsə, bu, turizm praktikasına uyğundur. Problem o zaman yaranır ki, şirkət əvvəlcədən böyük sayda bileti bloklamağa, sonra isə onları paket adı ilə daha baha satmağa çalışır. Bu halda söhbət turizm xidmətindən yox, qeyri-şəffaf bilet vasitəçiliyindən gedə bilər.
Xarici ölkələrin təcrübəsi göstərir ki, dəmir yolları turizm şirkətləri ilə əməkdaşlıq edir. Bir çox ölkələrdə bu əməkdaşlıq rəsmi kanallar üzərindən qurulur. Dəmir yolları beynəlxalq tur operatorlarına məhsullarını satmaq imkanı verir və qrup səfərləri üçün ayrıca müraciət mexanizmi tətbiq edir.
Digər model broker və ya distribütor xidmətləridir. Söhbət dəmir yolu operatoru ilə turizm şirkətləri, aviaşirkətlər, onlayn agentliklər və qlobal rezervasiya sistemləri arasında texnoloji körpü quran rəsmi distribütordan gedir. Yəni beynəlxalq təcrübədə bu sahədə də broker xidmətlərindən yararlanırlar.
Yəni bu praktikanı Bakı-Tbilisi-Bakı marşrutu üzrə tətbiq etmək olar. Lakin hazırda ADY hər hansı turizm şirkəti ilə bu marşruta bilet satışı ilə bağlı əməkdaşlıq etmir. Əslində, indiki mərhələdə bu da başadüşüləndir. Çünki kifayət qədər yüksək tələbat var, biletlər sürətlə satılır. Lakin gələcəkdə dediyim praktikanın tətbiqi də normal və məqbul haldır.
Etibar Əliyev, fəlsələ üzrə fəlsəfə doktoru:
- Yazıçı, millət vəkili Aqil Abbasın bir zaman elədiyi çıxış sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Aqil müəllim deyir ki, tələbə-inşaat dəstələri yaradılsın və tələbələr yay aylarında Qarabağda gedən tikinti işlərində könüllü işləsin. Başa düşmürəm, burada pis nə var ki, adamlar buna görə millət vəkilinin üstünə sərt və ədəbsiz şəkildə hücuma keçirlər.
Bizim tələbə olduğumuz dövrlərdə (ötən əsrin 80-ci illərinin əvvəli) tələbə-inşaat dəstəsi geniş vüsət almışdı. Şəxsən bizim nəsildən olan tələbələr Arxangelskdə və Tümendə (Surqutda) tələbə-inşaat dəstəsində iştirak edib. Bu hərəkat əslində tələbələri əməyə alışdırmağa və sosiallaşmağa yönəli tədbirlər kimi nəzərdə tutulurdu. 40 ildən çox vaxt ötməsinə baxmayaraq, hələ də görüşəndə həmin illəri xatırlayırıq. Bundan başqa, Universitetin sonuncu kursunda bizi 40 günlük hərbi toplanışa aparırdılar. Fizika və mexanika - riyaziyyat fakültəsinin tələbələri Gümrüdə (Leninakan) xidmət edirdi. Tələbə dostlarımız indi də həmin maraqlı günləri parlaq nostalji hissləri ilə xatırlayırlar. Daha mühüm bir məqam. Tələbəlik illərində yataqxana həyatından xeyli xatirələrimiz var. Yataqxanaların kitabxanalarının işıqları səhərə qədər yanardı. Hər mərtəbənin yemək bişirmək üçün güşəsi var idi. Kimin nə bişirdiyini hamı bilirdi. Dönərxanalar yox idi və dürmək yemirdik... Tələbələr üçün "Kvant" kafesi 1000-lərlə tələbəni yeməklə təmin edirdi. Bu da başqa bir xatirədir.
Mən Aqil müəllimin tələbə-inşaat dəstəsi yaradılması ideyasını dəstəkləyirəm. Tələbələr iki ay yay tətilini harada və necə keçirirlər? Onların yay tətili xatirələri necə formalaşır? Tələbəlik gəncliyin elə mərhələsidir ki, hər gün maraqlı və yaddaqalan olmalıdır. Kollektiv əmək çox faydalı yaşantıdır. Tələbələr doğma Qarabağımızda tələbə-inşaat dəstələrinə cəlb olunsalar, onlar da tikinti və abadlıq işlərinə töhfələr vermiş olarlar. Şübhəsiz ki, bunun gənclərin yaddaşında (və təhtəlşüurunda) ayrıca bir yer tutması fərqli günlər keçirdikləri kimi silinməz izlər buraxacaq.
Arifə Əliyeva, jurnalist:
- "Barometr TV" Abşeron Rayon Mərkəzi Xəstəxanasından reportaj hazırlayıb və məncə, oradakı vəziyyəti bacardığı qədər göstərib.
Mən Abşeronda yaşayıram. Həmin xəstəxanada qəbul almaq üçün bəzən mətbuat xidmətinə müraciət etməli, növbə üçün xahiş etməli oluruq. Yaxşı, tutaq ki, mənim problemimi bu yolla həll etdiniz. Bəs həmin həkimə ehtiyacı olan yüzlərlə digər vətəndaşın hüquqları necə qorunacaq? Bu, artıq sadəcə təşkilati problem deyil, açıq şəkildə fəaliyyətsizlikdir.
Kamal Yaşar, rejissor:
- Kitabdan, kitabxanalardan söz açılmışkən, bizim nazirliyin o vaxtkı fəaliyyəti ilə, birbaşa Əbülfəz Qarayevlə bağlı ictimaiyyətdə heç zaman danışmadığım bir xatirəmi bölüşmək istəyirəm. Vəzifədə uzun illərdir ki, yoxdur və şəxsən heç bir tanışlığım da olmayıb. Uzun rəhbərlik dönəmi ilə bağlı xüsusi bir fikir bildirmək niyyətində olmasam da, ümumilikdə təbii ki, sahədə ciddi boşluqların da olduğunu mədəniyyət, xüsusən kino sahəsində çalışanlar bilirdi. Amma indi deyəcəyim tamamilə başqa bir məsələdir. O illərdə mən heç bir dəstək olmadan (layihənin dinləyici diqqəti və sosial yükünə görə sonralar uzun müddət baş sponsor kimi "Nar" qoşuldu) milli radioefir məkanında ("Radio Antenn") ilk dəfə audiokitab ("Canlı kitab") layihəsi yaratmışdım. Sponsor olmadığı zamana qədər də pulsuz, könüllü çalışmışdım mənə dəyərli olan bu niyyət üçün. Aylar sonra layihə artıq populyarlıq dövrünü yaşadığı günlərdə bir dəfə efirdən sonra nazirlikdə indi də hazırkı komandada çalışan yoldaşlardan biri mənimlə əlaqə yaratdı. Dedi ki, cənab nazir avtomobildə olarkən təsadüfən radioda sizi dinləyib, layihəni çox bəyənib, davamlı dinləyir və bizə göstəriş verdi ki, dərhal əlaqə yaradıb layihəyə dəstəyimizi təklif edin. Beləcə, biz heç nə demədən özləri layihəyə tərəfdaş kimi daxil olub radioya hər ay ciddi bir məbləğ köçürməyə başladılar (O zamanlar artıq radio rəhbərliyi ilə müəyyən anlaşılmazlıqlar səbəbindən mən yaratdığım layihəni sadəcə qoyub çıxmalı oldum və prosesi başqa şəxs davam etdirdi, bu, danışmağı uyğun görmədiyim bir mövzudur). Mənə çox qəribə olmaqla bərabər, həm də olduqca xoş gəlmişdi qurumun bu həssas davranışı. Çünki heç bir rəsmi, yaxud qeyri-rəsmi müraciət olunmadan öz təşəbbüsləri ilə bu işi görmüşdülər. Əlbəttə, əslində, belə də olmalıdır. Çünki mədəniyyət, ədəbiyyat hamımızındır; cəmiyyətin, ölkənin bəzəyidir, simasıdır. Amma etiraf edək ki, qurumların belə addımları bizim normalda alışdığımız situasiya deyil. Sonralar məhz kitab qiraəti ilə bağlı nazirliklə şəxsən mənim aramda rəsmi əməkdaşlıqlar da oldu. O zaman nazirliyin sifarişi əsasında Nəriman Nərimanovun demək olar ki, bütün külliyyatını səsləndirmişdim.
Bu gün hazırkı komandanın da kitab və kitabxanaçılıq işlərinə diqqəti təqdirəlayiqdir və ümid edək ki, davamlı, nəticəli olacaq. Nə qədər tənqidlər etsək də, bərabərində etiraf da etməli və dilə gətirməliyik ki, mexanizmlərdə ara-sıra səslənən müəyyən problemlərə rəğmən, kino sahəsi də yenidən hər vəchlə canlandırılmağa çalışılır. Nazirliyin tabeçiliyində olan ARKA il ərzində ardıcıl müsabiqələr, film layihələrinə dəstək proqramları həyata keçirir. Bütün bunlara gec qalsaq da, ölkə və sahə üçün nəticəsi yaxın illərdə mütləq görünməyə başlayacaq. Yaxşı işlər həmişə xatırlanacaq və hamılıqla görəcəyimiz daha yaxşı işlər isə hələ qarşıdadır. Qoy həmişə günəş olsun.



